İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmən dəyirmanı yolunda vedrə ilə tutulanlar

1077 26.01.2022 09:50 Yazarlar A A

20 il əvvəl “xalq diplomatiyası” deyilən bir şey vardı. Bu, Ermənistanın və Azərbaycanın siyasiləri, ziyalıları, qeyri-hökumət təşkilatları arasında gediş-gəlişin, ünsiyyətin intensivləşdirilməsini nəzərdə tutan layihə idi.

Uzun illərdən sonra etiraf etmək lazımdır ki, ölkəmizdə bu layihənin reallaşdırılması prosesinə, demək olar ki, hamı qatılmışdı: iqtidar da, müxalifət də, ziyalılar da, cəmiyyətin digər təbəqələri də.

Ermənistana və Azərbaycana qarşılıqlı səfərlər həyata keçirilirdi, üçüncü ölkələrdə, əsasən Gürcüstanda görüşlər keçirilir, mənasız və uzun-uzadı müzakirələr aparılırdı, telekörpülər təşkil olunurdu, erməni jurnalistlər Bakıya gəlir, bizimkilər İrəvana gedirdilər.

O zaman bu yaxınlaşmaya yalnız şəhid ailələri, qaçqın-köçkünlər və müharibə iştirakçıları etiraz edirdi. Ancaq bu etirazlar passiv xarakter daşıyırdı, yalnız qəzet səhifələrində görünürdü.

Təkcə Qarabağ Azadlıq Təşkilatı, onun azsaylı fədakar üzvləri sözün həqiqi mənasında özlərini həlak edirdilər, ölkəyə gələn ermənilərə qarşı etiraz aksiyaları təşkil edir, hətta onları ölkəyə gəlməmələri üçün hədələyirdilər, Ermənistana gedənləri pisləyir, “düşmən dəyirmanına su tökən” adlandırırdılar.

Bu fəaliyyətinə görə QAT üzvləri tez-tez inzibati cəzalara məruz qalırdılar, mətbuatda və ictimai-siyasi dairələrdə istehza hədəfi edilirdilər.

İki düşmən ölkə arasında “istiləşmə”nin kimə sərfəli olduğu sirr deyildi və QAT sədri Akif Nağı və təşkilatın fəalları əsasən bunu vurğulayırdılar ki, bu, ermənilərin bizə etdiyi pislikləri unutmağımıza, ərazilərimizin işğalda qalması faktıyla barışmağımıza hesablanıb.

Layihənin arxasında qüdrətli Qərb dövlətlərinin və böyük kapitala malik fondların durduğu da sirr deyildi. Gediş-gəlişi, tədbirləri məhz onlar maliyyələşdirir, hər iki tərəfdən olan “sülh göyərçinləri”nə iri məbləğli maliyyə vəsaiti ənam edirdilər.

Çox qəribə idi ki, bütün məsələlərdə Qərb dövlətləri ilə ciddi fikir ayrılığına, hətta düşmənçilik münasibətlərinə malik olan Rusiya da işin içində idi, “xalq diplomatiyası” layihəsini açıq şəkildə dəstəkləyirdi.

Təxminən 5-6 il bu layihənin böyür-başında vurnuxmalar davam etdi, ancaq sonra müxalif siyasi qüvvələrin bir hissəsi bunun ölkəmizə faydalı olmadığı qənaətinə gəldi və “xalq diplomatiyası”na həvəs göstərmədi. Bir yerdən sonra mövcud iqtidarın da üzü çöndü, “xalq diplomatiyası”na dəstəyini kəsdi.

Ortalıqda bir qrup siyasətçi qrantyeyənlər dəstəsi, bir də bəzi QHT təşkilatları və onların fəalları qaldılar. Ancaq onlar zəif deyildilər, həm çox fəal idilər, həm də “demokratiya”, “insan haqları”, “azad seçkilər”, “korrupsiya ilə mübarizə” kimi cazibədar şüarlardan ibarət pərdələri, qalxanları vardı.

44 günlük müharibədən bir az əvvəl, müharibənin gedişində və müharibədən sonra artıq bütün kartlar açıldı.

Pul verən fondlar “sülh göyərçinləri”ndən öz ölkələrinin ümdə maraqlarına qarşı çıxmağı tələb etdilər. Bu, heç də xahiş-filan deyildi, adamlara “özünüz ürəyinizdən keçən kimi hərəkət edin” tövsiyəsi verməmişdilər, “Azərbaycanı haqsız tərəf elan edin, aqressiyadan əl çəksin” tapşırığı vermişdilər. İndi onlar “No War” şüarı ilə çıxış edərək, pasifist mövqe nümayiş etdirməliydilər.

Fəallar belə də etdilər, ancaq azlıqda qaldılar. 28 ildən sonra öz torpağını azad edən əsgərlərin şərəfinə səslənən kütləvi alqışların sədaları onların “hayqırtı”sını eşidilməz etdi.

Daha sonra “sülhpərvər fondlar” qalib hərbçilərin qaralanması, qələbənin gözdən salınması prosesinə start verdilər. Bunlar da uğurlu alınmadı. Nəhayət, uzun illərdən bəri deyilən “düşmən dəyirmanına su tökmək” idiomatikası tam doğruldu, əlindəki vedrə ilə ermənilərə su daşıyanlar, şlanq tutanlar ortaya çıxdılar. Onlar heç kəsdən çəkinmədən erməni mətbuatına çıxır, Azərbaycana, onun ordusuna qarşı hədyanlar səsləndirirdilər. Hətta “Qarabağ” futbol komandasını düşmən adlandıranlar da oldu.

Avropada yaşayan, 44 günlük müharibədə öz ölkəsinə dəstək verən ictimai-siyasi fəalların sıxışdırılması halları artdı. Onların barələrində bəzi dairələrə donos yazanlar tapıldı.

İndi situasiya xeyli dərəcədə şəffafdır: kimin vətənpərvər, kimin qrant xatirinə pasifist olduğu, kimin düşmənə işlədiyi, kimin yalançı “iqtidara qarşı barışmaz mübariz” olması ortadadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR