İnsanlara hürriyət, millətlərə istiqlal!

Davam edir tutqular... amma bitmir ki, bitmir

1195 15.02.2022 08:40 Yazarlar A A

2 ildən çoxdur ki, DTX “qaramaskalıları”nın vaxtaşırı dövlət strukturlarına reyd edərək, hər dəfə 3-5 adamı cələkləməsinin o birilərə təsiri yoxdur. Belə görünür ki, onlar ta “qaramaskalılar” gələnə qədər öz neqativ işlərinə davam edəcəklər.

Ard-arda tutulan İH başçıları və onların müavinlərinin, nazirlik və komitələrin səlahiyyətli şəxslərinin aqibəti heç kəsə dərs olmur (keçmiş nazirlərin özlərinin kənarda qalması başqa söhbətdir).

Bəlkə də bir çox korrupsioner və rüşvətxorlar o gün DTX-nın Müdafiə Nazirliyində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılanlar barədə xəbərə televiziyada baxa-baxa hansı məbləğdəsə pul aldı və ya milyonların mənimsənilməsinə rəvac verəcək sənədi imzaladı - qorxmadan, çəkinmədən, bu hadisənin onun da başına gələ biləcəyinə ehtimal vermədən.

Əl-əlbət, belədir. Korrupsioner məmurlarda qəribə bir arxayınlıq var, hesab edirlər ki, “ilişinlər”in nəsə başqa “günah”ları var, onları heç də mənimsəmələrə görə tutmurlar.

Bu, durduq yerdə yaranan qənaət deyil. Bu insanlar uzun illərdir elə bir qazanın içində qaynayırlar ki, orada yığıb-toplamaq, alıb-vermək, bölüşdürmək, yuxarlara ötürmək normadır. Belə şeylər norma olandan, işlək mexanizmə çevriləndən sonra o mexanizmin vintcikləri nədən qorxsunlar.

Amma bu da faktdır ki, artıq köhnə korrupsiya dəzgahı bir qədər zədələnib, hərdən kimlərinsə əli, başı o dəzgahın çarxları arasına düşür, əzilir. Daha bəziləri dövlətin pulunu əvvəlkitək arın-arxayın şəkildə həzm-rabedən keçirə bilmir, bir gün “qaramaskalılar” gəlir və adamı aparırlar. Onların gəlişi isə heç də sərbəst seçim əsasında olmur, şişmiş qovluqlara əsasən olur.

Əlbəttə, ölkədəki bütün korrupsionerləri və maxinatorları zərərsizləşdirmək üçün “qaramaskalılar”dan ibarət onlarla briqada lazımdır. Bu, bir briqadanın işi deyil. Onlar bütün rayonlara, bütün nazirlik, komitə, konsern, şirkət, xidmət və sair idarə və müəssisələrə eyni anda baş çəksələr, heç birindən əliboş qayıtmazlar.

Bəs bu, niyə belə olur, əllərinə yüksək və mühüm vəzifə keçən adamlar niyə maniakal tamahkara, gözüdoymaz talançıya çevrilirlər?

Başqa səbəblər də olmamış olmaz, ancaq əsas səbəb insanların özünü cəzasızlıq mühitində hiss etmələridir. Yüksək vəzifə əldə edənlər qısa müddətdən sonra məsuliyyət hissini itirirlər, qarşılarına yüyürənlər, önlərində əmrə müntəzir duranlar, əyri yollar, quduz pullar təklif edənlər çoxalandan sonra onlar özlərini xan, vali sayır, ətraflarına əyan-əşrəf toplayırlar, böyük adamlarla oturub-durduqlarına, yetərli əlaqələrə malik olduqlarına görə elə bilirlər ki, artıq onlar üçün heç bir təhlükə yoxdur və istədikləri kimi sərvət toplaya, xoşlarına gəlməyənləri cəzalandıra bilərlər.

Korrupsiya və rüşvətxorluğun tüğyan etmədiyi, gizli, məxfi yaşadığı ölkələrdə ona görə o cürdür ki, orada heç bir dövlət məmuru öz vicdanına, insafına, dürüstlük dərəcəsinə buraxılmayıb, hamısına güclü nəzarət mexanizmi var. Onlar bilirlər ki, tamahkarlıq etsələr, dövlətin, xalqın pulunu mənimsəsələr, çox keçmədən ifşa olunacaq, cəzalanacaqlar, karyeraları birdəfəlik bitəcək, adları bədnam olacaq.

Yoxsa tərifli Avropada milyonçu olmaq eşqi ilə alışıb-yanan məmurlar bizdəkilərdən az deyil, sadəcə, onlar arzularını həyata keçirmək üçün əlverişli mühit tapmırlar.

Bizdə isə o mühit var. Hətta mühit tələb edir ki, vəzifəyə yeni gələn, korrupsiyaya bulaşmamış, nisbətən təmiz məmurlar zamanla çirkə bulaşsınlar. Mərhum yazıçı Altay Məmmədovun məşhur ibarəsi ilə desək, bu, ağ kostyum geyinib mazut qazanına girmək kimi bir şeydir, orada təmiz qalmaq və oradan təmiz çıxmaq mümkün deyil.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə uğurlu olmaq xüsusunda çoxlarında yanlış bir qənaət var, hesab edirlər ki, əlindən böyük pullar gəlib-keçən, bir çox müşkülləri həll edən adamlara çox yüksək maaşlar verilsə, onlar buna qane olar, tamahkarlıq etməz, neqativ hallara yol verməzlər.

Elə şey yoxdur. Əlindən milyonluq layihələr gəlib-keçən adama ayda 100 min manat maaş da versələr, o, ikinci 100 mini, hətta daha sonra 500 mini, 1 milyonu əldə etmək istəyəcək. Pul-para haqqında ən məşhur ifadələrdən biri məhz belədir: “Pul heç vaxt artıq olmur”. Yəni pul nə qədər çox olsa belə, həmişə adamlara az görünür.

Demək, insanların tamahını cilovlamaq, onları başqalarının əmlakına sahib olmaqdan, dövlətin büdcəsinə, xalqın cibinə girməkdən çəkindirən işlək bir mexanizm olmalıdır. Acgözlər bilməlidir ki, onlar bu mexanizmin dişlərinin arasına düşsələr, salamat çıxmayacaqlar.

Bu məsələdə Çinin əngin və zəngin təcrübəsi var.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR