İnsanlara hürriyət, millətlərə istiqlal!

Dahilər də pislənirsə, adilər nədən əzabkeş olsun?

721 12.01.2022 08:10 Yazarlar A A

Dövrünün ən istedadlı şairi İmadəddin Nəsimi (1369-1417) olub - adamın gözəl şeirlərinə, təbinə, mütərəqqi baxışlarına baxmayıblar, edam ediblər.

Bütün zamanların ən dahi bəstəkarı Volfqanq Amadey Motsartdır (1756-1791) - istedadına, şöhrətinə təhəmmül etməyiblər, zəhərləyib öldürüblər.

Bəşər tarixinin ən istedadlı üç-beş rəssamından biri Pol Qogen (1848-1903) olub, yoxsulluq çəkib, hazırda 5-10 milyona hərraclarda satılan əsərlərini 5-6 dollara gəmi kapitanlarına satmağa məcbur olub.

Dünyanın ən böyük ixtiraçı-mühəndislərindən biri Rudolf Dizel (1858-1913) olub - alman kəşfiyyatı ingilislərə işləməsin deyə onu La-Manş boğazında gəmidən okeana atıb öldürüb.

20-ci əsrin ən dahi, uzaqgörən və uğurlu siyasətçisi Uinston Çörçill (1874-1965) olub - II dünya müharibəsində qələbə çalandan 1-2 ay sonra adam seçicilərdən səs ala bilməyib.

Kino tarixinin ən populyar və gözəl aktrisası Merilin Monro olub - gözəlliyinə və istedadına baxmayıblar, öldürüblər.

20-ci əsrin ən populyar estrada ulduzu, “Bitlz” qrupunun rəhbəri Con Lennon (1940-1980) olub - karyerasının çiçəklənən çağında güllələyib öldürüblər.

Dövrünün ən parlaq şairi Mikayıl Müşviq (1908-1938) olub - gəncliyinə və böyük istedadına baxmayıblar, 30 yaşında şərləyib, mühakimə edib, güllələyiblər.

Azərbaycanın futbol tarixinin ən istedadlı oyunçusu, milyonların sevimlisi Anatoli Banişevski (1946-1997) olub - uzun illər futbol oynamağa qoymayıblar, qayğısızlıqdan vaxtsız vəfat edib.

Yüzlərlə belə misal gətirmək olar. Dünyanın ən istedadlı adamlarından biri olmaq heç kəsi heç də hamının sevimlisi etmir, əksinə, mütləq kimlərinsə nifrətinin, paxıllığının hədəfi edir.

Azərbaycan dramaturgiyasının banisi, görkəmli filosof və yazıçı Mirzə Fətəli Axundov vəfat edəndə nəşi ortalıqda qalıb, məkrli ruhanilər və cahil əhali onu dəfn etmək istəməyiblər. Bu gün də onun adı çəkiləndə üzünü turşudanlar, dinə dair fikirlərini qılıncla qarşılayanlar var.

Azərbaycanın ən böyük musiqiçisi, pedaqoqu, ədibi Üzeyir Hacıbəyli hər gün ardınca qara NKVD maşını gələcəyini gözləyə-gözləyə yaşayıb və onu repressiyadan yalnız Stalinlə tanışlığı qurtarıb. Axtarsan, bu parlaq şəxsiyyəti də bəyənməyənlər var.

Bu baxımdan siyasət adamlarının bəxti heç gətirməyib. Onlar xalq və dövlət üçün nə qədər böyük xidmət göstərsələr də, necə dürüst, vicdanlı, bacarıqlı olsalar da, sevənləri qədər, sevməyənləri, hətta qanlarına susayanları olur.

Ömrünü Azərbaycanın istiqlalına həsr etmiş Məhəmməd Əmin Rəsulzadəyə dil uzadanlar yoxdurmu? Var. N qədər.

Əbülfəz Elçibəyin sadəliyini, dürüstlüyünü, zahidanə həyat tərzini aşağılayanlar, ağız büzənlər, lağ edənlər azdırmı? Çoxdur.

Başqa siyasi xadimlər də eləcə, heç biri tənqiddən, pislənmədən, qınanmadan sığortalı deyillər.

Srağagün 92 yaşında vəfat edən Əbdürrəhman Vəzirov da kənarda qalmadı. Ona rəhmət oxuyanlarla yanaşı, lənət yağdıranlar da vardı.

Ən maraqlısı odur ki, Vəzirovu yaxşı insan kimi səciyyələndirənlər arasında onun 1 il 8 aylıq hakimiyyəti dövründə yaşayan və ona müxalif olanlar çox idi, sabiq rəhbərə cəhənnəm alovu arzulayanlar arasında isə 1990-dan sonra doğulanlar üstünlük təşkil edirdi.

Bu, paradoksal hal olsa da, izahı var: bu gənclər o dövrün reallıqlarını bilmirlər, o həyatı yaşamayıblar və bir insan haqqında təsəvvürləri ağızdan-ağıza eşitdikləri söz-söhbətlər və qara piar materialları əsasında formalaşıb.

Bura qədər hər şey normaldır. Yuxarıda dediyimiz kimi, heç də hamının sevimlisi olmaq mümkün deyil. Bu, xüsusilə də siyasətçilərə aiddir. Tənqid, təhqir hədəfi olmaq bu peşənin fitrətindədir.

Ancaq həyatını itirmiş, artıq özünü müdafiə edə bilməyəcək birinin ünvanına ağına-bozuna baxmadan lənət oxumaq, hədyanlar, böhtanlar yağdırmaq, söyüşlər söymək ayıb işdir. Bunu hər kəs bacarar, amma bu hərəkətlər nəyi həll edir?

Qisasçılığın da bir həddi var, kükrəyən nifrətin də. Onlar əndazəni aşanda yaxşı olmur. Adam həyatını xalqına həsr edib ölən və ya məhrimuyyətlər çəkə-çəkə yaşayan bir fədakar insanın kütləvi şəkildə pislənildiyini görəndə məyus olur və o fikrə gəlir ki, heç bir ideyadan və toplumun mənafeyindən ötrü iztirab çəkməyə dəyməz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR