İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yenə patavalı çəkməsini geyib və yürüşə çıxır...

1667 24.02.2022 13:55 Yazarlar A A

 

Bi ay öncə Ukrayna və Rusiya arasında müharibə vəziyyətinin yaranması ilə bağlı bir yazı yazmışdım, başlığı beləydi: “Napoleonu və Hitleri “boğan” Avropa koalisiyaları – Növbədə Putindir, ancaq...”.

Bu yazıda Ukraynaya qarşı aqressiv davranan Rusiya dövlətinə, xüsusilə də onun iddialı lideri Vladimir Putinə qarşı qurulması gözlənilən koalisiyadan bəhs olunurdu.

Qeyd edilirdi ki, son 222 ildə ikisi dünya müharibəsi olmaqla saysız-hesabsız lokal müharibələr görən, yüz illərlə nehrə kimi çalxalanan, axırda hərbi sabitlik yaranan qitə yeni müharibənin astanasındadır.

Belə bir fikir yazının başlığında da vardı ki, vaxtilə bütün Avropanı istila edən Napoleonu, Avropadan sonra dünyanı işğal etməyi düşünən Hitleri “boğan” Avropa koalisiyaları öz təcavüzkar planlarına Ukraynadan başlamaq istəyən Putini də özbaşına buraxmayacaqlar. (Yazının linki buradal)

Budur, artıq Avropada Putinə qarşı hərbi koalisiyanın yaradılması barədə söhbətlər, çağırışlar şiddətlənib.

Hələ yaradılacaq hərbi alyansa Avropadan çox-çox uzaqlarda olan ABŞ, özünü həm coğrafi, həm də iqtisadi-siyasi-mədəni baxımdan Avropa dövləti saymayan Birləşmiş Krallıq (İngiltərə) da dəstək verəcək.

Eləcə də gözlənilir ki, ABŞ və İngiltərənin bütün müharibələrində iştirak etməyə həvəslə razı olan Avstraliya Rusiyaya qarşı qurulan hərbi koalisiyaya qoşulacaq.

Rusiyanın çökdürülməsində, bölgədə suyun bulanmasında maraqlı olan, bu bulanıqlıqdan istifadə edərək Kuril adalarında balıq tutmaq şansı qazana biləcəyini düşünən Yaponiya da kənarda qalmayaacaq.

Beləliklə, əslində düzgün təsbit edilib, Ukrayna ətrafındakı müharibə vəziyyəti Rusiya-Ukrayna müharibəsi deyil, Rusiya – dünya müharibəsidir, sadəcə, onun baş meydanı Ukrayna çölləri, şəhər və qəsəbələridir.

Prinsipcə, bu 1939-45-ci illər arasında davam edən II dünya müharibəsindən sonra bir çox dövlətlərin istəyərəkdən və istəməyərəkdən qatıldığı ən böyük hərbi kampaniyadır. Gerçəkdən də dünya müharibəsidir və o, bir yerdən sonra, təcili olaraq durdurulmasa, itkiləri baxımından hər iki müharibəni kölgədə qoya bilər.

Xatırladaq ki, rəsmi mənbələrə görə, I dünya müharibəsində 18 milyon 500 min nəfərə yaxın insan (hərbçilər və mülki şəxslər) həlak olub, II dünya müharibəsinin itkiləri isə 55-70 milyon arasında qiymətləndirilir.

Hazırda müharibəyə qoşulan dövlətlərin arsenalındakı kütləvi qırğın silahlarının öldürücülük qabiliyyətini, 1 saniyədə milyonlarla insanı məhv etmək imkanının olduğunu nəzərə alsaq, müharibənin şiddətlənəcəyi və geridönməz xarakter alacağı təqdirdə yarım milyarda qədər insanın məhv ediləcəyini proqnozlaşdırmaq olar.

Başqa sözlə, vaxtilə bizə qarşı 30 il boyunca yüz dəfələrlə təkrar edilmiş fikri təkrarlayası olsaq, belə deməliyik: “Bu münaqişənin hərbi yolla həlli yoxdur, tərəflər danışıqlar masası arxasına keçməlidir”.

Təəssüf ki, hazırda silaha sarılmış kimi görünən tərəflər məhz başqalarına “sülhpərvərlik” dərsi keçənlərdir. Artıq Rusiya da, ABŞ da, Fransa da, İngiltərə və Almaniya da “qarşılıqlı güzəştlər”dən, “tərəflərin anlaşmalarının vacibliyi”ndən danışmırlar. Bizə gələndə işğalçının, aqressorun adını göstərməyən, üzərinə barmaq tuşlamayan dövlətlər bu dəfə Rusiyanın üstünə barmaq tuşlayıblar və adını da dəqiq qoyublar: aqressor.

Onlar öz addımlarında, qərarlarında ardıcıl olsalar, 250 ildir Avrasiya materikində terror rüzgarı əsdirən, bütün zamanların ən böyük imperiyasını quran Rusiyanın dizini böyük itkilər bahasına olsa da, yerə gətirəcək, Putinin Napoleon və Hitlerdən artıq olmadığını bəşəriyyətə göstərəcəklər.

Yox, Avropa dövlətləri və onlar kömək üdən supergüclər Ukraynanı yiyəsiz, köməksiz buraxsalar, o zaman Rusiyanın iştahının qabarmasını müşahidə edəcəklər və bu ölkənin qonşuluğundakı digər müttəfiqlərinin ard-arda Kremlin iradəsinin altına girdiyini görəcəklər.

Zatən, 1989-cu ildən bəri, sosialist düşərgəsinin dağılmasından sonra da, Kreml öz keçmiş vassallarıından - Şərqi Avropa dövlətlərindən əl çəkməyib, bu və ya digər şəkildə onların daxili işlərinə müdaxilə edib, bu dövlətlərdə özünə loyal olan partiyaların və liderlərinin hakimiyyətə gəlməsinə çalışıb, milyardlar xərcləyib.

Bu, belə bir dövlətdir, öz təcavüzkar niyyətlərini çox zaman pərdələmir və hərbi-siyasi planlarını öz patavalı çəkmələri ilə, qaba-qaba icra edir. Onun qarşısını yalnız qətiyyətli hərbi koalisiya kəsə bilər. Avropa bu cür aqressorları çox görüb və cilovlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR