İnsanlara hürriyət, millətlərə istiqlal!

Qulbeçənin qonşu üçün yeni imperiya düzəltmək niyyəti

1174 10.02.2022 10:00 Yazarlar A A

Belarus prezidenti Aleksandr Lukaşenkonun postsovet məkanındakı suveren dövlətlərin barəsində dediyi sözlər, gözlənildiyi kimi, səs-küylü oldu.

Lukaşenkonun yanvarda Qazaxıstanda baş verən iğtişaşların bu ölkəyə dərs olduğunu deməsi, Ukrayna və Ermənistanı aşağılaması, Azərbaycanı fərqləndirsə də, yeni rus ittifaqında görməsi, Orta Asiya respublikalarının əvvəl-axır bu birliyə qoşulacağını bildirməsi sıradan, adi söhbət deyil.

Bu, imperiya təfəkkürünün tam özü, metropoliyanın öz keçmiş müstəmləkələrindən heç cür əl çəkmədiyinin göstəricisidir.

Düzdür, Belarus Rusiyadan ayrı dövlətdir, amma o da slavyan-rus dövlətidir, üstəlik, bu dövlətin 27 illik əvəzedilməz başçısı Lukaşenko özünü Moskvanın qulbeçəsi kimi aparır, Kremldə oturanların sözçüsü kimi çıxış edir.

Başqa sözlə, Lukaşenkonun dedikləri Kremldə oturanların diplomatik şəkildə region ölkələrinə və dünyaya verdikləri mesajların loru, birbaşa, açıq ifadəsidir.

Təsəvvür edin, dağılmış SSRİ tərkibində olan 15 respublika artıq 30 ildir ki, müstəqil dövlətdirlər, amma yenə də 15 respublikanın ikisi (Rusiya və Belarus) onların çoxunu yenidən vahid çətir altına yığmaq istəyir.

Burada istisna yalnız Baltikyanı ölkələrdir. Rusiya da, Belarus da anlayır ki, Litva, Latviya və Estoniyanın yenidən Rusiyanın müstəmləkəsi olması üçün mütləq III dünya müharibəsi olmalıdır və Rusiya bu müharibədə tam və qəti qələbə qazanmalıdır ki, yenidən o 3 respublikaya sahiblənə bilsin.

Türkiyə faktoruna görə Azərbaycan da təxminən Baltikyanı ölkələrin mərtəbəsindədir. Amma Kremldə və Minskdə hesab edirlər ki, yerdə qalan ölkələri “yeni ittifaq”a qoşmaq üçün yanvarda Qazaxıstanda baş verən hadisələrə oxşar nələrsə təşkil etmək, müstəqillikdən dəm vuran ölkələri “yüngülcə şillələmək” kifayətdir ki, onlar hara qoşulmalı olduqlarını başa düşsünlər.

Təbii ki, bu layihə də qansız-qadasız, müqavimətsiz ötüşməz, amma daha buna mane olmaqdan ötrü heç bir superdövlət dünya müharibəsi salıb, Rusiya ilə cəngə çıxmaz - düşüncə belədir.

Bu dövlətlərdə isə yaşı 30 və daha aşağı olan milyonlarla insan SSRİ-nin, Moskvadan asılılığın nə demək olduğunu yalnız kitablardan oxuyublar, köhnə filmlərdə görüblər.

Bu üzdən əhalisinin yarıdan çoxunun gözünü müstəqil dövlətdə açdığı ölkəni birdən-birə müstəmləkə etmək olduqca çətindir. Bu, psixoloji baxımdan heç cür həzm oluna bilməz.

Bir Rusiya deyil, 20-ci əsrdə öz müstəmləkələrini ard-arda itirən o biri imperiyalar da yeni milli dövlətlərin yaranması faktıyla asan barışmayıblar. Fransa Afrikanın şimalındakı müstəmləklərini əlində saxlamaq üçün yüz minlərlə insan öldürüb, hətta sonda çıxmağa məcbur qaldığı ölkədən yenə tam çıxmayıb, hələ daha 5-6 il hərbi baza saxlamaqda davam edib.

İngiltərə Hindistan və Pakistana müstəqillik verməmək üçün uzun illər nə fırıldaqlara, zülmlərə əl atıb, ayrı-ayrı şəhərlərdə qətliamlar törədib, o minlərlə adamı həbsə alıb.

Osmanlı imperiyası da dağılmamaq üçün nə qədər çalışıb, fəqət bu imperiyanın çökməsində maraqlı olan digər imperiyalar silah və pul yardımı göstərərək, müstəqil olmaq istəyənləri özlərindən asılı vəziyyətə salıblar.

Osmanlının dağılmasından 90 il sonra müasir Türkiyənin ərəb ölkələri yaxınlaşması, xatirinizdədirmi, dünyada necə reaksiya doğurdu? ABŞ və İngiltərə mediası dərhal Türkiyəni “Neo-osmanizm” ambisiyalarında suçladı. Daha sonra ərəb dünyasının aparıcı ölkələrinə altdan-altdan necə fitva verdilərsə, bu dövlətlərin rəhbərləri Türkiyəyə dirsək göstərdilər. Nəticədə ərəblərin ümdə mənafelərini qorumaq üçün İsraillə, bəzi Avropa ölkələri ilə düşmən olmuş Türkiyənin regionda həlledici sözə malik olmasının qarşısını aldılar.

Bu saat dünyanın ən böyük imperiyalarından biri Çindir. Bu dövlət özünün Daxili Monqolustan əyalətində yaşayan 30 milyon monqola və Sincan-Uyğur muxtar əyalətində yaşayan uyğurlara müstəqillik verməmək üçün milyonlarla adam öldürməyə hazırdır. Bu xalqlar o vaxt müstəqil ola bilərlər ki, rəsmi Pekin böyük insan resursları itkisinə məruz qalsın və artıq bu xalqları əsarətdə saxlamağın mümkün olmadığını, baha başa gəldiyini görsün.

Dünyada yadelli əsarətinə müqavimət göstərməyən, yüngülvari hədə və ya təzyiqlə dərhal başqa bir dövlətin təbəəsi olmağa razılaşan məzlum xalqlar qaldıqca neoimperiya ambisiyaları səngiməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR