İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR

240 24.07.2026 23:48 Ölkə A A

Bakının ən bahalı və müasir istirahət zonalarından biri hesab edilən Sea Breeze kompleksindən cəmi iki kilometr aralıda tamam başqa, acınacaqlı bir mənzərə hökm sürür. Magistral yoldan təxminən 200 metr, sürət qatarının relslərindən isə cəmi 10 metr məsafədə yerləşən bu ərazi sanki qeyri-rəsmi tullantı poliqonuna çevrilib.

Sakinlər deyirlər ki, ərazidəki ekoloji gərginliyin ən başlıca səbəblərindən biri infrastrukturun tamamilə bərbad vəziyyətdə olmasıdır. Pirşağı bağ massivində zibil qalaqları artıq dizə çıxır. Sakinlərin sözlərinə görə, yolların həddindən artıq bərbad və keçilməz olması səbəbindən mənzil-kommunal təsərrüfatı xidmətinin zibil maşınları əraziyə daxil olmaqdan açıq şəkildə imtina edirlər.

18f9a689-a1bc-45e9-8ad5-a151e0866fc6.jpeg (200 KB)

Nəticədə, tullantıların müntəzəm daşınmaması sakinləri çarəsiz qoyur və tullantıların pərakəndə şəkildə yol kənarlarına, relslərin yaxınlığına atılmasına zəmin yaradır. Ara-sıra zibillərin yandırılması da baş verir ki, bu da ərazidən keçən sürət qatarlarına da təhlükə yarada bilər.

İlk baxışdan diqqəti çəkən yüzlərlə kisə məişət tullantıları, tikinti qalıqları, plastik qablar, şüşələr, kartonlar və məişət avadanlıqlarının qalıqlarıdır. Zibil qalaqları onlarla metr boyunca uzanır. Bəzi yerlərdə tikinti tullantıları ilə məişət tullantıları bir-birinə qarışıb. Ərazidə nə konteyner var, nə xəbərdarlıq nişanı, nə də tullantıların mütəşəkkil daşınmasına dair hər hansı iz.

Ən narahatedici məqam isə zibilliyin dəmir yolu xəttinin lap kənarında yerləşməsidir. Qatarların yüksək sürətlə hərəkət etdiyi relslərin bir neçə metrliyində plastik, kağız və quru otların qalaqlanması xüsusilə isti yay günlərində yanğın riskini dəfələrlə artırır.

57a3b7ef-a0ad-402c-ab0f-63653b2e553a.jpeg (170 KB)

Fotolardan görünür ki, tullantılar təkcə yol kənarında deyil, təbii göllərin ətrafına qədər yayılıb. Küləyin təsiri ilə plastik tullantılar qamışlığa daşınır. Bu isə Abşeronun həssas ekosisteminə ciddi ziyan vurur.

Belə mənzərə xüsusilə turizm mövsümündə Pirşağı üçün yaxşı reklam deyil. Bir tərəfdə milyonlarla manatlıq turizm və yaşayış layihələri, digər tərəfdə isə infrastruktur yoxluğu səbəbindən yaranan zibillik...

Qızmar günəş altında qalaqlanan məişət tullantıları gəmiricilərin və müxtəlif həşəratların çoxalmasına, ətrafa dözülməz üfunət qoxusunun yayılmasına, torpaq və suyun çirklənməsinə səbəb olur.

Son illər Pirşağı və Abşeronun şimal hissəsində tullantıların idarə olunması ilə bağlı müxtəlif problemlər dəfələrlə gündəmə gəlib. Sakinlər deyirlər ki, Pirşağı bağ massivində zibil probleminin həlli üçün kompleks yanaşma tələb olunur. Əvvəlcə bağ massivinin yolları qaydaya salınmalı, zibil maşınlarının əraziyə maneəsiz daxil olması təmin edilməlidir.

Sakinlər ümid edirik ki, Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı qurumları,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarıoperativ şəkildə əraziyə baxış keçirəcək, yolların bərpası və zibillərin daşınması mexanizmini qaydaya salacaqlar.

E.Məmmədəliyev,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR