İnsanlara hürriyət, millətlərə istiqlal!

3 günə 318 axtarışda olan şəxs saxlanıldı – 60 kiloqram narkotik ələ keçdi

166 24.07.2026 19:46 Kriminal A A

Son üç gün ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kriminal vəziyyətə dair diqqətçəkən göstəricilər qeydə alınıb.

Musavat.com xəbər verir ki, DİN-in yaydığı rəsmi məlumatlara görə, 21-23 iyul tarixlərində ümumilikdə 135, əvvəlki dövrlərdən bağlı qalan isə 45 cinayətin üstü açılıb. Bu müddətdə 318 nəfər axtarışda olan şəxs, o cümlədən 240 borclu saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Cinayət törətməkdə şübhəli bilinən 130 nəfər polis tərəfindən saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə də davam etdirilib. Son üç gündə keçirilən əməliyyatlar zamanı 48 narkotik faktı aşkarlanıb, ümumilikdə 60 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Təkcə Saatlı rayonunda keçirilən əməliyyat zamanı 37 yaşlı Miriş Miriyevdən 9 kiloqrama yaxın həşiş və marixuana götürülüb.

Eyni zamanda, qanunsuz kultivasiya və yabanı halda bitmiş narkotik tərkibli bitkilərin məhv edilməsi istiqamətində də geniş tədbirlər görülüb. Üç gün ərzində 36 mindən çox çətənə və xaş-xaş kolu, ümumilikdə təxminən 5,9 ton narkotik tərkibli bitki məhv edilib.

Qanunsuz silah dövriyyəsinə qarşı aparılan əməliyyatlar nəticəsində isə 1 avtomat, 1 tapança, 3 qumbara və 15 tüfəng aşkarlanaraq götürülüb.

Bu müddətdə müxtəlif cinayətlərin açılması istiqamətində də uğurlu əməliyyatlar keçirilib. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi hüquqi şəxslərin biznes hesablarına qanunsuz müdaxilə edərək 100 min manatdan artıq vəsaiti ələ keçirməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədovu saxlayıb. İstintaqın məlumatına görə, o, xüsusi proqram təminatı vasitəsilə şirkətlərin identifikasiya məlumatlarını əldə edib, elektron təsdiq sorğularından istifadə etməklə hesablara daxil olub və mənimsədiyi vəsaiti sonradan kriptovalyutaya çevirərək leqallaşdırmağa çalışıb.

Paytaxtda oğurluq faktlarının da üstü açılıb. Nəsimi rayonunda avtomobil təmiri sexindən 5 min manat dəyərində ehtiyat hissələrini, eləcə də iaşə obyektindən 2 planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Xətai rayonunda isə avtoyuma məntəqəsinə təhvil verilmiş "Subaru" markalı avtomobili qaçıran şəxs Kürdəmir istiqamətində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən tutulub.

Axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən tədbirlər nəticəsində son üç gündə dələduzluğa görə axtarışda olan 22 nəfər istintaqa təhvil verilib. Bundan başqa, ailələrini xəbərdar etmədən yaşayış yerlərini tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılan 21 nəfərin yeri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Yol hərəkəti sahəsində isə faciəli hadisə qeydə alınıb. İyulun 23-də Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində yolu müəyyən edilməmiş yerdən keçməyə çalışan piyada minik avtomobili tərəfindən vurularaq hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi piyadaları yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Bundan başqa, Oğuz rayonunun Qarabulaq kəndində 2 hektar əkin sahəsinin yanmasına səbəb olan şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar nəticəsində yanğının kənd sakini tərəfindən törədildiyi məlum olub və o, qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, yanvar-iyun ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 min 434 cinayət faktı aşkarlanıb. Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 497 kq 378, 1 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 698 kq 482,159 qramını marixuana, 236 kq 893,346 qramını heroin, 104 kq 999,798 qramını tiryək, 240 kq 913,147 qramını həşiş, 124 kq 868,74 qramını digər narkotik vasitələr və 91 kq 220,91 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 24 min 437 ədəd həb metadon, 9444 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 848 nəfər cəlb edilmiş, onlardan 2 min 766-si kişi, 82-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kq 615,242 qram və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyi bildirir ki, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, kibercinayətkarlıq və digər hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirlər ölkə üzrə davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR