İnsanlara hürriyət, millətlərə istiqlal!

“Forrestol sindromu” – "Ruslar gəlir" deyə özünü pəncərədən atan sabiq nazir

2919 17.02.2022 09:00 Yazarlar A A

ABŞ və Qərbi Avropa ölkələri liderlərinin Rusiya və Ukrayna arasındakı hərbi-siyasi gərginliyə dair ard-arda verdikləri açıqlamalar, bu açıqlamalardakı haray-həşir adamın yadına tarixi bir personajı salır.

Bu, 1947-49-cu illərdə ABŞ-ın müdafiə naziri olmuş Ceyms Forrestoldur. Onun haqqında qısa məumat verməzdən öncə ABŞ və Avropa liderlərinin son və müvafiq açıqlamalarının məzmununa diqqət edək.

İstər ABŞ prezidenti Cozef Bayden, istərsə də ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri (dövlət katibi) Toni Blinken artıq 10 gündən çoxdur ki, hər gün deyirlər: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qaçılmazdır”; “Rusiya bu həftə Ukrayanaya qoşun yeridəcək”; “Rusiyanın Ukraynaya hücuma keçməsi üçün bütün şərtlər mövcuddur” və sair və ilaxır.

212.jpg (23 KB)

Avropanın digər güclü ölkələrinin liderləri də eyni sözü olduğu kimi təkrar edirlər. Hətta onlar region ölkələrində, xüsusilə də Ukraynada dağıdıcı təlaş-təşviş doğuracaq bu kimi fikirləri təkrarlamaqla qalmır, təhlükənin nə dərəcədə ciddi olduğunu təsdiq edəcək əməli addımlar da atırlar: öz vətəndaşlarına Ukraynanı təcili tərk etməyi məsləhət görürlər, nümayəndəliklərini başqa şəhərə köçürür və ya təxliyə edirlər, Ukraynaya səfərlərdən vaz keçirlər və s.

Məhz buna görə Ceyms Forrestolu xatırlamaq lazım gəlir. O da zamanında “rus təhlükəsi” amilini həddindən artıq qabardır, təlaşlanırdı.

55.jpg (24 KB)

1892-ci ildə doğulmuş Ceyms Vinsent Forrestol peşəkar hərbi dənizçi olub. Forrestol işini o qədər ürəkdən sevib ki, hətta ailəsini də ikinci planda saxlayıb. Məhz bu işgüzarlığı və vətənsevərliyinə görə o, əvvəlcə ABŞ-ın hərbi-dəniz naziri, sonra isə ölkəsinin ilk müdafiə naziri postuna təyin edilib. Ancaq “rus təhlükəsi”ni həddən artıq şişirdən Forrestolun psixikasında problemlər əmələ gəlib və o, 1949-cu ilin martında səhhəti ilə bağlı istefaya göndərilib. 5 gündən sonra onu milli hərbi-tibbi mərkəzə yerləşdiriblər. Rəsmən elan olunub ki, sabiq nazirin əsəbləri yıpranıb. Onu müalicə edən həkimlər Forrestola “depressiya” diaqnozu qoyublar. Tutması tutanda sabiq nazir dayanmadan təkrar edirmiş: “Ruslar gəlir, ruslar gəlir. Onlar hər yerdədir. Mən rus əsgərlərini gördüm”. Bundan sonra onda paranoyyanın inkişaf etdiyi qənaətinə gəliblər.

1949-cu ilin mayında isə Forrestol özünü 16 mərtəbəli binadan ataraq intihar edib. Sonradan sabiq nazirin ölümünə dair versiyalar çoxalıb, həmişə olduğu kimi, sui-qəsd nəzəriyyələri yer alıb, ancaq adamın hələ sağlığında “rus təhlükəsi” üzündən psixikasının pozulduğu təkzibedilməz faktdır.

Hazırda Qərb liderlərinin sözləşibmişlər kimi “rus təhlükəsi”ndən bəhs etdiklərini görürük. Düzdür, onların ağlına şübhə edən yoxdur, amma reallıq hissini itirmələri barədə şübhəyə düşməyə əsas var.

77.jpg (70 KB)

Ona da söz yox ki, II dünya müharibəsindən sonra bütün dünyada “rus təhlükəsi”, “KaQeBe xofu” çox şiddətlənib. Gerçəkdən də rus əsgərləri, hərbi təlimçiləri, eləcə də sovet kəşfiyyatçıları Vyetnamdan tutmuş Kubaya, Çilidən Nikaraquaya qədər dünyanın hər yerində görünüblər, amma bu da faktdır ki, onlar heç də qarşısıalınmaz kiborq deyillər. Axırda əfqanlar həmin rusları Əfqanıstandan qovmadımı?

Bir rus atalar sözündə deyildiyi kimi, şeytan qorxulduğu qədər də qorxunc deyil.

“Rus təhlükəsi”ni şişirdən liderlər fərqinə varmırlar ki, bununla həm özlərini zəif göstərirlər, həm də Avropa xalqlarını, konkret olaraq Ukrayna xalqını vahiməyə salır, onların özlərini kimsəsiz hiss etmələrinə səbəb olurlar. Nəticədə büütöv bir xalq amansız taleyə, pis aqibətə düçar olduğunu zənn edir.

45.jpg (3.24 MB)

Putin isə onların bu durumunu müşahidə edir və ələ salıb gülür. Bu günlərdə onun Kremlin mətbuat katibi Dmitri Peskovla etdiyi zarafat haqda xəbər bütün dünyaya yayılıb. Putin deyirmiş: “Dima, mətbuat nə yazır, Ukraynaya nə vaxt giririk?”.

Bu, onu göstərir ki, situasiyaya nəzarət rus liderindədir, qərblilər panikaya düşərək, özlərini kənar müşahidəçi rolunu endiriblər.

Əslində sonrakı illərdə Forrestolun “rus təhlükəsi”nə dair qorxuları tamaməm doğrulub, SSRİ atom silahı əldə edib və dünyanın hərbi baxımdan iki supergücündən birinə çevrilib, amma bu, o demək deyil ki, bu təhlükənin qarşısında ağılı itirib intihar etmək qaçılmaz idi.

P.S. Əgər bu yazı dərc olunduğu vaxt Rusiya Ukraynaya hücum edəcəksə, yenə liderlər böyük təlaşa qapılmalı deyillər, soyuq başla aqressoru cilovlamağın yolunu tapmalıdırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR