İnsanlara hürriyət, millətlərə istiqlal!

30 il əvvəl sevincdən bağıran cəlladların sonrakı çığırışması

3000 26.02.2022 15:12 Yazarlar A A

 

1992-ci ilin bu günü ermənilər bir bölük əsgərlə müdafiə olunan Xocalını işğal edərək, yüzlərlə dinc əhalini qətlə yetirərkən bu hadisəni böyük hərbi qələbəymiş kimi, vəhşi yamyam tayfaları tək sevinc bağırtıları ilə, vəhşi rəqslərlə qeyd etmişdilər.

O zaman o cəlladlara bu hərbi cinayəti törətməkdə yardımçı olan, şərait yaradan sovet-rus hərbçiləri hansı cinayətə qol qoyduqlarının fərqində olaraq, iz itirməyə çalışsalar da, gözlərini qan örtmüş, beyinlərini qisas hissi çulğamış ermənilər hələ eyforiyada idilər, sinələrinə döyürdülər.

Sonrakı illərdə o eyforiya yavaş-yavaş çəkildi, yerini məyusluq və gizli xəcalət hissi aldı. Ayrı-ayrı dövlətlərdə keçirilən beynəlxalq tədbirlərdə Xocalı faciəsini, soyqırım aktını əks etdirən şəkillər sərgiləndikcə, faciənin miqyasına və vəhşiliyinə aid təfərrüatlar açıqlandıqca, nə qədər həyasız da olsalar, ermənilər cavab verməkdə, özlərinə bəraət qazandırmaqda çətinlik çəkirdilər.

“Azərbaycanlılar Xocalıda qırğını özləri törədib ki, bizim üstümüzə atsınlar, bizi gözdən salsınlar” deyə təkrarladıqları yalançı tezis onların əlacsızlığının göstəricisi, suda boğulanın saman çöpünə əl atması kimi bir şey idi.

Azərbaycan tərəfi ildən-ilə güclənən templə bu hadisəni dünya birliyinə çatdırmaqla, ona hüququ qiymət tələb etməklə bölgəyə marağı və diqqəti olan hər kəsdə ermənilərin heç də “əzabkeş və məzlum xalq” olmadığı, əksinə, Hitlerin faşist cəlladları qədər amansız və qəddar olduqları təəssüratını yaradırdı.

Bununla belə, Avropada böyük və çoxşaxəli havadarlar şəbəkəsinə malik olan ermənilər hələ də 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırım aktına görə Haaqa tribunalında cavab verməyiblər. Boşnakları, xorvatları qırıb-çatan serb cəlladlarını Haaqada mühakimə edən Avropa ermənilərə gəldikdə qəribə bir inadkarlıqla onlara havadarlıq etməkdə davam edir.

Hər şey faktlarla, hər cür dəlil-sübutlarla ortadadır. Yüzlərlə şahid ifadələri var. Əməliyyatda iştirak edənlərin, əliyalın camaatı gülləboran edib öldürənlərin hamısı adbaad məlumdur. Fəqət bu işi icraata qəbul edərək ciddiyə alan, təqsirkarları Ermənistandan tələb edərək alan, müttəhimlər kürsüsündə oturdub cəzalarını kəsən yoxdur. Və olmayacaq. Belə görünür.

İndiyə qədər söz bu yerə gələndə məşhur bir qanadlı ifadə işlədirdilər: “Qalibləri mühakimə etmirlər”. Sanki dinc əhalini qətliama məruz qoymaq hərbi qələbəymiş.

44 günlük müharibədən, erməni silahlı birləşmələrin darmadağın olunmasından sonra Avropa bu dəfə məğlubların yanında yer aldı və qalib tərəfi mühakimə etmək üçün özünü oda-közə vurdu. Ancaq onlar nə illah elədilərsə, 44 günlük müharibədə ordumuz tərəfindən məhv edilən mülki insanlar tapa bilmədilər. Bombardmanda və ya üzbəüz atışmada həlak olan mülki ermənilərin əyinində hərbi mundir, əllərində silah olurdu. Bəziləri də topçulara mərmi daşıyarkən “Harop”un, “Bayraktar”ın zərbəsinə tuş gəlmişdilər.

Ermənilər beynəlxalq miqyasda “növbəti genosid”, “dəhşətli qətliam” deyərək, nə qədər hay-küy salsalar da, haray-həşir qoparsalar da, ortaya fakt çıxara bilmədilər. Əslində onlar yox yerdə “qətliam şousu” düzəltmək, bunu “Xocalı soyqırımı” ilə bərabərləşdirmək istəyirdilər, amma alınmadı.

44 günlük müharibə hərbi canilərin cəzalandırılması baxımından mühüm oldu. Robert Köçəryan, Serj Sarkisyan, Zori Balayan kimi qətl sifarişçiləri kənarda qalsa da, qətliamın icraçılarının bir xeylisi II Qarabağ müharibəsinin səngərlərində gəbərdildilər. Onların adları çoxdan məlum idi və həlak olmaları barədə xəbərlər “Daha bir Xocalı cəlladı məhv edildi” başlığı ilə yayılırdı.

Bu şəxslər yeni müharibəyə də eyforiya içində qatılmışdılar. Yenə də düşünürüdülər ki, əliyalın insanları çətinlik çəkmədən qıracaqlar, sonra qədim adamyeyən qəbilələrin döyüşçüləri kimi bağıra-bağıra rəqs edəcəklər. Fəqət onlar ölümlərindən 1-2 saniyə əvvəl dəhşətdən bağıra bildilər və yalnız cəsədlərinin ayrı-ayrı parçaları havada “rəqs elədi”.

44 günlük müharibədəki qələbəmiz, qisasın qiyamətə qalmaması 30 illik Xocalı faciəsinə görə yaşadığımız qubarı, qəhəri bir az yumşaltsa da, bu soyqırımın beynəlxalq səviyyədə mühakimə olunmaması ağrı-acı verir, təəssüf doğurur.

Görünür, biz hələ uzun illər “Xocalıya ədalət” tələb etməli olacağıq. Bu, bizim düşmənə nifrətimizi sönükməyə qoymayan məşəl olmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR