Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən, ölkə rayonlarının rəhbərliyi etibar olunan bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar.
Onların bəziləri uzun illər toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasına rəhbərlik edib, kimisi ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.
Musavat.com-un "Hakimiyyətin zirvəsindən həbsxanaya" silsiləsində bu dəfə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin karyerasına, onun rəhbərlik etdiyi rayonda formalaşmış idarəetmə modelinə, DTX əməliyyatına, məhkəmə araşdırmalarına nəzər salırıq.
Mahir Hacı oğlu Quliyev 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Əmək fəaliyyətinə sıravi fəhlə kimi başlayıb, hərbi xidmətdən sonra müxtəlif təsərrüfat və iaşə müəssisələrində çalışıb. Sonralar ali təhsil alaraq dövlət qulluğuna keçib. Əvvəl Səbail bələdiyyəsində rəhbər vəzifələrdə işləyən Mahir Quliyev daha sonra icra hakimiyyəti sisteminə gətirilib.
2006-cı ildə Astara Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Mahir Quliyev beş ilə yaxın bu rayona rəhbərlik edib. 2011-ci ilin aprelində isə Prezident sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçirilib və təxminən on il bu postda çalışıb.
İllər keçdikcə Biləsuvarda bütün əsas qərarlar, iri layihələr, sahibkarlıq fəaliyyəti, dövlət sifarişləri və sosial proqramlar faktiki olaraq icra hakimiyyətinin nəzarətində cəmləşmişdi. Rayon sakinlərinin bir hissəsi müxtəlif məsələlərin həlli üçün məhz icra hakimiyyətinə üz tuturdu. Sonradan istintaq materiallarında da göstərildiyi kimi, məhz bu mərkəzləşmiş idarəetmə sistemi korrupsiya mexanizminin formalaşmasına zəmin yaratmışdı.
2020-ci ilin əvvəlində COVID-19 pandemiyası Azərbaycan üçün də ağır sınaq yaratdı. Minlərlə insan işsiz qaldı, aztəminatlı ailələrin sayı artdı. Dövlət sosial müdafiə tədbirlərini genişləndirərək milyonlarla manat vəsait ayırdı, ictimai işlər proqramlarını genişləndirdi, "DOST" layihələri vasitəsilə minlərlə vətəndaşın məşğulluğunun təmin edilməsinə çalışdı.
Prezident İlham Əliyev həmin dövrdə keçirdiyi müşavirələrdə dəfələrlə məmurlara xəbərdarlıq edərək bildirmişdi ki, pandemiya şəraitində dövlət vəsaitinin mənimsənilməsi və vətəndaşların haqqının yeyilməsi ən ağır pozuntulardan biri hesab olunacaq.
Lakin sonradan istintaq materiallarında ortaya çıxan faktlara görə, Biləsuvarda vəziyyət tamamilə fərqli istiqamətdə inkişaf etmişdi.
2020-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdi. Həmin əməliyyatın görüntüləri ölkədə böyük rezonans doğurdu.
Əməliyyat zamanı Mahir Quliyev və onunla birlikdə bir neçə vəzifəli şəxs saxlanıldı.
İctimaiyyətə təqdim olunan görüntülərdə xidməti otaqlarda müxtəlif valyutalarda böyük həcmdə nağd pul vəsaitləri, sənədlər və digər maddi sübutlar nümayiş etdirildi.
İstintaqın versiyasına görə, həmin sənədlər rayon daxilində uzun müddət formalaşmış qanunsuz maliyyə mexanizminin mövcudluğunu göstərirdi.
Cinayət işində ən çox ictimai qınağa səbəb olan epizodlardan biri sosial müdafiə proqramları ilə bağlı idi.
İstintaq materiallarına görə, ictimai işlər proqramı çərçivəsində işsiz və aztəminatlı şəxslər üçün ayrılmış əməkhaqqılar müxtəlif üsullarla mənimsənilib. Bir sıra hallarda işə faktiki çıxmayan şəxslərin adına rəsmiləşdirilən əməkhaqqı kartlarının icra hakimiyyəti əməkdaşlarının nəzarətində olduğu iddia olunurdu.
Bu mexanizm vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin qanunsuz şəkildə əldə edildiyi ittiham aktında öz əksini tapmışdı.
İstintaq materiallarında qeyd olunurdu ki, Biləsuvarda fəaliyyət göstərən sahibkarların əhəmiyyətli hissəsi müxtəlif ödənişlər etməyə məcbur edilib.
Ticarət obyektləri, tikinti işləri, abadlıq layihələri, müxtəlif tenderlər və digər fəaliyyət sahələri üzrə sahibkarlardan mütəmadi olaraq qeyri-rəsmi ödənişlər tələb olunurdu.
Bundan başqa, rayonun müxtəlif dövlət müəssisələrinin rəhbərlərinin də davamlı şəkildə pul verməyə məcbur edildiyi iddia edilirdi.
İstintaq həmin sistemi faktiki olaraq qeyri-rəsmi aylıq yığım mexanizmi kimi qiymətləndirirdi.
Cinayət işində yer alan digər mühüm epizodlardan biri dövlət büdcəsindən ayrılan abadlıq və tikinti vəsaitləri ilə bağlı idi.
İstintaqın qənaətinə görə, bəzi layihələr kağız üzərində tam icra olunmuş kimi rəsmiləşdirilib, lakin faktiki görülən işlərin həcmi ayrılmış vəsaitlə uyğunluq təşkil etməyib.
Bu yolla dövlət büdcəsinə külli miqdarda zərərin vurulduğu məhkəmə araşdırmaları zamanı elan olunmuşdu.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırıldı.
Məhkəmə iclaslarında çoxsaylı şahidlər dindirildi, maliyyə sənədləri, ekspertiza rəyləri və digər sübutlar araşdırıldı.
İttiham tərəfi Mahir Quliyevin uzun müddət sistemli şəkildə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini, xüsusilə külli miqdarda rüşvət alma, mənimsəmə və digər korrupsiya cinayətləri törətdiyini bildirdi.
Müdafiə tərəfi isə ittihamların bir hissəsini qəbul etmədi və təqdim olunan sübutlara etiraz etdi.
Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Müsadirə olunan əmlakların ümumi dəyəri məhkəmə materiallarında təxminən 1 milyon 34 min manat kimi göstərilib.
Hökmlə həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinin xeyrinə 3 milyon 206 min manat, DOST İş Mərkəzinin xeyrinə isə 125 min manat mülki iddia təmin edilib.
Sonradan Mahir Quliyevin apellyasiya şikayəti təmin edilməyib, daha sonra isə Ali Məhkəmə cəzanı 8 il 3 aya endirib, lakin əmlakın müsadirəsi ilə bağlı qərar qüvvədə saxlanılıb.
Məhkəmə qərarına əsasən, Mahir Quliyevdən Bakıda yerləşən 2 mənzil, 1 "Audi" markalı avtomobil dövlət nəfinə müsadirə edilib.
Sonrakı məhkəmə çəkişmələri həmin əmlakların geri qaytarılması cəhdləri ilə bağlı olub. Mahir Quliyevin yaxınları müsadirə edilən mənzillərin onun icra başçısı təyin olunmasından əvvəl alındığını əsas gətirərək qərarın ləğvini istəyiblər. Lakin həm apellyasiya, həm də Ali Məhkəmə bu tələbləri təmin etməyib və müsadirə qərarı qüvvədə qalıb.
İş üzrə məhkəmə həmçinin dövlət qurumlarının mülki iddialarını da təmin edib və Mahir Quliyevin dövlətə vurulduğu müəyyən edilən ziyanın ödənilməsinə dair qərarlar çıxarıb.
Beləliklə, uzun illər bir rayonun taleyini müəyyən edən qərarların altında imzası olan Mahir Quliyev hakimiyyət kabinetindən birbaşa cəzaçəkmə müəssisəsinə yollandı.
Ardı var...
E.Məmmədəliyev,
Musavat.com






