İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimi qoruyursan, a zalım oğlu?

1351 08.02.2022 08:30 Yazarlar A A

Belə situasiyalarda fikirlər, mövqelər həmişə haçalanır. Öz həmkarlarımızın arasından da çatlaq səslər eşidilir, onlar hansısa motivlərlə mediaya hücum edənlərin tərəfini tuturlar.

Əgər mediaya hücum edənlər daha yüksək ranqlı, vəzifəli, arxalı, pullu adamlardırsa, onların tərəfinə keçən jurnalistlərin sayı daha çox olur... Səbəb məlumdur.

Sonra başqa bir odioz qrup başqa bir mətbu dairəni hədəfə götürür, onda da o biri jurnalistlər özlərinə sərfəli olan imkanlı qrupun tərəfində dururlar, nəticədə mübarizə aparan jurnalistlər təklənir. Sonra bu iş başqa bir media qurumunun başına gəlir.

Son nəticə nə olur? Yekun nəticə o olur ki, ümumilikdə media qapazaltı olur. Ayrı-ayrı mafioz, odioz, haramxor, müftəxor, əliəyri adamlar özlərinə mətbu tənqiddən qorunmaq üçün çənbər-halə düzəldir, öz neqativ əməllərini davam etdirirlər.

Artıq hansısa jurnalist onların bəd əmələrini, ictimaiyyət və dövlət üçün nə qədər təhlükəli fəaliyyət göstərdiyini ifşa etmək istəyəndə qarşısında öz həmkarını görür.

Deputat Cavanşir Feyziyev və jurnalistlər arasında başlanmış qalmaqala əsasən bu prizmadan baxmaq lazımdır.

Adam Mətbuat Şurasının üzvü olaraq, eləcə də media mühitində özü üçün tərəfdarlar toplayaraq tənqiddən qorunmuş hala gəlmişdi. Amma onun ifşası Böyük Britaniyada oldu. Azərbaycan jurnalistləri, sadəcə, deputat barəsində xarici ölkələrdə irəli sürülən iddia və ittihamları, bu barədə yazıları dərc etdilər.

O isə 5 milyon funtunu mənimsəyənləri, hesabını donduranları, biznesinə əngəl törədənləri bir kənara buraxdı, isterikcəsinə Azərbaycan jurnalistlərinə hücum etdi.

Əlbəttə, deputat özünümüdafiə səciyyəli çıxışlar etsəydi, yazılar yazsaydı, hətta əks-hücuma qanun-qayda və etika çərçivəsində keçsəydi, bu, qalmaqal doğurmazdı. O isə hərzə-hədyan yazdı, ağır ittihamlar irəli sürdü, ölkənin ən tanınmış qələm adamlarını təhqir etdi.

Qalmaqal məhz buradan doğdu. Məsələn, bu sətirlərin müəllifi onunla ömründə bir dəfə üz-üzə gəlməyib, telefonla danışmayıb, yalnız barəsində bir-iki informasiya oxuyub. Əminəm ki, o da məni tanımır, bəlkə heç yazılarımı da oxumayıb, barəmdə informasiyası sıfırdır, amma mənə “stajlı dələduz” deyir.

İndi şəxsimə qarşı bu ifadəni işlədən ilk və yeganə, eləcə də sonuncu adam olan Feyziyevə mənim münasibətim necə olsun? Hələ bu ifadənin yer aldığı məqaləni sevə-sevə dərc edən, sonra çıxaran, daha sonra yenidən tirajlayan həmkarıma nə deyim? Bu, artıq onun da həmin ifadənin altına imza qoyması deməkdir və xoşagəlməz haldır.

Uzun illər öncə mediaya, jurnalistlərə dair bir cümlə işlətmişdim və bu sonradan yüz dəfə təkrarlanan bir ifadəyə çevrildi. Demişdim ki, Azərbaycan jurnalistləri bir-birinin keçmiş və gələcək iş yoldaşlarıdır. Bu söz ona işarəydi ki, bir dar məkanımız var, tez-tez yollarımız kəsişir, hamımız bir-birimizi tanıyırıq, ona görə də gah itqtidar-müxalifət səngərlərində, gah da hansısa oliqarxların səfində yer alaraq bir-birimizi urvatdan salmayaq, qapazaltı olmayaq.

Neçə müddət idi ki, jurnalistlər haradan qidalanmalarından asılı olmayaraq müəyyən dərəcədə bir-birinin yolunu gətirir, öz aralarında mətbu savaşlar başlatmır, peşə həmrəyliyi nümayiş etdirirdilər.

İndi belə anlaşılır ki, düzən pozulub. Ortada 5 manat pul var və ona görə bəziləri öz həmkarlarına atılmış şər-böhtanın altına imza qoyurlar.

Bu həmkarlar kimi müdafiə etdiklərinin fərqində deyillər. Tərəfində durduqları şəxs ölkə əczaçılığında inhisarçı mövqeyə malik, xaricdə normal qiymətə satılan dərman preparatlarını ən ağır xəstələrə (xüsusilə də onkoloji problemi olanlara) 3-4 qat bahasına satdıran, yazdıqları şişirdilmiş reseptlərdə “firma dərmanları”na üstünlük verən həkimlərə faiz ödəyən, burada qazandığı pulları xaricə daşıyan biridir.

Onun işini, şəxsiyyətini, fəaliyyətini yox, yalnız ehtiyac yarandığı təqdirdə hüquqlarını müdafiə etmək olar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR