İnsanlara hürriyət, millətlərə istiqlal!

Piterli polkovnikin “Pirr qələbəsi” - hələ o da real deyil

2952 05.03.2022 17:03 Gündəm A A

 

“Rusiya axırda qələbə qazansa da, bu, Pirr qələbəsi olacaq”. Febralın 24-dən, Rusiya Federasiyasının hərbi qüvvələrinin Ukrayna ərazisinə müdaxilə etməsindən bəri belə fikirlərlə tez-tez rastlaşmaq olar.

Nədir “Pirr qələbəsi”? Bu ifadə necə yaranıb və Rusiya-Ukrayna münaqişəsinin epiloqunda necə inikas edə bilər?

Öncə onu deyək: bu ifadə politolologiyada böyük itkilər hesabına qazanılmış əhəmiyyətsiz qələbəyə deyilir. Elə bir qələbə ki, məğlubiyyətə bərabərdir.

İfadənin kökündə tarixi hadisə, bəlkə də əfsanə dayanır. Eramızdan əvvəl 279-cu ildə yunan kralı Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibəyə girir. Qarşı tərəf yaxşı silahlanmış olur və güclü müqavimət göstərir. Pirr düşmənlərini asanlıqla, bir zərbə ilə məğlub edəcəyini düşünərək hücuma keçir, amma romalılar təslim olmurlar, cəngavərcəsinə döyüşürlər. Sonda Pirr qələbə qazansa da, məlum olur ki, 15 min döyüşçü itirib. Bunu görən Pirr etiraf edir ki, daha bir belə qələbə qazansa, döyüşəcək əsgəri qalmayacaq. Üstəlik, bu qələbə Pirrə heç bir fayda gətirmir, bir müddətdən sonra tutduğu yeri tərk etməli olur və şəhərdən çıxarkən romalılar tərəfindən öldürülür.

O vaxtdan bəri böyük itkilər bahasına qazanılan, hər hansı bir fayda gətirməyən, sonu faciə ilə bitən qələbələrə “Pirr qələbəsi” deyirlər.

gqaoqAYVvLxbLHZS8uI4cEvT8acfZN2z.jpg (294 KB)

1941-ci ilin dekabrında yaponların Perl-Harbor adasına hücum edərək ABŞ-ın hərbi dənizçiləri üzərində qazandıqları “möhtəşəm qələbə”nin cavabı 1945-ci ilin avqustunda atom bombaları ilə veriləndə hamı anladı ki, “Perl-Harbor qələbəsi” əslində “Pirr qələbəsi” imiş. Perl-Harborda 2 min ABŞ hərbçisi həlak olmuşdusa, Naqasaki və Xirosimada 200 min civarında insanın həlak olduğu qeyd olunur.

Elə SSRİ-nin faşizm üzərində qələbəsini də müəyyən mənada “Pirr qələbəsi” hesab etmək olardı, çünki sovet dövləti bu qələbəni qazanmaq üçün fantastik itkilər vermişdi. Sadəcə, məğlub olan tərəf qara taun kimi bəşəriyyəti çulğamaqda olan faşizm idi və onun kökünün kəsilməsi çox-çox əhəmiyyətli hadisəydi.

45.jpeg (131 KB)

1988-94-cü illərdə ermənilərin Qarabağda müəyyən hərbi üstünlük qazanması da real olaraq “Pirr qələbəsi” kimi təsnif oluna bilər. Çünki ordumuz əks-həmlə etmək üçün tarixi şəraitin imkan verdiyi ilk fürsətdə hücuma keçərək həmin qələbəni puç etdi və ermənilərə ağır məğlubiyyət acısı yaşatdı.

İndi qonşuluğumuzda müharibə gedir və döyüşən tərəflərlə uzun illər eyni dövlətdə yaşadığımızdan, üstəlik, hər iki ölkəylə ciddi və sıx şəkildə bağlı olduğuğumuzdan bu müharibə bizi də çox maraqlandırır, hətta qayğılandırır. Hər iki ölkədə milyonlarla həmvətənimiz var və həm qələbədən, həm də məğlubiyyətdən onlara da pay düşəcək.

56.jpg (26 KB)

Ukraynada qazana biləcəyi qələbə Rusiya üçün ona görə “Pirr qələbəsi” olacaq ki, birincisi, bu, hər iki slavyan xalqının genefonduna zərbədir. Onsuz da bu ölkələrdə demoqrafik problemlər var, əhalinin sayı artmaqdansa, azalır. Belə bir vaxtda minlərlə gənc insanı, potensial törədiciləri qırğına vermək bir nəsil sonra öz sözünü deyəcək.

İkincisi, Rusiya Ukraynanı tamamən işğal etsə də, bu ölkəni ilhaq edə, özünə birləşdirə bilməyəcək, üç il tez, beş il gec, oranı tərk edəcək və bu zaman sovet qoşunlarının və ya ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra yaranan durum yaranacaq: marionetka hökumət devriləcək, Ukraynanın idarəetməsi yenidən xalqın iradəsi ilə formalaşan iqtidar komandasının sərəncamına keçəcək.

67.jpg (88 KB)

Üçüncüsü, görünməmiş siyasi-iqtisadi sanksiyalara məruz qalmış, hətta mədəniyyət və incəsənət sferaları da daxil olmaqla, insan fəaliyyəti olan hər sahədə təcridlə üzləşən ölkə bu vəziyyətdə uzun müddət yaşaya bilməyəcək. Xalq böyük mərhumiyyətlər və iztirablar içində çırpınacaq. Beləliklə, Ukraynanın işğalının zərəri faydasını yüz dəfələrlə üstələyəcək.

Dördüncüsü, bu intervensiya Rusiyanın qonşularını, hətta ən yaxın müttəfiqlərini belə olduqca ehtiyatlı davranmağa, gizli-gizli bu dövlətə nifrət bəsləməyə, fürsət gözləməyə sövq edəcək və bu odioz siyasi fiqur Putinin siyasi səhnədən getməsindən (bu isə yaxın illərdə mütləq baş verəcək) sonra mərkəzdənqaçma prosesi ilə nəticələnəcək.

78.jpg (149 KB)

Beşincisi, Rusiya bu gün dağıtdığı şəhərləri bərpa etməli olacaq və bu, milyardlarla vəsait tələb etdiyindən, bu dövlətin isə o qədər pulu olmadığından narazı əhali ilə permanent problemlər yaşayacaq, işğal bölgəsini rahat idarə edə bilməyəcək.

Bütün bunları və digər məsələləri nəzərə alanda aydın olur ki, ataların dediyi kəlam - “hikkəylə qalxan zərərlə oturar” məsəli bu dəfə də öz hikmətini təsdiq edəcək. Başqa variant, demək olar ki, yoxdur.

Düzdür, Rusiya tərəfi, ayrı-ayrı yüksək mənsəbli məmurlar düşünür və dilə gətirirlər ki, Kiyevin götürülməsindən, işğalın başa çatmasından sonra hər şey unudulmağa doğru gedəcək, hazırda Rusiyaya qarşı aqressiv olan dövlətlər yeni situasiya ilə barışacaqlar, amma, deyəsən, elə olmayacaq. Çünki bu, fərqli situasiyadır. İşğala məruz qalan kiçik bir ada dövləti deyil, 50 milyon əhalisi olan böyük dövlətdir. Bu hadisə Avropa üçün böyük demoqrafik problem vəd edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR