İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölən bizim uşaqlardır...

1932 17.05.2019 16:50 Astrologiya A A

Bizə nəsə olur. Hamımıza. Cəmiyyətimizə, insanlarımıza. Sosial statuslara bölsək, analara, atalara, uşaqlara, vətəndaşlara, müəllimlərə və sair... Yəni hər kəsə nəsə olur. Çoxluq ölüm istəyir. Ya özünə, ya qarşısındakına, ya da bütövlükdə ölkəyə. Ən dəhşətlisi də odur ki, intiharlar gəncləşir, xəstəliklər kimi. Əvvəl intihar edənlərin həyatını araşdıranda, nəhəng bir dram əsəri olacaq hadisə çıxırdı. İndi “buna görə ölmək lazım deyidi axı...” təəssüfünü keçirirsən. Çünki məişət problemləri, sevgisizlik, diqqətsizlik, qayğısızlıq, maddi ehtiyaclar çıxır intihar hadisələrinin araşdırmasından. Özü də bu üsyanı azyaşlılar edir. “Bizə sevginiz, diqqətiniz, siz lazımsınız, siz” deyirlər elə bil ailələrə və cəmiyyətə...

Yenə də intihara cəhd olub. 109 saylı məktəbin şagirdi özünə qəsd etmək istəyib. Valideyn məktəbə hücum çəkib, bir “jurnalist”lə. Son dərəcə naxoş insident yaşanıb, özü də polis müdaxiləsi olmadan sakitləşməyib tərəflər.

Məktəb valideyni, valideyn məktəbi, adamlar hər ikisini demək əvəzinə, ancaq məktəbi günahkar bilir. Məqsədim “Kimdir günahkar?” sualı ətrafında baş sındırmaq deyil. Hamı günahkardır əslində. Çünki kimsə “mənəm günahkar” demək, səhvlərini etiraf etmək istəmir. Kimsə anlamır ki, ölən uşaqlardır, bizim uşaqlar, balalar! Buna onları biz təhrik edirik. Xüsusən də ailələri! Sevgisiz, diqqətsiz, nəzarətsiz böyütdükləri üçün...

Bu, dəhşətli göstəricidir. Bilirsinizmi niyə? Ölkədə ailə, insanlıq, mənəviyyat ənənələrinin bünövrəsi zədələnib, laxlayıb. O üzdən çoxu ailə, insanlıq, mənəviyyat standartlarından irəli gələn tələblərə əməl etmək, onlarla yaşamaq, onlarla uşaq böyütmək istəmir. Hamı düyna vətəndaşı yetişdirmək barədə düşünmür. Anlamır ki, dünya sən özünsən. Yəni dünyanın zinəti insandır. Sən özünü kamil, hər problemlərə hazır yetişdirməlisən. Bunun üçün bircə şey tələb olunur ailə standartlarını bilmək, onlara uyğun davranmaq. Bunu uşaqlara biz etməliyik, valideynlər, yoxsa sizi bilmirəm, mən dəqiq əminəm, 109 nömrəli məktəbdəki hadisə sonuncu olmayacaq...

***

...Və ayrıca...

Hər sayt açan, jurnalist deyildir!

Hər yazı yazan, jurnalist deyildir!

Hər cümlə quran, jurnalist deyildir!

Hər iş tapmayan, vəsiqə qayırtdıran, jurnalist deyildir!

Jurnalist hər yazdığı sözə görə məsuliyyət daşımağı bacaran, mənəviyyatı, əxlaqı, yerində olan, şəxsi münasibətləri hər şeyi üstələməyən, hər yazdığının dövlətə, cəmiyyətə, insanlara faydalı olub- olmadığı üzərində saatlarca baş sındıran, fədakar insandır. Fədakarlıq tələb edən peşədir. Yəni demək istədiyim odur ki, mənəvi, psixoloji qüsurlu adamları yanınıza salıb məktəb-məktəb, idarə-idarə gəzdirməyin. Onlar üçün siz problemi, qayğısı olan İNSAN, vətəndaş deyilsiniz, sadəcə İP-siniz, vəssalam...

***

İki gün öncə işdən evə gələndə, Bayıl qəsəbəsində, yaşayış binalarından birinin divarında boya ilə yazılan belə bir cümlə dəydi gözümə: “Elina bizi bağışla”... Bu həmin məhşur Elinadır, məktəbin üçüncü mərtəbəsindən özünü atıb intihar edən yeniyetmə qız...

...Onu sevmədikləri, qəbul etmədikləri, düzgün yönəltmədikləri, problemlərini hayqıranda başa düşmədikləri, veclərinə almadıqları, nəyə gəldi, necə gəldi özbaşına buraxdıqları, çıxış yolu göstərmədikləri, saymadıqları, qorumadıqları, ölüməyə məcbur qoyduqları üçün Elina ailəsini, cəmiyyəti, hər birimizi bağışlayacaqmı, bilmirəm...

Şükürlər ki, həyatdadır, ancaq ölkədə hər kəs 109 nömrəli məktəbdəki olayı, o ailəni, müəllimi, intihara cəhd edən yeniyetməni tanıdı bildi. Bu da bir cür mənəvi yükdür. Təbii ki, o uşağın özünə. Bunu edənsə yenə cəmiyyət, ailədir. Məktəb ən sonuncudur bu siyahıda.

...O üzdən bütün problemlərə, sosial şəbəkələrə, müzakirə olunan məsələlərə, bizə aid olan, olmayan qeybətlərə, hər şeyə bir ara verək. Özümüzə dur, deyək. Bütün bunları sevgiyə çevirib evimizdəki uşaqları sevək, tərbiyə edək, düzgün istiqamət verək, özləri hiss etmədən nəzarətimizdə olsunlar ta müstəqil həyata hazır olanacan. Ta, ən xırda məsələdə belə soyuqqanlı, açıq zehinlə reaksiya verənəcən. Ta ölmək yox, yaşamaq istəyənəcən...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR