SSRİ-nin gizli tarixi barədə qovluqlar onilliklər boyu arxivlərdə qapalı şəkildə qalıb. Bəziləri hətta 2000-ci illərin əvvəllərində yenidən məxfiləşdirilib. Yalnız son illərdə bu sənədlər, nəhayət, ictimaiyyət üçün əlçatan olub: əvvəlcə tarixçilər, daha sonra isə geniş kütlə üçün.
Reallıq isə hər hansı detektiv romandan daha qorxundur. Hər il Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX-FSB) 60 mindən 130 minədək sənədin məxfiliyini aradan qaldırır. Onların böyük əksəriyyəti quru hesabatlar, siyahılar və əmrlərdən ibarətdir. Lakin bu nəhəng sənəd dənizinin içərisində müharibə haqqında formalaşmış təsəvvürləri dəyişə biləcək qovluqlara da rast gəlinir. Aşağıda təqdim olunan üç hadisə məhz belə arxiv qovluqlarındandır.

1944-cü ilin sentyabrında Smolensk vilayətinin Karmanovo qəsəbəsi ərazisində yerli milis şöbəsinin rəisi Vetrov iki sərnişini olan bir motosikleti saxlayıb. Dəri palto geyinmiş kişi sənədlərini təqdim edib: 39-cu ordunun SMERŞ əks-kəşfiyyat idarəsi rəisinin müavini, Sovet İttifaqı Qəhrəmanı, mayor Tavrin. Onun yanında hərbi formada Şilova soyadlı bir qadın kiçik leytenant olub. Sənədlər qüsursuz görünüb. Çünki adamların yanında ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında fərmanın dərc olunduğu “Pravda” qəzetindən çıxarış da olub. Lakin nəsə şübhə doğurub və Moskvaya sorğu göndərilib. Cavab isə tez gəlib: 39-cu orduda heç bir mayor Tavrin mövcud deyil. Bu işə aid məxfilikdən çıxarılmış materiallar, nəhayət, tarixçilərin əlinə keçdikdə məlum olub ki, bu iki şəxs II dünya müharibəsinin ən cəsarətli əməliyyatlarından birinin içtirakçısıdır. “Çeppelin” əməliyyatı Hitlerin şəxsi əmri ilə hazırlanıb və onun yeganə məqsədi Stalini öldürmək olub.
“Mayor”un əsl adı Pyotr Şilo olub. Almanların tərəfinə keçmiş keçmiş sovet komandiri kəşfiyyatçı Otto Krausun rəhbərlik etdiyi gizli mərkəzdə hazırlanıb. Agentə təlimatı şəxsən Otto Skorzeni verib. Hətta alman cərrahlar agent üzərində əməliyyat apararaq onun qarın və ayaqlarında qəsdən kobud çapıqlar yaradıblar ki, əlillik barədə uydurulan hekayə daha inandırıcı görünsün. Tavrin 1944-cü il noyabrın 7-də Kremldə keçiriləcək təntənəli iclasa daxil olaraq, Stalini yaxın məsafədən güllələyəcəkmiş.

1939-cu ilin yayında Xalxin-Qol çayının sahillərində sovet ordusu Kvantun ordusuna sarsıdıcı məğlubiyyət yaşadıb. Sərhəd mübahisəsindən başlayan münaqişə yapon qoşunlarının tam darmadağın edilməsi ilə başa çatıb. Lakin arxivlərdə sovet dövründə də, ondan sonrakı uzun onilliklər ərzində də haqqında danışılmayan bir məqam gizli qalıb. 1939-cu il avqustun 29-dan 31-nə keçən gecə, geri çəkilmə zamanı bioloji silahların hazırlanması ilə məşğul olan yapon dəstəsinin əməkdaşları çayın sularına qarın yatalağı, paratif və dizenteriya bakteriyaları olan bir neçə balon boşaldıblar. Məqsəd çaydan su mənbəyi kimi istifadə edən SSRİ hərbçilərini və monqol çobanları yoluxdurmaq olub.
Fakt tarixdə 731-ci dəstə kimi tanınan bölmənin xəzinədarı, kiçik zabit Hayasi Kadzuonun dindirmə protokolunda qeyd olunub. Dəstə rəsmi olaraq sanitar bölmə kimi təqdim olunub. Əslində isə bu, canlı insanlar üzərində dəhşətli təcrübələrin aparıldığı bioloji silah istehsalı mərkəzi olub. Yapon komandanlığı SSRİ-yə qarşı genişmiqyaslı bakterioloji müharibə planlaşdırıb: xüsusi bombalar vasitəsilə ərazilərin yoluxdurulması, havadan bakteriyaların yayılması və su mənbələrinin çirkləndirilməsi nəzərdə tutulub.
Xalxin-Qolda bioloji silahın tətbiqi bu hazırlıqların ilk real döyüş sınağı olub. 1949-cu ildə yapon hərbçiləri üzərində keçirilən Xabarovsk məhkəməsi açıq olub və mətbuatda geniş işıqlandırılıb. Lakin Xalxin-Qol hadisələri, yəni kütləvi qırğın silahının sovet əsgərlərinə qarşı real tətbiqi ilə bağlı konkret ifadələr xeyli müddət məxfi saxlanılıb.

FTX tərəfindən məxfiliyi aradan qaldırılan daha bir sənəd uzun müddət kölgədə qalan hadisənin miqyasını üzə çıxarıb. Alman hərbi kəşfiyyatı işğal olunmuş ərazilərdə uşaq evləri şəbəkəsi yaradıb: Bobruyskda, Xarkov vilayətində və digər yerlərdə. Uşaq sığınacağı adı altında orada 7 yaşdan 15 yaşadək kimsəsiz uşaqlar toplanıb. Bobruysk “uşaq evi”nin kiçik qrupunda 20-yə qədər, böyük qrupunda isə 30-a qədər uşaq olub.
Onları yedizdirib, geyindirib və öyrədiblər. Daha sonra isə sovet arxa cəbhəsinə göndərilmək üçün hazırlayıblar. Tapşırıq konkret olub: cəbhəni təmin edən dəmiryol stansiyalarındakı kömür yığınlarına kömür parçaları formasında gizlədilmiş partlayıcı maddələr yerləşdirmək. Parovozun ocağında baş verən partlayış bütöv bir qatar eşelonunun hərəkətini pozacaqmış. Uşaqlar təhlükəsiz göründükləri üçün patrulların şübhəsini cəlb etməyiblər, böyüklərin dərhal saxlanılacağı ərazilərdə onlar sərbəst hərəkət edə biliblər.
1943-cü ilin sentyabrında SMERŞ Moskvaətrafı ərazilərdə, eləcə də azad edilən Kursk və Voronej vilayətlərində yaşı 14-dən 16-dək olan 28 belə agenti saxlayıb. SMERŞ rəhbəri Viktor Abakumov şəxsən Stalinə məruzə edib: yeniyetmələrdən ibarət üç qrup ölkənin müxtəlif bölgələrinə təyyarə ilə göndərilib. Saxlanılan 28 nəfərdən 15-i özləri könüllü olaraq təslim olub. Sonralar sovet əks-kəşfiyyatı təlim məktəblərinin yerləşdiyi yerləri müəyyən edib və onların fəaliyyətini dayandırıb. Lakin bu sistemdən nə qədər uşağın keçdiyi, neçəsinin arxa cəbhəyə göndərildiyi və heç vaxt geri qayıtmadığı barədə rəqəmlər bu günə qədər tam müəyyənləşdirilməyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






