İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaqiflə Ramizin Söylüsü və koronovirusdan görünənlər...

1773 13.04.2020 14:49 Yazarlar A A

“Kəndli” və “kəndçi” fərqinə varmayanlara ithaf...

Dünya kosmosda təsərrüfat qurur, necə yaşamağın yolunu arayır, torpaq alır, nə bilim, ekskursiyalar təşkil eləyir. Bir sözlə, göylə əlləşir. Azərbaycan ictimaiyyətinin qaymaqları, kütləyə qoşulub kəndli və ya kəndçi, şəhərli "razborkası" aparır.

Məmləkətin ictimia ruhunu, düşüncəsini, təfəkkürünü bu hala sanlar məqsədlərinə çatıblar. İllərdir arzuları bu mənzərəni görmək idi, görürlər. Hələ dünyanı caynağına alan koronavirus “pəncərəsindən” baxanda lap çox şey görür adam. İşsizlik və yoxsulluq faizimiz yüksəkdir. Sürətlə xalq olmaqdan, kütlə olmağa doğru gedirik. Ələbaxan vətəndaş kimi yetişdirilmişik böyük əksəriyyətimiz. Ideologiyamız yox həddindədir, milli dəyərlərimiz ciddi zədələnib. Bəs bu nələrə yol açır? Natamamlıq sindromu yaşayan adamlar çoxalır. Onlar özlərini isbatlamaq, cəsarətli, söz deyə bilən olduqlarını göstərmək üçün mühit və hadisə axtarır. Fürsət yarandımı, ictimai nüfuzu olan, özünü zor-güc qoruya, yetişdirə bilən, dövlətinə, millətinə sədaqətini göstərən, məqamı gəldikcə, gerçəyi sərt şəkildə deyə bilən adamları linç edirlər. Afaq Bəşirqızını deyirəm. Vaqif Səmədoğlunun yazdığı, Ramiz Əzizbəylinin filmə çəkdiyi, Afaqı və yaratdığı Söylünü...

***

Söylünü obraz olaraq Afaq oynamışdı. Amma onu Vaqif yaratmışdı, xalq şairi Vaqif Səmədoğlu. Rejissor, Xalq Artisti Ramiz Əzizbəyli də çəkmişdi onu, elə Vaqif istədiyi kimi çəkmişdi həm də. Yəni, Söylü əslində üç möhtəşəm azərbaycanlının yatardığı idi. İndi deyirlər ki, Afaq Bəşirqızı elə o vaxtdan, həmin obrazı ilə kəndlilərə kəndçi deyib, ələ salıb adamları.
Başlayaq kəndçi və kəndli arasındakı fərqdən. Vaqif və Ramiz Söylünü niyə həm kəndli, həm kəndçi yaratmışdı? Kəndçilik insanın ruh halıdır, xarakteridir. Yəni akademik, nazir olub da, kəndçi olanlar var. Amma kəndli də var ki, min şəhərli kəndçi əlinə su tökməyə yaramaz. O üzdən Afaq xanıma deyirəm ki, bir qrup şəhərli kəndçinin sizə dediklərini önəmsəməyin. Heç zaman üzbəüz gəlsələr şirə dönüb yazdıqlarını üzünüzə deyə bilməzlər. Əminəm bu sözləri sizə deyənlər sırasında xalqdan heç kim yoxdur. Kəndçi olmayan kəndli kimi bəndəniz də belə əzablar yaşayır Azərbaycanda, yazar, müəllif olaraq. Hərdən bezir, sonra da dönüb deyirəm ki, yaxşı, kütlə belə edir, buna VƏTƏN, MİLLƏT neynəsin?! Beləcə yola davam etməyə yenidən həvəs yaranır. Nə isə...dönək Vaqifin yaratdığı Söylüyə. Nə demək istəyib Vaqif, niyə yaranıb kəndli, kəndçini, Söylünü?! Hər kəs kimi müəllif olaraq bəndənizin də anladıqları var Söylüdən...

...Vaqif demək istəyib ki, kəndlisən, ya şəhərli fərq eləməz, əsas odur kəndçi olma. Nə də imkan vermə kimsə səni kəndçi eləsin...

Vaqif demək istəyib ki, düşüncə tərzi, ər-arvad, ictimai mövqe, dostluq, yoldaşlıq, vətəndaş, valideyn olaraq kəndçi olmaq istəyən hər kəs elə Söylüdür...

...Vaqif demək istəyib ki, neçə balan olur olsun, savad ver, sevgi ver, tərbiyyə ver. Edə bilmirsən, alınmırsa, yazıqdır o balalar, doğma, əkmə. Dünyaya gətirmə onu...

Vaqif deyib, adamsansa hüquqlarını biləcəksən. Döyülüb-söyülməyə tabe olub, hırıldamayacaqsan, şərəfini qoruyacaqsan, haqsızlıqları zarafata salıb, simasızlaşıb üzərindən keçməyəcəksən...

Vaqif deyib ki, alverçi rasimlərə, dəyərləri olmaya sedalara, alkaqolik Hüseynə, mənasız fanata, Tanrıbəy dayıya oxşamayacaqsınız...

Vaqif deyib, kəndli ol, amma kəndçi olma. Kəndi də, işıqlı kəndlinin də adını batırma...

...Vaqif deyib ki, qarşına dünyanınmı, ölkəninmi, ən nəhəngi çıxsa da, sözünü deməyi bacar, mərd ol,özünü itirmə...

...Vaqif yaltaq, yalaq olma deyib...

...Və Vaqif bütün bunların son nəticəsini göstərib. Yəni ki, dönüb də etməməli olduqlarını edəcəksənsə, demək ki, Söylüsən. Bir obrazda bu qədər sözü oxumayanlar nədir bəs Vaqif usta?! Sağ olaydın gərək? Di gəl, buna nə cavab verəcəyini sənlə bircə dəfə ünsiyyət qurmuş hər kəs artıq ehtimal edir yəqin…

…Afaq Bəşirqızına gəlincə, o sözündə, fikrində hansısa yalnışa yol verə bilər. Amma dediklərinin yarıdan çox acı həqiqətdir axı. Bizim başımıza gələn və ya gətirilənlərin böyük əksəriyyətinin səbəbi elə biz özümüzük. Haqqımızı yedirtmək, bir birimizi ayağa vermək, məndən ötdü demək, qorxmaq və ələbaxan olmağı asan yol bilməklə. İnanmasanız da qulağınızı bəri tutun, sizə sözüm var, biz tənbəlik, yaman və çox tənbəl...

***

İndi gələk bizə. Durumumuz heç yaxşı deyil. Cəmiyyətdə dəyəri olanları ələ salmaq, bunun çox ciddi göstəricisidir. Qaldı Bəşir kişinin qızının bu olanlardan sonra bizə deyəcəklərinə. Bilirəm heç nə deməyəcək. Onu sevib göyə qaldırdığımız, xalq artisti zirvəsinə ucaltdığımız günlərə, bir də şəxsinə ünvanladığımız alqışlara bağışlayacaq bizi. Yığılıb qalan bütün yaxşılıqlar insanın və ya insanların əfv olunmaq üçün kapitalıdır, yəqin bunu unutmaz Afaq xanım...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR