ABŞ prezidenti Donald Trampın bu ilin may ayında Çinə səfəri zamanı ən mühüm iqtisadi nailiyyətlərdən biri kimi təqdim edilən 200 ədəd "Boeing" sərnişin təyyarəsinin satışı ilə bağlı razılaşma 2 ay keçməsinə baxmayaraq hələ də yekun müqaviləyə çevrilməyib.
ABŞ mediası xəbər verir ki, sövdələşmə ciddi risk altındadır.
ABŞ-ın nüfuzlu "Politico" nəşrinin məlumatına görə, Pekin ilkin razılaşmaya yeni şərtlər əlavə olunmasını tələb edir. Çin tərəfi təyyarələrin mühərrikləri, ehtiyat hissələri və texniki xidmətinin uzunmüddətli təminatı ilə bağlı hüquqi zəmanət istəyir. Bu tələblər danışıqları dalana salıb və Ağ Ev məsələnin həlli üçün Çin xarici işlər nazirinin müavini Ma Çjaoksunun Vaşinqton səfərindən istifadə etməyə çalışır.
Sövdələşmənin dəyərinin 17-19 milyard dollar arasında olduğu bildirilir. Tramp administrasiyası bu razılaşmanı Pekinlə münasibətlərdə mühüm dönüş nöqtəsi və Trampın Çin səfərinin əsas uğurlarından biri kimi təqdim etmişdi.
"Politico"nun yazdığına görə, Pekinin əsas narahatlığı gələcəkdə ABŞ-ın ixrac məhdudiyyətlərindən siyasi təzyiq vasitəsi kimi istifadə edə bilməsidir. Çin bu səbəbdən ehtiyat hissələrinin və mühərrik komponentlərinin uzun illər ərzində fasiləsiz təmin olunmasına dair zəmanətin müqavilədə əksini tapmasını istəyir.
Maraqlıdır ki, Çin Ticarət Nazirliyi hələ may ayında açıqlamışdı ki, 200 təyyarənin alınması ilə bağlı ilkin razılaşmanın tərkib hissələrindən biri də ABŞ tərəfindən mühərriklər və ehtiyat hissələrinin təchizatına təminat verilməsi idi. Bu isə göstərir ki, məhz satışdan sonrakı dəstək məsələsi Pekin üçün əvvəldən prinsipial əhəmiyyət daşıyıb.
İyun ayında "Boeing Global Services"in rəhbəri Kris Raymond Reuters agentliyinə bildirib ki, şirkət Çin üçün satışdan sonrakı texniki dəstəyi təmin edə bilər. Onun sözlərinə görə, qlobal qaydalar çərçivəsində satılmasına icazə verilən bütün ehtiyat hissələri Çinə çatdırıla bilər və şirkətin artıq ölkədə ehtiyat hissələri anbarı da fəaliyyət göstərir.
Bununla belə, Boeing rəhbərliyi də etiraf edib ki, 200 təyyarəlik sifariş hələ yekunlaşdırılmayıb və yalnız ilkin mərhələ hesab olunur.
Beynəlxalq ekspertlər hesab edirlər ki, Çinin ehtiyatlı davranmasının əsas səbəblərindən biri Rusiyanın yaşadığı təcrübədir. Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalar nəticəsində Rusiya aviaşirkətləri Qərb istehsalı olan təyyarələr üçün ehtiyat hissələri və texniki xidmət sahəsində ciddi çətinliklərlə üzləşiblər.
Bu fonda Pekin gələcəkdə Vaşinqtonla münasibətlər yenidən gərginləşərsə, oxşar məhdudiyyətlərin Çinə də tətbiq oluna biləcəyini istisna etmir. Məhz buna görə Çin son illərdə ABŞ texnologiyalarından, proqram təminatından və strateji məhsullarından asılılığını azaltmaq siyasətini sürətləndirir. Təyyarə müqaviləsi ilə bağlı irəli sürülən yeni tələblər də həmin strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Hazırda nə Ağ Ev, nə də Boeing danışıqların gedişi barədə rəsmi şərh verməyib. Lakin "Politico"nun məlumatına görə, tərəflər kompromis əldə edə bilməsələr, Tramp administrasiyasının ən çox reklam etdiyi iqtisadi razılaşmalardan biri baş tutmaya bilər.
E.Məmmədəliyev,
Musavat.com






