İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim Şelokovun son gülləsi

8237 05.02.2022 15:25 Yazarlar A A

SSRİ-nin Şelokov soyadlı bir daxili işlər naziri olub. 1966-cı ildən 1982-ci ilə qədər ölkənin baş milisioneri postunda işləyən bu şəxs axırda intihar edib.

Adamın həyat yoluna, karyera pillələrində irəlləməsinə baxanda görmək olur ki, onun bu mövqeyə gəlməsi SSRİ-nin faktiki rəhbəri Leonid Brejnevlə uzun illər müxtəlif yerlərdə çiyin-çiyinə işləməsi, onun şəxsi dostu olması sayəsində olub. Şelokovun qara günləri də elə Brejnevin vəfatından sonra başlayıb. Brejnevin ölümündən 1 ay sonra onu nazir vəzifəsindən götürüblər.

Nikolay Şelokov heç də vəzifədən çıxarıldığına görə intihar etməyib. Elə olsa, bu hadisə 1982-ci ilin dekabrında baş verərdi. Şelokov isə 1984-cü ilin dekabrında özünü öldürüb.

Bu şəxs dərin intriqa, açıq düşmənçilik münasibətində olduğu Yuri Andropovun dövründə də başının salamatlığını qoruya bilib, amma “Brejnev qruplaşması”ndan olan Konstantin Çernenkonun SSRİ rəhbəri olduğu vaxt hər şeyini itirib.

Saray intriqanları adamı intihara addım-addım yaxınlaşdırıblar. Əvvəlcə onlar xırda şeylər üstündə sabiq naziri uzun-uzadı sorğu-suallara tutublar, dostlarıyla əlaqəsini kəsiblər, daha dəqiqi, elə şərait yaradıblar ki, hamı ondan üz döndərib. Sonra bu basqılara dözməyən arvadı Svetlana intihar edib. Lap axırda Şelokovu kompartiya nomenklaturasından çıxarıblar, partiyadan xaric ediblər, bütün dövlət mükafatlarını (müharibədə aldığı orden-medallardan başqa) əlindən alıblar və o anlayıb ki, daha müqavimətin və yaşamağın mənası yoxdur.

Əslində isə Şelokov qələmə verildiyi qədər də pis, tamahkar adam olmayıb, ədəbiyyata, incəsənətə, xüsusilə də rəssamlığa xüsusi marağı olub. Onun bu hobbisini bilənlər nazirə çoxlu rəsm əsərləri bağışlayıblar. Amma arvadı bahalı hədiyyələr almağı sevib və ərinin imkanlarından öz qohumlarının mənafeyi üçün istifadə edib.

Andropovun sovet dissidentlərinə qarşı amansız olduğu illərdə Şelokov böyük dissident yazıçı Soljenitsını müdafiə edib, onun bəzi əsərlərinin çapına şərait yaratmaq, ədibin özünə Moskvada mənzil vermək kimi təşəbbüslər göstərib.

Fəqət böyük vəzifədən götürülüncə o, adi təqaüdçüyə çevrilib və məruz qaldığı təzyiqlərə dözə bilməyib.

Hazırda ölkəmizdə də Şelokovun durumuna salınmış biri var - akademik Ramiz Mehdiyev. Bu adamın dövlətdə tutduğu vəzifənin ranqı, özünün hakimiyyət daxilindəki nüfuzu Şelokovunkundan da üstün olub.

O, uzun müddət faktiki olaraq dövlətin ikinci adamı olub. 2003-cü ildən 2008-ci ilə qədər hakimiyyətin qorunub saxlanmasında, yeni komandanın təşkilində və möhkəmlənməsində, hakim partiyanın monolitliyinin təmin edilməsində Mehdiyevin xüsusi rolu olub.

Bunları danmaq mümkün deyil. Ancaq eyni uğurlu fəaliyyəti akademikin xalqa yönəlik siyasi xəttində görmək olmur. O, yadfikirlilərə, müxalif qüvvələrə qarşı Andropov kimi amansız olub, qohumlarına münasibətdə isə Şelokov kimi himayədarlıq edib.

Öz komandasının daxilində hamı ondan çəkinib-qorxub, amma heç də hamı onu sevməyib. Hakim partiyanın içində onun bu gününü səbrlə gözləyənlər çox idi. İndi onlar akademikin tənqidlərə, təzyiqlərə məruz qaldığını, özünü müdafiə etməyə vadar olduğunu ləzzətlə seyr edirlər.

Amma akademik intihar etməyəcək. Onun da bir çox siyasi və ictimai vəzifələri əlindən alınacaq, amma dövlət mükafatlarından məhrum edilməsi gözlənilmir. Bu, olmayacaq. Keçmiş kadrları, “alim həmkarları” Mehdiyevin istefasına nail olduqdan sonra sakitləşəcəklər.

Bu gün ondan umulan yeganə şey odur ki, sinninin 9-cu onilliyini yarılayan şəxs sakit, ambisiyasız təqaüdçü ömrünü yaşasın, yeniliklərə, yeni təşəbbüslərə qarşı çıxmasın, müqavimət göstərməsin.

Siyasət və intriqalar isə onun həyatıdır. O, Molotov, Kaqanoviç və Mikoyan kimi uzun yaşayacaq, 90-nı adlayıb, 100-ə çatacaq. Görünür, müəllim özü də bunu bilir və hələ də özündə siyasi və elmi fəaliyyət göstərmək üçün lazımi qədər enerji hiss edir.

Sovet dövründən fərqli olaraq indi dövlət maşınına müqavimət göstərmək mümkündür. O vaxtın “vurulan”ları birdəfəlik gedirdi. İndikilər isə 14 il türmədə yatandan sonra sağ-salamat çıxır, 70 yaşlarında siyasi partiya da yaradırlar.

O, asan təslim olanlardan və sonuncu gülləsini özünə saxlayanlardan deyil, əl-əlbət, düşmənlərindən birinə atacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR