İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qəzəb püskürməsi” – Rusiyanın Qazaxıstana müdaxiləsinin analoqu: ABŞ-ın Qrenadaya girməsi

3313 15.01.2022 14:10 Yazarlar A A

Tarixdə böyük dövlətlərin kiçiklərə müdaxiləsinə dair minlərlə fakt saymaq olar. Zatən 50-70 il öncəyə qədər hazırda sayı 200-ü keçmiş dövlətlərdən 100-dən artığı böyük dövlətlərin müstəmləkəsiydi və onların hamısı hərbi müdaxiləyə məruz qalmışdılar. Təsəvvür edin ki, təkcə Fransanın dünyada 225 müstəmləkəsi olub.

Bu ilin ilk ayında Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi böyük dövlətin özündən kiçik dövlətə intervensiyası məsələsini yenidən aktuallaşdırdı və yaxın tarixə nəzər salmaq zərurəti yaratdı. Bu gün Rusiyanın bu hərəkətinə haqlı olaraq etiraz edən ABŞ-ın özünün də son 40 illik tarixində bir neçə analoji müdaxilə aktı var: Panama, Qrenada, İraq, Əfqanıstan...

Onlardan ən parlağı və Qazaxıstan olayı ilə bənzər olanı Qrenada hadisəsidir. ABŞ 1983-cü ilin oktyabr ayının 25-də Qrenada adasını və eyni adlı dövləti işğal edib.

11.jpg (105 KB)

Qrenada Karib dənizində, Cənubi Amerika materikinin xəritədə görünən yerinin təpəsində, Kuba adasının nisbi yaxınlığında yerləşən ada dövlətidir. Bu dövlət 1974-cü ilə qədər Böyük Britaniyanın müstəmləkəsi olub, sonra müstəqillik qazanıb və müstəqilliyinin 9-cu ilində ABŞ-ın təzyiqinə məruz qalıb. Nəticədə Qrenadanın 45 hərbi qulluqçusu, 25 kubalı inşaatçı və 24 dinc sakin həlak olub.

Hazırda Qrenadanın sakinlərinin sayı 110 min civarındadır, 39 il əvvəl isə bundan daha az idi.

Bəs niyə belə olub? ABŞ-ın minlərlə şəhərinin ən kiçikləri qədər əhalisi olan bu dövlət dünya nəhənginə hansı təhlükəni törədirdi?

25.jpg (145 KB)

                                            Bişop adına Qrenada aeroportu

Məsələ belədir: Qrenada müstəqillik qazandıqdan 5 il sonra ölkədə növbəti hərbi qiyam baş verib və hakimiyyətə kommunist ideologiyalı partiya gəlib. Partiyanın lideri Moris Bişop xalq-inqilab hökuməti qurub, SSRİ və Kuba ilə yaxınlaşmaq yolu tutub (Qazaxıstan da Türkiyəyə və Avropaya yaxınlaşmaq yolu tutmuşdu). Kubalı inşaatçılar Qrenadada beynəlxalq aeroport tikməyə başlayıblar. Bu ABŞ-da narahatlıq doğurub, düşünüblər ki, Kuba bu aeroportda hərbi məqsədlər üçün istifadə edəcək. Qrenadanın inqilab ordusu regionun ən güclü silahlı qüvvəsinə çevrilib, onun tərkibində partiya milisi, polis və sahil mühafizəsi qurumları yaradılıb.

15.JPG (34 KB)

                                                    Moris Bişop  və Bernard Kord

1983-cü ilin oktyabrında Qrenada rəhbərliyində parçalanma baş verib (Qazaxıstandakı Nazarbayev-Tokayev parçalanması kimi). Daha sonra çevriliş olub, nəticədə baş nazir Moris Bişop baş nazirin müavini Bernard Kordun rəhbərlik etdiyi fraksiya üzvləri tərəfindən həbs edilib, sonra tərəfdarları Bişopu azad ediblər. Daha sonra baş nazir yenidən tutulub və 23 yaşlı leytenant Kallistus Bernardın əmrinə əsasən 11 silahdaşı ilə birlikdə güllələnərək öldürülüb. Güllələnənlərin arasında nazirlər, habelə Bişopun qeyri-rəsmi arvadı olan hamilə nazir Jaklin Kreft də olub. Hakimiyyətə inqilabi hərbi şura gəlib.

Maraqlıdır ki, öz qatı düşməninin – Moris Bişopun devrilməsindən və edam edilməsindən qəzəblənən ABŞ bu hadisəni bəhanə edərək “Urgent fury” (“Qəzəb püskürməsi”) adlı hərbi əməliyyata başlayaraq adanı işğal edib. Silahlı müqavimət göstərən kubalı inşaatçıların bir qismi öldürülüb, yerdə qalanı tərk-silah edilərək Qrenadadan Kubaya deportasiya edilib. Yeni yaradılan hökumətə Nikolas Bretueyt başçılıq etməyə başlayıb. İlin sonuna seçki təyin edilib. Sonra hakimiyyət ABŞ-ın əlaltısı olan qüvvələrin əlinə keçib.

55.JPG (41 KB)

                                                     Ronald Reyqan və Yuri Andropov

Bu hadisə baş verəndə ABŞ-da hakimiyyətdə Ronald Reyqan, SSRİ-də isə Yuri Andropov olub. Bu, elə bir dövrdür ki, iki ölkənin, eləcə də onların rəhbərlik etdiyi siyasi düşərgələrin və hərbi blokların arasında davam edən “soyuq müharibə”nin, nəhayət, qanlı və qaynar müharibəyə çevriləcəyi ehtimalı gündən-günə güclənirmiş.

Bundan bir il əvvəl, 1982-ci ilin aprelində Reyqan Karib hövzəsi dövlətlərinin rəhbərləri ilə görüşündə, necə deyərlər, Qrenadanın qələmini qırıb, onu “marksizm virusu” yaymaqda ittiham edib, bununla da regiondakı kiçik dövlətləri Qrenadının üstünə qısqırdıb. Bundan sonra Reyqan amerikalı tursitlərə Qrenadaya getməkdən çəkinməyi tövsiyə edib və bu dövlətə boykot elan edib. Eyni zamanda ABŞ hərbi-dəniz qüvvələri Qrenada yaxınlığında təlim keçiblər (bir dövlətin sərhədlərinin dibində hərbi təlim keçirmək bütün dövlətlərin təzyiq metodlarından biridir).

Başqa sözlə, ABŞ Qrenadaya hərbi müdaxiləni azı ilyarım əvvəldən hazırlayıb və yavaş-yavaş öz məqsədinə yaxınlaşaraq, ilk fürsətdə onu reallaşdırıb. Məqsəd bir olub: bu cırtdan ölkənin SSRİ-nin və Kubanın tam təsiri altına düşməyə imkan verməmək.

23.jpg (137 KB)

                                        Qrenadadan evakuasiya olunan amerikalı tələbələr

ABŞ bu hərəkətinə görə beynəlxalq birliyə belə bir izahat verib: “Bu addım amerikalı vətəndaşların müdafiəsi və Amerika Dövlətləri Təşkilatının adada sabitliyin bərpa edilməsi üçün etdiyi xahişin nəzərə alınmasıyla atılıb”. Həmin vaxt Qrenadada ABŞ-dan olan 630 tələbə varmış.

Tanış gəldimi? Rusiyalı təbliğatçılar da RF-ninQazaxıstana KTMT-nin bayrağı və yerli hökumətin xahişi ilə, həm də ölkədə yaşayan rus əhalinin müdafiəsi və ölkədə sabitliyi bərpa etmək üçün daxil olduğunu deyirlər.

Bununla belə, ABŞ-ın öz “qəzəb püskürməsi” ilə suveren dövləti işğal etməsi sosialist düşərgəsi ölkələrində də qəzəb püskürməsi doğurub. Amma bu cırtdan ölkəyə müdaxilə nəhəng ölkələrin bir-biri ilə toqquşmasına səbəb olmayıb.

Müdaxilədən az sonra ABŞ Qrenadaya tətbiq etdiyi sanksiyaları ləğv edib və ada dövlətinə 110 milyon dollarlıq maddi yardım göstərib, daha dəqiqi, vurduğu ziyana görə təzminat ödəyib.

24.jpg (107 KB)

ABŞ qoşunları da Qrenadanı tez tərk edib – işğalın ikinci ayı tamam olmamış. Buna qədər isə ABŞ Qrenadada bütün müqavimət ocaqlarını söndürüb, “təxribatçı xarici qüvvələri” – kubalıları ölkədən çıxarıb, özünə yaxın siyasi qüvvələri gücləndirib, hakimiyyətə yiyələndirib və işini bitmiş hesab edərək ölkəni tərk edib.

Bəli, böyük dövlətlərin əlinin üstündə əl yoxdur, onlar mənafeləri tələb etdikdə hansısa ölkəyə bu və ya digər ad altında müdaxilə edə, çevriliş törədə, dinc inqilabın qarşısını ala və sair qanunsuz əməllər törədə bilirlər.

Bu baxımdan ABŞ və Rusiya bir medalın iki üzüdür. Bəşəriyyətin son 100 ili bu iki dövlətin süpürləşməsiylə, bir də özlərini böyük zənn edərək araya girənlərin axırda ayaq altda qalıb əzilməsiylə keçib.

P.S. Kim bilir, bəlkə Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayevin taleyi də Moris Bişopunku kimi olub...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR