İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yarıçılpaq dərviş” və şişman ser– böyük imperiyaya qalib gələn balaca kişi

2324 23.01.2022 12:45 Yazarlar A A

Sabah XX əsrin ən parlaq, tarixdə iz qoymuş 3-5 siyasətçisindən biri olan Uinston Leonard Spenser Çörçillin (1874 - 1965) vəfat etdiyi gündür.

Ondan bir həftə sonra isə nəinki XX əsrin, eləcə də son minilliyin ən parlaq şəxsiyyətlərindən biri olan Mahatma Qandinin (1869-1948) həyatdan köçdüyü günün 75-ci ildönümü olacaq.

Bu yazıda nə 91 illik uzun ömür yaşamış Çörçillin qaynar və keşməkeşli həyatından, nə parlaq siyasi karyerasından, nə II dünya müharibəsində qazandığı qələbədən, nə də Nobel ödülü ilə mükafatlandırılmış ədəbi fəaliyyətindən bəhs ediləcək.

Heç qirşağına doladığı bir mələfə ilə milyonlarla insana rəhbərlik edərək, qeyr-zorakı mübarizə üsuluyla, kütləvi vətəndaş itaətsizliyi təşkil etməklə Böyük Britaniya imperiyasını məğlub edən Mohandas (sonradan Mahatma) Karamçand Qandinin ömür yolundan da danışmayacağıq.

13.JPG (39 KB)

                                                                Qandi və Çörçill gənclikdə

Bütün bunları bilənlər bilir, bilməyənlər də Google saytında axtarış verərək, sözü gedən şəxslərin barəsində çəkilmiş filmlərə Youtube-də baxaraq öyrənə bilərlər.

Bu yazıda bu iki siyasət adamının şəxsiyyətləri, dünyagörüşləri, fəaliyyətləri arasındakı fərqlərdən bəhs edəcəyik.

Çörçill də, Qandi də Böyük Britaniya təbəəsi olub. Birinci İngiltərənin əsilzadə ailəsində böyüyüb, dövlətin tam hüquqlu vətəndaşı olub. İkinci şəxs Böyük Britaniyanın müstəmləkəsi olan, Britanya Hindistanı adlanan ölkədə əhəmiyyətinə görə üçüncü silkə mənsub ticarətçi ailəsində doğulub-böyüyüb.

Onların hər ikisi Londonda təhsil alıb. 19 yaşlı Mohandas bu şəhərdə hüquqşünas ixtisasına yiyələnib.

Uinston isə Londonda Xerrou hərbi məktəbini bitirib.

Onların hər ikisinin yolu Afrikadan keçib. Gənc Çörçill qitənin şimalında - Sudanda qısamüddətli döyüş yolu keçib, sonradan Cənubi Afrika Respublikasının Pretoriya şəhərində hərbi əməliyyatlara qatılıb, əsir düşüb, əsirlikdən qaçıb.

14.JPG (44 KB)

Qandi də qitənin cənubunda – Cənubi Afrika Respublikasında yaşayan indus icmasının arasında vəkillik edib, irqi ayrı-seçkiliyə etiraz etdiyi və kütləni ayıltdığı üçün həbsə düşüb, sonradan azad olunub və təntənəli şəkildə öz ölkəsinə yola salınıb.

Mahatma Qandinin həyat yolunda İngiltərə səhifələri olduğu kimi, Uinston Çörçillin həyatında da Hindistan paraqrafları var. O, Kəlküttədə, Heydərabadda döyüşlərə qatılıb.

Həm Qandi, həm də Çörçill qələm adamı olub, səs-küylü məqalələr yazıblar. Gələcək baş nazir “Daily Grafik” “Nyu-York Tayms”, “Layf” kimi nəşrlərlə əməkdaşlıq edib.

Mahatma Qandi isə Hndistanda çıxan qəzetlərə məqalələr yazıb, Lev Tolstoyun “İndusa məktub” adlı essesini qucarat dilinə çevirərək dərc etdirib.

55.jpg (512 KB)

Onlardan biri öz arıq canı, zahidanə həyat tərzi, vegetarianlığı, kalori və komfortdan uzaqlığı ilə ac-yalavac xalqının, kasıb Hindistanın təmsilçisiydisə, o biri damağından siqar düşməyən, steykləri viskisiz içməyən, özünü heç bir dünya ləzzətindən məhrum etməməklə tox və acgöz İngiltərənin obrazıydı.

77.jpg (30 KB)

Bir tərəfdə sümürücü metropoliya, o biri tərəfdə istismar olunan müstəmləkə - necə olacaqdı ki.

Çörçill və Qandi arasındakı ən böyük fərq isə budur: insan həyatına münasibət. Birinci savaşlarda iştirak edən, öz etirafına görə, şəxsi tapanşasıyla bir neçə adam öldürən, daha sonra yüz minlərlə əsgəri adam öldürməyə göndərən, müqavimət göstərənlərin məhv edilməsinə dair buyruq verən liderdirsə, ikinci gərgin mübarizələrdə iştirak edən, ən qatı və qəddar düşməninin belə öldürülməsinə icazə verməyən, daima zorakılıqlardan qaçmağa çağıran bir liderdir.

Biri öz xalqının azadlığı, ölkəsinin müstəqilliyi üçün hər iztiraba qatlaşmışdısa, o biri müstəmləkə xalqlarına müstəqillik verməyi ağlının ucundan keçirməyən, ingilislərin xoşbəxtliyini başqa xalqların bədbəxtliyi üzərində qurmağı üstün tutanlardan biri olub.

88.jpg (17 KB)

Konkret olaraq, Uinston Çörçill illərlə müstəqil dövlət olmaq uğrunda mübarizə aparan Hindistana nəinki azadlıq verməyə etiraz edib, hətta onun Böyük Britaniya daxilində dominon respublika olmasına qarşı da çıxıb.

Onlar bir-birlərini tanıyıblar. Ötən əsrin 30-cu illərində Mahatma Qandinin şöhrəti bütün Hindistana, eləcə də dünyaya yayılanda Uinston Çörçill də ölkəsinin naziri, baş naziri postunda işləyib.

1931-ci ildə isə o, Mahatma Qandi haqqında belə deyib: “Bu, qiyamçı xırda vəkil, vitse-kralın (Birləşmiş Krallığın Hindistandakı qubernatoru nəzərdə tutulur) sarayının pilləkənlərində dolaşan yarıçılpaq dərviş rolunda çıxış edən Qandinin görünüşü həyəcan və ikrah doğurur”.

Budur, dünyada demokrat siyasətçi kimi tanınan, şəxsiyyətinə rəğbətlə yanaşılan, sitatları hikmətli kəlam kimi paylaşılan məşhur siyasi xadimin öz xalqının azadlığı üçün qanını qaşığa qoyan, onun əldə edilməsi üçün aclıq və dinc etiraz aksiyası keçirməkdən savayı silahı olmayan milli liderə verdiyi qiymət budur.

12.JPG (41 KB)

Qandi isə Londonda təhsil alarkən “yarıçılpaq dərviş” olmayıb. O da bütün tələbə yoldaşları kimi jiletli kostyum, ağ köynək, dəbə uyğun qara qalstuk taxıb. O vaxt onun görünüşü heç də Çörçilinkindən fərqlənməyib.

Ancaq milli-azadlıq hərəkatına başlayandan və tezliklə onun lideri olandan sonra Qandi doğrudan da özünü cəmiyyətin ən kasıb təbəqələrinə mənsub biri aparıb və onlar kimi geyinib. Bəzən o, xalqının qarşısına qurşağına doladığı mələfə ilə çıxıb, ancaq yüz minlərlə insan tərəfindən alqışlanıb.

Çörçill və Qandi kmi müsbət reputasiya ilə tanınan şəxsiyyətlərin arasındakı ziddiyyət onun gösəricisidir ki, bəzi demokratlar yalnız öz ölkələrinin daxilində demokratdırlar, xarici ölkələrə, xüsusilə də müstəmləkələrə münasibətdə onlar çox vaxt ədalətli olmurlar, yeri gələndə zalımlıq, qəddarlıq da edə bilirlər.

66.jpg (48 KB)

Çörçill o cür demokratların ən bariz nümunəsidir. Fakt odur ki, ona qalsa hazırda əhalisinin sayı milyard yarımı keçmiş Hindistan, Pakistan və eləcə də Banqladeş hələ də Böyük Britaniyanın müstəmləkəsi olaraq qalmalıydılar. Çünki onlar aşağı təbəqə adamlarıdır, ingilislər isə ali irqə mənsubdurlar.

Mahatma Qandi isə öz xalqı ilə benqalların, müsəlmanların, qucaratların arasında fərq qoymayıb. Onlar bir-birilə savaşanda, qan su yerinə axanda aclıq edərək tərəfləri barışmağa çağırıb, son anda, ölüm ayağında olsa da, buna nail olub.

Fəqət, bu minilliyin insanı humanizminin qurbanı olub. Onu öz millətindən olan şəxs 78 yaşındaykən güllələyib – müsəlmanlara qarşı qəddarlıqdan çəkinməyə çağırış etdiyinə görə.

O, Çörçill qədər yaşamayıb, ancaq öz xalqının peyğəmbəri olmağı bacarıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR