İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin eybəcər üzünün maskasını cıran faciə

629 20.01.2022 10:35 Yazarlar A A

Bu gün yenə 20 Yanvardır. İlləri saya-saya davam edirik. 32 ildir belədir. 20 Yanvar iztirabını yaşamayan insanların sayı artıq yaşayanlardan çoxdur.

Bu 32 ildə 20 Yanvar faciəsi ilə bağlı minlərlə yazı yazılıb, minlərlə açıqlama, şərh verilib, minlərlə yeni detallar ortaya çıxarılıb, amma yenə də bir çoxları əmindir ki, bu heç də həqiqətin hamısı deyil.

Əslində gerçəklik elə 1990-cı ilin 20 yanvar günündən əvvəl də çox adama aydın idi, ondan dərhal sonra da bu faciənin səbəbləri sirr deyildi.

Burada nə böyük güclərin mübhəm və mürəkkəb kombinasiyası vardı, nə də hansısa pərdə arxasında fəaliyyət göstərən naməlum qüvvələrin oyunu-filan.

Hər şey göz önündəydi: SSRİ rəhbərliyinin məkrli mövqeyi, Qarabağı Azərbaycandan qoparmağa çalışan separatçı ermənilərə tərəfgirlik etməsi xalqı hiddətləndirmiş, küçələrə çıxarmışdı.

Kreml və kompartiya nüfuzunu itirmişdi, dövrün ən güclü siyasi təşkilatı AXC ölkədə situasiyaya nəzarət etmək əzmindəydi.

Əbdürrəhman Vəzirovun rəhbərlik etdiyi yerli kommunistlər arxa-dayaqlı, təşkilatlanmış ermənilərin öhdəsindən gələ bilmirdi.

Bu qarışıq situasiyadan istifadə edərək ölkədə hakimiyyəti götürmək istəyən qüvvələr də vardı və onlar xalqı daha da qızışdırmaq yolu tutmuşdular.

Sov.İKP MK-nın Siyasi Bürosu Azərbaycanda baş verənləri ayrıca götürülmüş bir respublikada sovet hökumətinin süqutu kimi qiymətləndirirdilər.

Situasiya gündən-günə gərginləşirdi, siyasi kuluarlarda və meydanlarda ehtiraslar anbaan qızışırdı.

Belə bir vaxtda tərəflər üzbəüz gələn qatarların əyləcini çəkərək toqquşmadan yayına bilərdilər. Ancaq nə Kreml bu niyyətdə idi, nə yerli kommunistlər bu gücdəydi, nə də AXC-nin radikal qanadı yarıyolda dayanmaq fikrindəydi.

Birincilər 13-14 yanvarda Bakıda baş verən hadisələrin, erməni millətindən olan bir sıra şəxslərin təzyiqə-talana məruz qoyulmasının qisasını almaq istəyirdiilər.

Hərəkatçılar isə əbəs yerə sovet-rus qoşununun xalqa atəş açmayacağına əmin olaraq, Kremlin dizini yerə gətirəcəklərini düşünürdülər.

Vəzirovun ölkənin faktiki rəhbəri postundan götürülməsi üçün toqquşmaya ehtiyac duyanlar da vardı.

Gərginlik o həddə çatdı ki, 19 yanvar gecəsi hərəkətə gələn sovet qoşunları 20 yanvar gecəsini və səhərini qana boyadılar, dinc sakinləri qətlə yetirdilər.

Bu, hərbi cinayət idi. Qətlə yetirilənlər arasında heç bir ekstremist, terrorçu, hətta silahlı adam yoxdu. Mayası qanla yoğrulmuş, süngü və güllə ilə böyüdülmüş bolşevik dövləti növbəti dəfə dinc xalqı gülləbaran etmişdi.

Sonra efirə üfürülən yalan və iftiralar həmin cinayəti ört-basdır etmək səciyyəsi daşımağa başladı.

15 müttəfiq respublikadan ibarət sovet xalqı bu müdhiş cinayətdən təfərrüatı ilə xəbər tutmadı. Azərbaycan informasiya blokadasına alınmışdı.

SSRİ-də diplomatik korpuslar və geniş casuslar şəbəkəsi saxlayan supergüclər isə əslində Bakıda nə baş verdiyini bilsələr də, Kremlin aqressiyasını sükutla qarşılayır, hətta təqdir edirdilər.

Bunun bir neçə səbəbi vardı. Onlardan biri dünya liderlərinin Qorbaçova olan loyal yanaşmasıydısa, digəri Bakıda baş verənlərin millətçilik hərəkatı kimi səciyyələndirilməsi idi.

Bunu sonrakı illərdə beynəlxalq media qurumlarına müsahibə verən liderlərin açıqlamaları da sübut edir.

Faciədən cəmi 2 il sonra Bakıya səfər edən və burada olduqca xoş qarşılanan Marqaret Tetçer (İngiltərənin baş naziri) müsahibələrində ermənilərə münasibətin Bakı qırğınına göz yumulmasını şərtləndirdiyini bildirmişdi.

Bu gündən oturub baxanda keçmiş daha aydın görünür və artıq kələfin çözülməsi yollarını hamı bilir. Ancaq 1990-cı illərin bu günləri bunu etmək çox çətin idi. Qızışmış ehtiraslar ağıl-kamalla düşünməyə, doğru nəticələr çıxarmağa imkan vermirdi.

Ona görə də bu gün o faciədə qətl sifarişçi və icraçılarından savayı, hər hansı rolu olan digər şəxsləri söyüb-yamanlamaq əbəsdir.

Bu adamların xalqın azadlığı, Qarabağın qorunması üçün ayağa qalxması, sovet dövlətinə etiraz etməsi tam normal idi. Başqa cür olması mümkün deyildi. Həmin vaxt Kremlə münasibətdə mütilik etmək, erməninin qabağından qaçmaq və əzəli torpaqlarımızı ona güzəştə getmək daha böyük faciə demək olardı.

İndiki ağlımız olsa, əlbəttə, müəyyən manevrlər edərək faciədən qaçmaq, daha ağıllı yollar tutmaq olardı. Amma o vaxt bunu etmək mümkün deyildi.

Aradan keçən bu 32 ildə müxtəlif ölkələrdə baş verən bənzər hadisələr də sübut edir ki, dəyişən dövranlarda dağılan dövlətlərin süqut edən hakimiyyətləri bu cür faciələrdən heç cür yan keçə bilmir.

Allah şəhidlərə rəhmət eləsin, onların faciəsi sovet dövlətinin eybəcər üzünün qanlı maskasını cırdı, bizim də gözümüzü açdı: özümüzü də tanıdıq, düşmənimizi də, dünyanı da.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR