İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Ekibastuza göndərilən xadimin xələfi

858 12.02.2022 10:55 Yazarlar A A

Ramiz Mehdiyevin barəsində indi yazılan yazıları 20-22 il öncə yazanlar vardı.

O zaman o, faktiki olaraq dövlətin ikinci şəxsi idi.

Dövlət iyerarxiyasına görə prezident, parlament sədri və baş nazirdən sonra 4-cü pillədə dursa da, Mehdiyev nüfuzuna, gücünə görə şəkk-şübhəsiz ikinci idi.

Məhz Mehdiyev dövlətin idarə edilməsində ciddi rol oynayırdı, kadr məsələlərinə şəxsən baxırdı, kimlərin böyük vəzifələrə təyin ediləcəyini, kimlərin deputat seçiləcəyini o, həll edirdi. Özündən yuxarıya məruzə edə-edə, özündən aşağıdakıları iradəsinə tam ram edərək işləyirdi.

Buna baxmayaraq, o vaxt onu da tənqid etmək cəsarəti göstərənlər vardı.

Müxalifət liderləri və funksionerləri, onlara yaxın qəzetçilər vaxtaşırı Ənvəroviçin adını hallandırırdılar, amma öz komandası daxilində də onun dalınca danışanlar vardı. Məhz dalınca, qarasınca... üzünə tənqid deyən yox idi.

Məsələn, deyirdilər ki, adam məkr və hiylə dağarcığıdır, həddən artıq kinlidir, əleyhinə bir söz demiş olanları bağışlamır, əvvəl-axır torbasını tikir, vəzifədən aldırır, mandatdan məhrum etdirir, içəri saldırır.

Sonra danışırdılar ki, onun adından mətbuatda çıxan böyük, konseptual yazıların heç birini özü yazmır, başqalarına yazdırır. Kitablar da eləcə.

Konkret olaraq, bu yazını oxuyanların 99 faizinin tanıdığı bir qələm adamı and içirdi ki, Mehdiyev üçün N qədər yazı yazıb və səxavətli şəkildə də mükafatlandırılıb.

Bütün bunları hələ onun 60-65 yaşı olanda deyirdilər, yazırdılar. Amma o vaxt bu, nə ajiotaj doğururdu, nə də ciddiyə alınırdı. Bu kimi yazılar, söz-söhbətlər müəllimin bədxahlarına xoş gəlsə də, açıb-ağardan yox idi. Təhlükəliydi.

İndi asandır. Artıq Ramiz Mehdiyevi tənqid etmək, ünvanına ağır sözlər işlətmək, hətta adına təhqiramiz epitetlər yapışdırmaq cəsarət tələb etmir. İndi daha cəsarətli iş onun müdafiəsinə qalxmaq ola bilər.

Qədim sarayların “gözdən çıxarılmışların kəlləsi mütləq gedir” ənənəsi hələ də qüvvədədir. Düzdür, indi sultan və şah saraylarının baş vəzirlərini vəzifədən götürən kimi edam etmirlər, amma gözdən və böyük vəzifədən düşmüş adamlardan hamının üz döndərməsi qaziyəsi olduğu kimi qalır.

Bu baxımdan baş verən hadisələr çox adamda təəccüb doğurmur, yalnız təəssüf doğurur, o da çox az adamda, əsasən də Mehdiyevin özündə.

İndi onu köhnə vəzifəsinə çox yox, bir həftəliyə bərpa etsələr, o bilər, kimlərin başına nə oyun açır, kimlərin qələmini necə qırır...

Heç kəs deməsin ki, insan sərrafıdır, Mehdiyevin yerində özü olsa, ideal kadr siyasəti aparardı, yüksək vəzifələrə elə adamları təyin edərdi ki, onlar ona xəyanət etməzdilər, sədaqətli olardılar.

Bu, mümkün deyil. Himayədara xəyanət, “vurulmuş”dan üz döndərmək Şərq siyasətinin fitrətində var. Həmişə belə olub, hələ yüz illər də belə olacaq.

Sadəcə, hakimiyyətdə olarkən mərdiməzarlıq etməmək, bacardıqca yaxşılıqlar etmək, xalqa dürüstcə xidmət göstərmək mümkündür və bunların qiyməti sonradan (bəzən çox sonradan) verilir.

Yəqin ki, Ramiz Mehdiyev də uzun illər böyük vəzifədə olarkən yaxşılıq etdiyi adamların içində ona sona qədər sədaqətli qalanlar tapılacaq. Ancaq o, etdiyi pisliklərin də cavabını almalı olacaq.

Uzun illər öncə mərhum yazıçı Həsən Mehdiyev (o, 18 il boyunca populyar “Elm və Həyat” jurnalının baş redaktoru olmuşdu) danışırdı ki, həmkarı və qonşusu Bayram Bayramov rəhmətə gedəndə küsülü olmaqlarına baxmayaraq, o, mərhumun təziyə məclislərində iştirak edib. Dövrün konyukturası eləymiş ki, mərhum yazıçının ya məclislərində çox az adam olurmuş və kimlərin iştirak etdiyi barədə birbaşa Ramiz Mehdiyevə məruzə edilirmiş.

Həsən müəllim deyirdi ki, Mehdiyev onun yas məclislərində iştirak etdiyini biləndən sonra adının üstündən qara xətt çəkilib, daha heç bir tədbirə-filana dəvət olunmayıb, heç bir təltifə layiq görülməyib. Bir çox yazıçılar məhz onun qorxusundan yasa gəlmirmişlər.

Budur, eyni hal onun özünün də qarşısına çıxır. İndi bir çox ziyalılar onun məclislərindən qaçmağa başlayıblar. 2020-ci ilin avqustunda Mehdiyevin məclisində iştirak etməyin doğurduğu qalmaqal hələ unudulmayıb. Bu, hələ, necə deyərlər, jurnalıdır.

O günkü yazımda qeyd etmişdim ki, Mehdiyev sovet dövlət xadimlərindən Molotov, Kaqanoviç və Mikoyan kimi uzun yaşayacaq, 90-nı adlayacaq, 100-ə çatacaq. Belə görünür ki, elə olacaq, çünki möhkəm adamdır.

Yalnız Georgi Malenkov yaddan çıxmışdı. Bir vaxtlar SSRİ-nin baş naziri olmuş Malenkov da uzun (86 il) yaşayıb, ancaq karyerasını Qazaxıstanın Ekibastuz şəhərindəki istilik-elektrik stansiyasının direktoru vəzifəsində başa vurub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR