İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon tərpənincə, “soldat” regionda blok-post qurur

4279 31.01.2022 12:22 Yazarlar A A

 

Həqiqətin gözünə dik baxmalıyıq, Qüdrət Həsənquliyev düz deyir. 44 günlük müharibənin nəticəsi olaraq, biz Rusiyanı Qarabağa buraxmamışıq, Rusiya bizi Qarabağa buraxıb.

Çox acı bir gerçəklikdir, amma məhz belədir.

İndi kimsə etiraz edə bilər ki, Qarabağın işğaldan azad olunması üçün 3 min şəhid vermişik, qələbə asan başa gəlməyib.

Fəqət bu fikir nə qədər tutarlı olsa da, gerçəyi dəyişmir. Gerçəklik isə budur: biz I Qarabağ müharibəsində olduğu kimi 30 min şəhid versəydik də, ortada Kremlin ali iradəsi olmasaydı, torpaqlarımızı işğaldan bu şəkildə azad edə bilməyəcəkdik.

Qəfil həmlə ilə bir neçə kənd, lap bir-iki rayon azad edə bilərdik, amma 44 günlük müharibənin nəticəsi heç vəchlə bu şəkildə olmazdı, Şuşanı alıb, Xankəndini total nəzarətə götürə bilməzdik.

Reallıq budur ki, 2020-ci ilin 27 başlayan müharibə Rusiyanın 9 noyabr gününün axşamında etdiyi müdaxilə ilə başa çatdı.

Bir düşünək, Rusiya müharibəni dayandırmağı 9 noyabrda yox, 9 oktyabrda istəsəydi, tələb etsəydi, nə olacaqdı? Müqavmət gösətərəcəkdik? Hazırda ABŞ-la, NATO ilə, bütün Avropa ilə ağac-ağaca (raket-raketə) duran Rusiya ilə müharibəyə girəcəkdik?

Əlbəttə, elə etməyəcəkdik. Bu ağılsızlıq və intihar demək olardı. Biz Rusiyanın hərbi gücü və siyasi iradəsi ilə barışmasaq da, necə lazımdır, hesablaşacaqdıq və azad etdiyimiz sonuncu xarabalıqda dayanacaqdıq.

Başqa sözlə, işimiz yarımçıq qalacaqdı. Ancaq Kreml bunu istəmədi. Bəlkə də Kremldə prezident Putinə 44 günlük hərbi kampaniyanın dərhal bitməsinə dair israrlı təzyiqlər də olub, ancaq Putin hansısa mülahizələri əsas götürərək noyabrın 9-na qədər neytrallığını qorudu və cəbhə xəttinin o üzündəki ermənilərə havadarlıq etmədi.

Bu davranışın səbəbləri barədə ağlabatan və ağlasığmaz versiyalar çoxdur. Ancaq versiyaların çoxluğu da yeganə həqiqəti dəyişmir: Qarabağın mühüm bir hissəsi erməni işğalından azad olunub, yerdə qalan hissəsi isə artilleriya atəşinin mənzili halına gəlib. Artıq ermənilər Xankəndi ətrafındakı təhlükəsizlik çənbərindən danışa bilmirlər. Ortada çənbər yoxdur, Şuşadan baxanda Xankəndi çaylaqdakı qənbər kimi görünür.

Əlbəttə, ən idealı o olardı ki, milli ordumuz Xankəndiyə də daxil olsun, orada bayrağımızı ucaltsın və Azərbaycan qanunlarına tabe olaraq şəhərdə və ətraf qəsəbələrdə yaşamaq istəyən ermənilərin təhlükəsizliyinə təminat versin.

Ancaq bu, olmadı və bunun səbəblərini ölkəmizdə bilməyən yetkin adam yoxdur.

Hər kəs bilir ki, Rusiya Azərbaycanın 28-30 il əvvəl itirdiyi torpaqları geri qaytarmasına ona görə mane olmadı, hətta göz yumdu ki, özünün strateji maraqlarını təmin etmək istədi və ABŞ-ın Ermənistan vasitəsilə bölgəyə soxulmasının qarşısını aldı.

Rusiya üçün əsas qırmızı xətlərdən biri budur: keçmiş müstəmləkələrini əlindən ABŞ-a qapdırmamaq. Vaxtilə (2008-ci ilin 8 avqustunda) Gürcüstanın başının üstünü alan işağl təhlükəsinin səbəbi bu idi. Hazırda Ukrayna da eyni səbəbdən təhdid altındadır.

Əgər 2020-ci ildə Ermənistan rəhbərliyi yox, bizim ölkənin rəhbərliyi ABŞ-la “təhlükəli yaxınlaşma” yolu tutsaydı, əmin olun ki, hansısa hərbi avantüranın nəticəsi olaraq zərbə alan tərəf biz olardıq.

Bir atalar məsəli var: “Ağıllı fikirləşincə dəli vurub çayı keçir”. Bu ifadəni ABŞ və Rusiyanın siyasəti üzərinə proyeksiya etsək, belə deyə bilərik: ABŞ rəhbərliyi Ağ Evdə qərar qəbul edənə, Pentaqonda bəyəndirənə, Konqresdən keçirənə, Senatda təsdiq etdirənə qədər Kreml öz hərbi kontingentini münaqişə zonasında yerləşdirir, əsgəri blok-post qurur.

Bu baxımdan illüziyalara qapılmağa, vətənpərvərlik barədə bəlağətli çıxışlar etməyə ehtiyac yoxdur. Reallıq budur ki, biz Rusiyanın məhdud hərbi kontinhentinin Qarabağdakı mövcudluğuna bir müddət də dözməliyik.

Bununla belə, çomağı əldən yerə qoymadan, arxayınlaşmadan, yalançı sülh təşəbbüslərini ciddi qəbul etmədən öz hazırlığımızdan da qalmamalıyıq.

Məşhur ifadə var: Müharibənin əxlaqı yoxdur. Kəşfiyyat üçün “sülh dövrü” deyilən bir şey mövcud deyil, o hər zaman təhlükə gələn yerləri diqqətlə izləməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR