İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir üsyançı Puqaçov və Putin - müasir “çar”ın psixoloji portreti

4274 04.03.2022 09:30 Yazarlar A A

 

Bu saat dünyada milyonlara insan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin psixoloji portretinin ştrixlərini öyrənməklə məşğuldur.

 Bu, xüsusilə də Putinin müdafiə naziri Şoyquya “çəkindirici silahları”, yəni nüvə başlıqlı ballistik raketləri döyüş hazırlığı vəziyyətinə gətirmək barədə əmr verməsindən sonra daha da aktualdır.

 Düzdür, bu günlərdə Rusiyanın xarici siyasət idarəsinin rəhbərləri belə bir əmrin verilmədiyini və nüvə silahından heç bir halda istifadə olunmayacağını bəyan etdilər, amma birdən-birə 200-ə yaxın BMT ölkəsində bir əmrin eyni cür yanlış anlaşılması mümkün deyildi. Söz ağızdan, ox yaydan çıxmışdı.

 Ona görə də Yer üzünün bütün yetkin insanlarını əsasən iki sual maraqlandırır: Rusiya-Ukrayna savaşının sonrakı mərhələsində nüvə müharibəsi başlaya bilərmi? Putin bəşəriyyəti məhv edəcək bir avantüraya qol qoyarmı?

Putin.jpg (36 KB)

Hamı anlayır ki, hazırkı halda bəşəriyyətin taleyi Rusiya prezidentinin nə dərəcədə sözübütöv və ya dəmdəməki, təmkinli və ya çılğın, amansız və ya mərhəmətli, cəsur və ya çəkingən olmasından çox asılıdır.

 Bunu dəqiqliyi ilə onu uzun müddətdən bəri tanıyan adamlar, gənclik dostları, yaxın çevrəsinə daxil olan şəxslər bilər. Ancaq onların heç də hamısı öz prezident dostlarının “sirlər”ini ictimaiyyət üçün açıqlayası deyillər.

 4.jpg (47 KB)

Bununla belə, onlardan biri, Putinin keçmiş dostu, rusiyalı milyarder bankir Sergey Puqaçov ukraynalı telejurnalisti, adam danışdırmaq ustası olan Dmitri Qordona verdiyi 5 saat 25 dəqiqəlik müsahibəsində Putinin psixoloji portretini ən incə cizgilərinə qədər açıb.

 Vaxtilə 20 milyard dollar pulu olan, hazırda isə özünü “nəzəri olaraq milyarder” adlandıran, amma multimilyonçu (bu, o deməkdir ki, adam 19 milyard dollardan artıq pul itirib) olduğunu söyləyən Puqaçov Rusiyanın ilk prezidenti Boris Yeltsinin vaxtından ta 2009-cu ilə qədər Kremlin - həm Yeltsinin, həm də Putinin yaxın adamlarından biri olub, dövlətin idarə olunmasında “boz kardinal” rolunda çıxış edib – kadr təyinatlarında həlledici sözə malik olub, iri layihələr gerçəkləşdirib, iqtisadi planda ideyalar, təşəbbüslər irəli sürüb. Amma sonra saray intriqalarında onun “torbası tikilib” və Fransaya mühacirət etməli olub. İndi Puqaçov Rusiya Federasiyasına üsyan bayrağı açıb, dövlətdən 15 milyard dollarlıq təzminat tələb edir.

 images.jpg (8 KB)

Puqaçov Putini o qədər də cəsarətli və iradəli olmayan biri kimi səciyyələndirir, deyir ki, o, yaxın ətrafından çox asılıdır, onların heç bir ideyasına “yox” demir, sadəcə, kim onun yanından axırıncı çıxırsa, qalib gələn tərəf olur.

 Puqaçovun dediyinə görə, Rusiya prezidenti kitab, qəzet, sənəd oxumağı sevmir, bunu az qala özü üçün işgəncə hesab edir, heç filmlərə, televiziya verilişlərinə də baxmır, yalnız öz çıxışlarının fraqmentlərini izləyir. “Bəs Putin asudə vaxtlarında nə iş görür” sualına Puqaçov belə cavab verir: “İdmanla məşğul olur, məşq edir”.

 Heç demə, dünyanın ən böyük dövlətlərdən birinin rəhbəri gecə-gündüz çalışan biri deyil, yuxudan geç durur, az işləyir, komforta meyllidir, özünə əminliyi zəifdir, avtoritardır, xalqın demokratik rəhbər yox, çar istədiyinə inanır, yaxın ətrafından, sui-qəsddən, devrilməkdən qorxur, heç kimə güvənmir, canını çox istəyir, Qərb liderlərinə ikrah və ironiya ilə yanaşır və s.

 Puqaçov Putinin kəşfiyyatçılığının deyildiyi qədər ciddi bir şey olmadığını bildirir, deyir ki, o, DTK-da arxiv şöbəsində çalışıb, elə bir ciddi işi olmayıb.

 O da var ki, Putinin yüksək hazıırlıqlı təhlükəsizlik zabiti olması barədə əfsanələr Türkiyə mediasında dəbə və aksiomaya çevrilmiş mövzulardandır, ancaq yaxından tanıyan adam deyir ki, onun bu sahədə elə bir səriştəsi yoxdur.

 8.jpg (73 KB)

Bəs necə olub ki, belə bir orta-statstik DTK zabiti gəlib Rusiya kimi nəhəng dövlətin birinci şəxsinə çevrilib?

 Puqaçov bildirir ki, bu, Yeltsinin seçimi olub və sonradan o, belə seçim etdiyinə görə yanıldığını anlayıb. Hətta Putinin müəllimi və siyasi karyerasında ilk hamisi olan Anatoli Sobçak onun Rusiya prezidenti seçilməsi ərəfəsində deyirmiş ki, “Volodyadan prezident olmaz, heç cür olmaz”. Puqaçovun sözlərinə görə, Sobçak bu sözləri yorulmadan təkrarlayırmış. Rusiyalı oliqarx Boris Berezovski isə prezident seçilməzdən öncə Putini dəstəkləyən milyarderlərə deyirmiş ki, o, DTK-dan gəlib, onun prezidentliyi yaxşı heç nə vəd etmir.

5.jpg (269 KB)

 Puqaçov 2012-ci ildə prezident Dmitri Medvedevin dövlətin birinci postunu yenidən ölkə başçısı olmaq istəyən V.Putinə qaytarmaq istəmədiyindən, özünə komanda düzəldib müqavimət göstərmək fikrinə düşdüyündən, amma gecəylə fikrindən daşındığından da danışıb və deyib: “Onu necəsə məcbur etdilər”.

Bəs Putin gerçəkdən də planeti odlara qalarmı? Bax, burasını heç bilmək olmaz. Adamın beynində hansı fırtınalar qopduğunu, necə bir dəyişikliklər baş verdiyini yalnız bu sahəni yaxşı bilən mütəxəssislər, həm də ciddi müayinədən sonra deyə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR