İnsanlara hürriyət, millətlərə istiqlal!

Təsəllinin ən pisi: "Onsuz da narkomandır..."

Narkoloji mərkəzdə yanğın oldu. Mərkəz yekə sözdür. Tələffüz edəndə sayğı duyursan. Amma hərdən elə yerlərə mərkəz deyirik ki... Yox, əslində ora da mərkəzdir. Faciə, dərd, məhv olan insan mərkəzi.

Onsuz da həyatın dibinə düşmüş insanları harada və necə saxlayırlarmış deyə düşünəndə adamı nəsə bürüyür, amma bu dəhşət deyil. Ondan üstün və ağır hisdir. İfadə etməkdə çətinlik çəkir adam.

Bundan da dəhşətli başqa bir məqam. Ölənlərə bir xeyli adamın münasibəti belə oldu: “Əşi, narkomandır...”

Əşi, bir susun! İnsandır, insan! Barmağınız isti suya dəyəndə bir gün ufuldayırsınız. Yanıb kül olan, faciəsinin qoxusu bütün şəhəri bürüyən insana belə rişxənd etməzlər axı. Bir də ata, qardaş, ər, oğuldur sizə görə narkoman olan həmin insanlar.

Əslində bu yanğında həyatını itirən iyirmi beş adama münasibət deyil. İnsan olaraq xeyli məsələlərdə bir-birmizə münasibətimiz “onsuz da” ilə başlayır. Ehtinasız yanaşmadır. Bir-birimizə təxminən “cəhənnəmə ki” söyləməkdir. Yəni əsas odur mənə nəsə olmadı. Yəni onsuz da başqa cür olmayacaq. O üzdən bizə yuxarıların münasibətindən də inciməyək gərək. Yəni ki, “onsuz da”... Yəni “cəhənnəmə ki”...

Bir də martın 2-də, o hadisə baş verən gün, ümidvar idim, kimsə axşama qədər çıxıb gedəcək. Ya rayon icra başçısı, ya mərkəzin baş həkimi, ya da vəziyyətə cavabdeh olan, yanından “bismillahla” keçilən ciddi fiqurlardan biri, amma Tahir Əkbər getdi. Ölkənin ən nüfuzlu bəstəkarlarından, abırlı kişilərindən, peşəsinin sonuncu nəhəngi olanlardan biri. Bir də o iyirmi beş nəfər. Kiməsə görə narkoman, mənə görə yanıb cızdağı çıxan, ağır həyatı olan iyirmi beş bədbəxt azərbaycanlı. Bəlkə hansısa o mərkəzə yeni həyata başlamaq ümidiylə getmişdi, özü qarışıq ümidləri də yandı. Bəlkə heç təkcə öz yerlərinə yanmadılar!

Çox adamın ədalətsizlik, haqsızlıqdan necə yandığını göstərdilər. Məmur özbaşınalığı, yalan məlumat və hesabatların əlindən bezənlərin günü göründü bu faciədə. Onlar yandı, biz göstərdik. Qalır bir məsələ, görəsən, baxanlar nə gördü?!..

Bir də aidiyyatı qurumların mətbuat orqanlarına mat qalırsan. Əslində bir gün işdə saxlanılacaq adam deyillər. Rəisini müdafiə etməyi bacarmayan, işini təqdim etməkdə aciz olan, ağzının kəsəri olmayan, fövqəladə hallarda lal-mat qalan, ortalıqdan itən, gözə dəyməyən, yoxa çıxan, bir cümlə xəbəri normal yazmayan, bütün mətbuatı şayiə ümidinə qoyan, ağzını açmaqda acizlik çəkən mətbuat katibləri kimə lazımdır ax?!..

O faciədə diqqətimi bir də bu olay çəkdi. Narkoloji mərkəzə xəstə yanına gələnlərin çoxu qadın idi. Amma narkomaniya bəlası qadını haqlamış olanda bizim cəmiyyətdə kişilər geri çəkilir. Yəni qadını atır. Səbəbinin fərqinə varmadan atır. O gün həmin yanğından xəbəri olmadan bir neçə qadın həyat yoldaşına, qardaşına bağlama gətirmişdi. Dizinə döyüb “ay qardaş, bircə sən ölmə” deyən bacı fəryadı hələ də ağlımda dolaşır. Yəni burda olsan da nəfəsin gəlsin. Yəni biz bu halına da dözərik, bircə ölmə. Bu tərtəmiz sevgidir, ailə, bacı-qardaş, insan sevgisi. Siz də “əşi, narkomandır!”deyirsiniz... Deməyin, anlayın ki, heç kim bu bəladan sığortalanmayıb.

...Daha nə deyəsən?! Başın sağ olsun, Azərbaycan! Biz bütün cinayətləri səndə törədirik. Onu da bilirik ki, yeganə məsumu sənsən bu olayların!..

 

YAZARIN DİGƏR YAZILARI

13 May 2021

09 Noyabr 2020

27 Oktyabr 2020

19 Avqust 2020

28 Iyul 2020

26 Iyul 2020

13 Aprel 2020

24 Yanvar 2020

09 Dekabr 2019

25 Noyabr 2019

20 Noyabr 2019

08 Sentyabr 2019

09 Avqust 2019

19 Iyul 2019

18 Iyul 2019

17 Iyul 2019

06 Iyul 2019

11 Iyun 2019

17 May 2019

29 Aprel 2019

27 Aprel 2019

11 Aprel 2019

10 Aprel 2019

03 Aprel 2019

30 Mart 2019

28 Mart 2019

27 Mart 2019

28 Fevral 2019

09 Fevral 2019

07 Fevral 2019