İnsanlara hürriyət, millətlərə istiqlal!

2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək...

643 24.07.2026 23:19 Ölkə A A

Azərbaycanda həftəsonu gözlənilən kəskin isti hava şəraiti ilə əlaqəda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əhaliyə mühüm xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, qurumlar bildirib ki, yüksək temperatur, quraqlıq və küləkli hava meşələrdə, əkin sahələrində və açıq ərazilərdə yanğın təhlükəsini maksimum səviyyəyə çatdırır.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, şənbə və bazar günləri ölkə ərazisində havanın temperaturu daha da yüksələcək, bəzi rayonlarda isə 41 dərəcəyədək isti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir ki, belə hava şəraiti meşələrdə, milli parklarda və digər təbiət ərazilərində yanğın riskini ciddi şəkildə artırır. Nazirliyin məlumatına görə, meşə yanğınları yalnız ağac və kol örtüyünü məhv etmir, eyni zamanda vəhşi heyvanların yaşayış mühitini dağıdır, torpağın münbit qatına zərər vurur və ekoloji tarazlığı pozur. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda yanğından zərər görmüş ekosistemlərin bərpası onilliklər tələb edir.

Nazirlik vətəndaşlara müraciət edərək meşə və meşəətrafı ərazilərdə ocaq qalamamağı, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağı, quru ot, kol-kos və məişət tullantılarını yandırmamağı tövsiyə edib. Həmçinin günəş şüalarını cəmləyərək yanğına səbəb ola biləcək şüşə qabların və digər tullantıların təbiətdə saxlanılmaması vacib sayılır.

Bildirilib ki, hər hansı ərazidə tüstü və ya yanğın əlaməti müşahidə edilərsə, bu barədə dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilməlidir.

Fövqəladə Hallar Nazirliyi də öz növbəsində xəbərdarlıq edərək vurğulayıb ki, yüksək temperatur və quraqlıq şəraitində kiçik bir ehtiyatsızlıq belə genişmiqyaslı yanğınlara səbəb ola bilər. Xüsusilə əkin sahələrində, otlaq və meşə massivlərində yanğınların sürətlə yayılması ehtimalı yüksəkdir.

Nazirlik diqqətə çatdırır ki, isti hava səbəbindən kondisioner və digər elektrik cihazlarından istifadənin artması elektrik şəbəkələrinə əlavə yük yaradır. Bu isə qısaqapanma nəticəsində yaşayış evlərində və digər obyektlərdə yanğın riskini yüksəldir.

FHN vətəndaşlara elektrik şəbəkəsini həddindən artıq yükləməməyi, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini mütəmadi yoxlamağı, aşkar olunan nasazlıqları dərhal aradan qaldırmağı tövsiyə edir.

Nazirlik eyni zamanda əkin sahələrində, xırmanlarda, ot tayalarının yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin qəti qadağan olunduğunu xatırladıb. Fərdi yaşayış evlərinin, təsərrüfat və istehsalat obyektlərinin həyətlərinin quru otlardan və məişət tullantılarından mütəmadi təmizlənməsi də vacib hesab edilir.

FHN xüsusilə vurğulayır ki, küləkli hava şəraitində tonqal qalamaq qəti qadağandır. Meşə ərazilərində istirahət edən şəxslər tonqal qaladıqları halda onu nəzarətsiz qoymamalı, ərazini tərk etməzdən əvvəl tam söndürüldüyünə əmin olmalıdırlar.

Hər iki nazirlik vətəndaşları məsuliyyətli davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə və hər hansı yanğın və ya tüstü müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb. Mütəxəssislər xatırladırlar ki, bir anlıq səhlənkarlıq minlərlə hektar meşənin məhv olmasına, canlı aləmə ağır zərər dəyməsinə və uzun illər bərpası mümkün olmayan ekoloji fəsadlara səbəb ola bilər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR