İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiyanın casusluq və “soyuq savaş” poliqonu – Şərqi Avropa

1563 29.01.2022 15:48 Yazarlar A A

Rusiya kinematoqrafçılarının çəkdiyi “Səfirlik” adlı bir serial var, bu günümüzlə, gündəmlə səsləşən bir filmdir.

ABŞ və Avropa dövlətlərinin Rusiya ilə münasibətlərinin Ukrayna üstündə son dərəcə kəskinləşməsi fonunda bu bədii filmin mövzusu çox aktual və düşündürücüdür.

Öncə onu deyək ki, serial nə qədər siyasi-ideoloji təbliğat səciyyəsi daşısa da, dövlət himayədarlığı ilə ərsəyə gəlsə də, yüksək peşəkarlıqla çəkilib. Üstəlik, filmin yaradıcıları ekran əsərinə son illərdə detektiv janrlarda çəkilmiş filmlərə xas qeyri-real “qəhrəmanlıq”larla dolu epizodlar salmayıblar, ortaya həyati film qoyublar.

Yəni həm olduqca zəki, həm snayper, həm atlet, həm əlbəyaxa döyüş ustası, həm haker, həm poliqlot olan hünərvər biri çıxıb məkrli mafioz-imperialist-odioz qüvvələr birliyini təkbaşına dağıtmır.

Filmdə konflikt predmeti Rusiyanın və Şərqi Avropa dövlətlərindən birinin arasındakı qarşılıqlı münasibətlər, ABŞ və İngiltərənin bu münasibətlərə müdaxiləsidir.

11.JPG (24 KB)

Həmin ölkənin adı filmdə Kaledoniya kimi göstərilir, amma bildiyimiz kimi, Şərqi Avropada bu adda dövlət yoxdur. Kaledoniya İngiltərənin şimal hissəsinin tarixi adıdır, bir də Fransanın Avstraliya yaxınlığında “Yeni Kaledoniya” adlı adası olub.

Bəs hansı Şərqi Avropa ölkəsi nəzərdə tutulur? Filmin müəllifləri personajlara ad seçərkən elə ediblər ki, Kaledoniya adı altında Çexiyanın, Slovakiyanın, Monteneqronun, Sloveniyanın, Makedoniyanın, Bolqarıstanın və başqa Şərqi Avropa ölkələrinin nəzərdə tutulduğu qənaətinə gəlmək olar.

Məsələ ondadır ki, film bir çox Şərqi Avropa dövlətlərinin Rusiyaya münasibətini, Rusiyanın onlara yanaşmasını, ABŞ və Böyük Britaniyanın regiona təsirini gerçək şəkildə əks etdirir.

55.JPG (45 KB)

Əlbəttə, filmdə Rusiyanın obrazı ciddi şəkildə idealizə edilib, fotoşopdan keçirilib. Heç demə, bu dövlət sülhpərvərdir, qonşularla qarşılıqlı hörmət əsasında dinc, yanaşı yaşamaq tərəfdarıdır, Kaledoniyada (yəni Şərqi Avropa ölkələrində) casuslar şəbəkəsi, rəğbət qrupları saxlamır, sadəcə, parlamentdə bir neçə Moskvapərəst deputatı var, yerli hökumətə təzyiq göstərmir, sadəcə, istəyir ki, ölkə parlamenti “anti-Rusiya paketi” qəbul etməsin, NATO-nun Şərəq doğru irəliləməsinin qarşısısı alsın və s.

Bunun əksinə olaraq, ABŞ və Böyük Britaniya Kaledoniya hökumətinə müntəzəm təzyiq göstərir, ABŞ-ın rəsmi şəxsləri kefləri istəyəndə xəbərdarlıq etmədən Kaledoniyaya səfər edirlər, o yan-bu yan olan kimi prezidentə zəng edib tapşırıqlar verirlər, onları Rusiya əleyhinə addımlar atmağa, qərarlar qəbul etməyə zorlayırlar və s. Hətta Kaledoniyanın əks-kəşfiyyat şefi birbaşa ABŞ-a işləyir və onu o vəzifəyə Ağ Ev təyin etdirib.

Filmdə bir sıra həqiqətlər nə qədər təhrif olunsa da, baş verən hadisələrin, pərdə arxasında gedən proseslərin gerçəkləri nə dərəcədə göstərdiyini anlamaq mümkündür.

677.jpeg (54 KB)

Bəli, 33 il əvvəl Moskvanın satelliti olmaqdan canlarını “məxməri inqilab”lar yoluyla birtəhər qurtarmış Şərqi Avropa dövlətləri hələ də ABŞ və Rusiya arasında “soyuq müharibə”, gizli casusluq poliqonudur. Hər iki qüdrətli dövlət çalışır ki, bu regiondakı dövlətlər məhz onların saksafonunun və ya akkerdeonunun melodiyası ilə oynasınlar.

ABŞ öz qonşularını daima incidən, qaba, getdiyi hər yerə eybəcərlik və özbaşınalıq aparan Rusiyanın əl-ayağının özünə yığılmasını istəyir. Rusiya isə dilindəki yalançı “demokratiya və insan haqları” şüarıyla kiçik dövlətləri öz vassallarına çevirmək istəyən ABŞ-ın okeanın o tayından gəlib Avropanın şərqində onunla burun-buruna dayanmasını istəmir.

Beləcə, illərdir ki, Avropanın şərqində gizli Rusiya-ABŞ savaşı gedir. Gah bu, gah da digər ölkə “Səfirlik” filmindəki Kaledoniya olur.

443.jpg (47 KB)

Bu ölkələrin siyasi qüvvələri də çaş-baş durumdadırlar. Onlar gah Rusiyaya, gah da ABŞ-a meyllənirlər. Əslində onlara sərf edir ki, hər iki qüdrətli dövlətin siyasi-maddi dəstəyindən bəhrələnsinlər. Amma ABŞ və Rusiya onları seçim qarşısında qoyanda asanlıqla tərəf tuta, açıq mövqe sərgiləyə bilmirlər.

Ukrayna ətrafında baş verən münaqişəyə bir də bu prizmadan baxmaq lazımdır. ABŞ və NATO Rusiyanın burnunun dibinə qədər gəlib, təməlli bir şəkildə qədim rus torpaqlarına – tarixi Kiyev Rus dövlətinin ərazisinə yerləşmək əzmindədir. Rusiya isə buna “ölüm-qalım” məsələsi kimi baxır və tarixdə hər zaman olduğu kimi münaqişəni zor yoluyla həll etmək istəyir.

Arada qalan ukraynalılardır. Böyük dövlətlərin poliqona çevirdiyi Ukraynada hazırda daha çox ziyan görən onlardır, müharibə təqdirində isə daha böyük faciə ilə üzləşəcəklər.

“Səfirlik” filminin sonunda “həqiqət öz yerini alır”, ruslar qalib gəlir, Kaledoniyada Kremlə rəğbət bəsləyən siyasətçi hakimiyyətə gəlir – bax, bu, həm filmin təlqin etdiyi məğzdir, həm də regiondakı gerçəkliyin əksidir.

321.JPG (30 KB)

Amma filmin “mənfi qəhrəmanı”, əks-kəşfiyyatçı Şultsun dilindən çox acı gerçəklər səslənir. O, Rusiyanın imperiya ambisiyalarından əl çəkmədiyini, qonşuları üçün təhdid mənbəyi olduğunu, bu ölkənin bandit qayda-qanunları ilə idarə edildiyini deyir, bu qovğada uduzduğunu bildirir və şərəfli zabit olaraq özünü güllələyir.

İbrətamiz və maraqlı filmdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR