ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur.
Musavat.com-un məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdəki çıxışında deyib. Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir:
“Bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4%) çərçivəsindədir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir”.
M.Cabbarov deyib ki, iqtisadi artıma dəstəyin potensial alətləri var: “İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə malikdir. Özəl investisiyaların artırılması vasitələri çox müxtəlifdir. Bunlar arasında 2022-ci ildə qəbul edilmiş dövlət-özəl tərəfdaşlığı haqqında qanunun tətbiqi (dəniz suyunun duzsuzlaşdırılması layihəsi), bank sektorunun real sektora daha aktiv dəstək imkanlarının reallaşması, o cümlədən faiz dərəcələri üzrə, pul siyasətinin inflyasiya hədəfinə xələl gətirmədən investisiya yönümlü iqtisadi artıma dəstək potensialının istifadəsi, kreditlər üzrə faiz subsidiyası və zəmanətli dövlət alışı mexanizmlərinin genişləndirilməsi, birbaşa xarici investisiyaların cəlbi kimi alətlər mühüm əhəmiyyət kəsb edir”.
M.Cabbarov qeyd edib ki, son 7 il ərzində qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb: “Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilib. Nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft qaz sektorunda vergitutma bazası genişləndi, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artdı. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artıb”.
E.Paşasoy,
Musavat.com






