Rusiya Ukraynanın Buça rayonuna endirdiyi ballistik raket zərbəsi nəticəsində ən azı 10 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.
Musavat.com Ukrayna KİV-nə istinadla xəbər verir ki, ballistik raket zərbəsi Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevdə ABŞ-ın hərbi-sənaye nəhəngi olan "Raytheon" şirkətinin yüksək vəzifəli nümayəndələri ilə keçirdiyi görüşdən cəmi bir gün sonra baş verib.
Məlum olduğu kimi, "Raytheon" şirkəti Rusiyanın dağıdıcı raket hücumlarının qarşısını almaq üçün Ukraynanın böyük ehtiyac duyduğu "Patriot" hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçısıdır. Şirkət nümayəndələri hücum zamanı ərazidə öz işçilərinin olub-olmaması ilə bağlı açıqlama verməyiblər. Vladimir Zelenski sosial şəbəkə hesabında hücum barədə məlumat paylaşaraq müdafiə imkanlarının artırılmasının vacibliyini növbəti dəfə vurğulayıb: "Patriot sistemləri üçün raketlərin təmin edilməsi hazırda bizim bir nömrəli prioritetimizdir".
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ruslan Oliynik təfərrüatları açıqlayaraq bildirib ki, ilkin məlumatlara görə hücum tədbirin təşkil olunduğu özəl hərbi təlim mərkəzinin ərazisinə düşüb. Sözügedən mərkəz Kiyevin mərkəzindən təxminən 20-30 kilometr məsafədə, Buça rayonunda yerləşir. R. Oliynikin sözlərinə görə, əraziyə dərhal xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub. Zərbə nəticəsində həmçinin mülki infrastruktura da ziyan dəyib – 27 fərdi ev və 44 nəqliyyat vasitəsi ciddi zədələnib.
Ölkənin ən böyük özəl müdafiə istehsalçıları assosiasiyası olan Ukrayna Müdafiə Sənayesi Şurası da hadisə zamanı sənaye nümayəndələrinin zərbə endirilən məkanda olduğunu təsdiqləyib. Təşkilat baş verənlərlə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağını bildirib.
E.Məmmədəliyev,
Musavat.com






