İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nədən postsovet məkanında dəstəklənmir? – Xalqlar əsarətə qarşı

2038 27.02.2022 19:00 Yazarlar A A

3 gün öncə səhər Rusiya ordusunun Ukraynaya hücum etməsilə başlanan tam miqyaslı hərbi əməliyyatlardan dərhal sonra ölkəmizin ictimai-siyasi fəallar kəsiminin böyük əksəriyyəti bu qanlı-qadalı çarpışmada öz səfini tərəddüd etmədən müəyyənləşdirdi: Ukraynaya tərəf çıxdı.

Sosial şəbəkələrin Azərbaycan seqmentində yenicə başlanmış müharibəyə dair rəy bildirənlərin böyük əksəriyyəti Rusiyanı “aqressor”, “işğalçı”, “haqsız” sayır, Ukraynanı “haqlı”, “işğal, təcavüz qurbanı” adlandırırdılar.

Az-az Rusiyaya haqq qazandıranlar da tapılırdı. Bunlardan bir az artıq sayda adam isə Rusiyanı qınamaqdan yan keçərək, günahı Ukraynanı rəsmi Moskvaya dirəşməyə sövq edən, amma sonra onun “dalında durmayan” Qərbi söyür, Ukrayna hakimiyyətini isə ABŞ-ın fitvasına uymaqda suçlayırdılar.

GettyImages-1238079646.jpg (133 KB)

Dünyanın hər yerində Rusiyanın aqressiyasına qarşı olanlardan fərqli olaraq, qonşu Gürcüstanda və ölkəmizdə Kremli qınayanlar daha sərt idilər. Çünki istər gürcülər, istərsə də biz rəsmi Moskvanın birbaşa hərbi həmlələrindən, təzyiqlərindən çox əziyyət çəkmişik. Eləcə də həm Gürcüstan, həm də Azərbaycan Kremlin başbilənlərinin dəstəkləyib ayaqda saxladığı separatizm hərəkatı nəticəsində ərazi bütövlüyü pozulmuş dövlətlərdir.

Ona görə də bu ölkələrdə növbəti rus təcavüzkarlığına haqq qazandıranlar ya 5-ci kolon nümayəndələri, ya da siyasətdən anlamayan, özünü millətdən saymayan manqurt qafalı şəxslər ola bilərdilər. Səmimi şəkildə, xoş məramla Rusiyanın bu hərəkətinə tərəfdar olmaq mümkün deyil.

Söhbət heç də Kremlin aqressiyasına qarşı açıq çıxış etməkdən getmir, ona haqq qazandırmaqdan, “Rusiya düz edir, məhz belə olmalıdır” düşüncəsində olanlardan gedir.

Məlum olduğu kimi, bir neçə gün öncə Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamış Azərbaycan hökuməti “Rusiya düz edir” mövqeyində durmadı. Düzdür, biz dövlət olaraq Rusiyanın başqa bir suveren dövlətin ərazisinə soxulmasını sərt şəkildə qınamadıq, amma bunun ciddi səbəbləri olduğunu ölkədə bilməyən yoxdur. Qarabağdakı separatizm yuvası və onları qoruyan rus sülhməramlıları məsələsi bizim üçün çəkindirici faktordur.

55.jpg (201 KB)

Bununla belə, dövlətimiz tərəfindən Ukraynaya humanitar yardım göstərilməsi bir çox mübhəmlərə aydınlıq gətirdi. Aydın oldu ki, vaxtilə bizə siyasi dəstək vermiş dövlətdən üz çevirməyəcəyik. Ölkədəki siyasi qüvvələrin Ukrayna səfirliyi önündə izdihamlı dəstək aksiyası təşkil etməsi isə sübut etdi ki, bu məsələdə fərqli mövqe ola bilməz: aqressor müdafiə olunamamalıdır və əks-reaksiya ilə üzləşməlidir.

Hamı başa düşür ki, bu, sadəcə, Rusiya-Ukrayna müharibəsi deyil, bu, həm də diktatura-demokratiya müharibəsidir. Kreml artıq neçənci dəfədir ki, azad və qanuni seçkilər yoluyla öz rəhbərini seçən postsovet ölkələrinə qarşı düşməncəsinə mövqe tutur və onların bu “yeniliyi”ni həzm edə bilmir. Ortada nümunələr də var: Gürcüstan, Moldova, Belarus, Qırğızıstan... hətta Ermənistan. Moskva birmənalı olaraq bu adı çəkilən ölkələrdə keçirilən seçkilərdə həmişə müstəbidlərin tərəfini tutub, demokratik qüvvələrin hakimiyyətə gəlməsinə mane olmağa çalışıb.

Eləcə də bu metropoliya-müstəmləkə müharibəsidir. SSRİ adlı qırmızı rus imperiyasının çöküşündən 30 il keçməsinə baxmayaraq, Rusiya hələ də keçmiş sovet respublikalarından əl çəkmir, onları öz “arxa bağçası” sayır və özündə istənilən vaxt həmin ölkələrə hərbi müdaxilə etmək, bu ölkələrin hakimiyyətlərini dəyişmək kimi uydurma hüquq saxlayır.

300px-Central_europe_large.png (68 KB)

Bir zamanlar SSRİ sosialist düşərgəsi ölkələrinə (Macarıstan, Almaniya Demokratik Respublikası, Çexoslavakiya, Polşa, Bolqarıstan, Rumıniya və s.) necə yanaşırdısa, onların daxili işlərinə necə qarışırdısa, lazım gələndə siyasi rəhbərlərini necə dəyişirdisə, hazırda müasir Rusiyanın rəhbərliyi də keçmiş SSRİ respublikalarına (Baltikyanı ölkələr xairc) elə yanaşır.

Bu isə sırasında biz də olmaqla keçmiş “qardaş respublikalar”ın ictimai-siyasi fəallar kəsiminin xoşuna gəlmir.

İnsanlar istəyirlər ki, öz dövlətlərinin əsl sahibi olsunlar, onu öz bildikləri kimi, xaricdən tələb və tövsiyələr, xərac umacaqları, müntəzəm itaət reveransları olmadan idarə etsinlər.

Əgər bir qonşu dövlət böyükdürsə, hərbi cəhətdən güclüdürsə, bu, ona zəif qonşuların üzərində əbədi ağalıq taxtı qurmaq haqqı vermir. Taleyin gərdişi ilə, daha dəqiqi, həmin o böyük dövlətin vaxtilə etdiyi zülmün və təcavüzkarlığın sayəsində vahid dövlətdə yaşamışıqsa, bu, o demək deyil ki, əsarət əbədi olmalıdır.

Artıq heç kəs əsarət altında yaşamaq istəmir. Ukrayna xalqı da həmçinin. Bu gün-sabah Belarus xalqı da öz “qardaş”ının uzun sürən, bitməyən əsarətindən bezəcək və ayağa qalxacaq.

43.png (80 KB)

(1.Ermənistan; 2.Azərbaycan; 3. Belarus; 4. Estoniya; 5. Gürcüstan; 6. Qazaxıstan; 7. Qırğızıstan; 8. Latviya; 9.Litva; 10.Moldova; 11. Rusiya; 12. Tacikistan; 13. Türkmənistan; 14.Ukrayna; 15.Özbəkistan)

Bəzən böyük paytaxtlarda Putinin son hərəkətlərini “SSRİ-ni bərpa etmək” cəhdi kimi qələmə verirlər və vaxtilə kommunist, komsomolçu olmuş, hələ də sovet nostaljisi ilə yaşayan adamlar da düşünür ki, SSRİ bərpa olunsa, kimə də olmasa, onlara yaxşı olacaq.

Amma elə deyil. Nə Putin, nə də digər milyarder-kapitalistlər sovet-sosialist rejimi qurmaq, kompartiya hakimiyyəti bərqərar etmək istəmirlər. Onlar nə kommunistləri, nə də komsomolçuları adam yerinə qoyası, onlara hakimiyyət verəsi deyillər. Rus statist-millətçilərinin bərqərar etməyə çalışdıqları şey çar Rusiyasının sərhədləridir. Çar da məlumdur, boyarlar da, canişinlər də. Və onlar özlərinə yeni nökərlər axtarırlar.

Postsovet məkanı isə buna etiraz edir, yeni mütləqiyyət istəmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR