İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif oğluyla yol getmək...

1781 24.01.2020 12:20 Yazarlar A A

Neçə gündür düşünürəm, bəlkə elə bilər unutmuşam. Əslində sosial şəbəkə üzərindən hər paylaşımında, az qalıram sevincdən göyə uçum. O, irəlidə olduğunu arzuladığım adamlardandır. Ən çətin anların dostudur. Sənin yanında zənginsən deyə yox, sənsən deyə durub həmişə. Sənə dəyər və dəyərli olduğunu hiss etdirən az sayda adamlardandır. Bacarıqlı adamlar yetişdirməkdən, onu irəli buraxmaqdan qorxmur.

Sən də bilirsən ki, indi adamlar adama yaxşı şeyləri etiraf etməkdən qaçır. O adam bunu etiraf edir ki, şəxsiyyəti, ürəyi tamdır, bütövdür, var! Uğurlu sima görəndə onu seçə, dəyərləndirə, dəstək ola bilir, himayəsinə almaqdan qorxmur, çəkinmir. Bacarıqlı adamlar yetişdirməkdən, onu irəli buraxmaqdan qorxmur. Bizim tanışlığımızın yaşı çoxdur, dostluğumuz daha gəncdir deyə hələ uzun, maraqlı ömrü olacağından əminəm. O həm də elə dostdur ki, elə bilirsən min ildir yanındasanmış.

İndi gələk onunla qardaşlığın, dostluğun başladığı məqama. İşimlə əlaqəli ciddi problem yaşayırdım. Yazdım ki, bəy, sizinlə əməkdaşlıq etmək istəyirəm. Qoymadı gerisini gətirim. Dedi,  Hasanım (uzun illər tanıdığı, dəyər verdiyi imzaları hərdən belə çağırır), yolla gəlsin. Müsahibə, reportaj janrında uzun illər işləmiş müəllifə bir də belə təklif gəlir- həftədə iki köşə yolla. Onun təklif etdiyi janrı, üslubu həmişə nəhənglər yazıb axı. Düzü, özümü o alanda görmədim. Xarakterindəki sərtlikdən dolayı da çəkindim bir az düzü, susdum və yazmağa başladım. Gecə-gündüz demədən, məndən yazı yazmaq tələb elədi. Həftədə iki dəfə yazmağa razılaşdığımız halda, elə həftə oldu çap etdi-etmədi, hər gün yazı tələb elədi. Bəzən mövzu da verdiyi oldu. Səbrlə, təmkinlə, dözümlə və qarşılıqlı sayğıyla işlədik.  O, məni, bir reportyoru uzun illər üzərində çalışıb ictimai adama, köşə yazarına çevirdi. Sonra da hər ziyandan, sənə qarşı olan hər sui-istifadədən səni qorudu, öz brendi olaraq. Bəzən yazıları verməməklə, bəzən qarşısında uşaq kimi danlamaqla. Bəzən uzun-uzadı telefon danışıqları ilə. Bəzən küsdürüb, ağlatmaqla elədi bunu. Amma bütün bunlarda bir doğmalıq duydum hər zaman. Hasanım, ablacım, nasılsın?... deməklə...

... O, Londonda, mən Bakıda. Məlumatsızam ki, səhhətində ciddi problem yaranıb və aeroportdan xəstəxanaya aparıblar onu. Zəng edirəm və səsim titrəyir:

-Abi, mənə bir şey olsa uşaqlar sizə əmanət. Balalarımı unutmayın. Mənə ilkin mərhələdə xərçəng diaqnozu qoyulub, həm də qorxuram, eybəcər ölümdən qorxuram...

Həyatımda bu dediyim söz qədər məni üşəndirən ikinci cümlə qurmamışdım. O vaxt məni “sevənlərin” bir neçəsi də bildi durumu, amma özünü unudub ilk reaksiya verən iki nəfərdən biri oldu Rauf Arifoğlu. Ürək-dirək verdi, “gözlə” dedi, sağollaşdıq. Bir azdan zəng gəldi:

- Səni Nəsimi doktor gözləyir, get onun yanına, bir o da müayinə eləsin, gerisinə sonra qərar verək. Sən günün hansı saatı olsa zəng elə, mən indi qayıda bilmirəm, bir neçə gündən sonra dönəcəm. Burada durum yaxşı deyil, amma sən anbaan mənə xəbər elə... Bu həm də o zaman baş verirdi ki, biriləri “sən ona abi deyirsən, amma o heç  nə eləməyəcək sənə görə, inanmıram” deyib arada var-gəl edirdi...Yəni mənim ən ağır günümdə belə, ən böyük DOSTdan imtina eləməyimə çalışırdılar kimlərsə, niyə? Bu gün də anlamış deyiləm.

Əslində biz artıq o mərhələni çoxdan adlamış müəllif-baş redaktor, bacı-qardaş, DOST idik, gülümsəyib keçməkdən başqa da bir jest etmirdim o üzdən. Hələ çox şey yazardım. Çox, lap çox danışardım...

Məsələn, Gəncə hadisələrində bir gecədə dörd yazı yazıb səhəri hərə öz evində, amma kompüter qarşısında diri açmağımızdan...

Aprel hadisələrində çiyin-çiyinə işləməyimizdən...

Söyüş müxalifətinə qarşı “vuruşmağımızdan”...

Ölkə mediasındakı durumlara müəllif üsyanıma verdiyi dəstəkdən...

Məncə, onun həyatı nə zamansa yaxşı bir film olacaq. Qarabağ döyüşləri, hərəkat illəri, 30 yaşlı “Yeni Musavat” Media Qrupu ilə birgə gəldiyi yolda yaşadıqları, ona yaşadılan çoxlu sayda haqq etmədiyi ədalətsizliklər və sair...

Amma düşünürəm buna bir parlament səhifəsi də əlavə olunacaq. Çünki Rauf bəyin, “Yeni Musavat” brendi kimi, qazanacağına ümidvar olduğum mandat üzərindən də millət vəkili brendi yarada biləcəyinə əminəm. Bilirəm, bu mandat qazanılsa, ölkə mediasına da, dövlətə də, dövlətçiliyə də ancaq faydası olacaq.

...Və söz düşmüşkən, sən çevik  siyasi fiqur, çox yaxşı “oyunçusan”. Amma mənə də həyat və peşəm nələrisə öyrədib. Məsələn, müşahidə eləmək, görmək, bilmək, eşitmək, düzgün analiz etməyə çalışmaq, anlamaq kimi. O üzdən bilirəm, bu illər ərzində “ondan ulduz düzəltmə, ya da düzəltmisən, neynirdin?!” deyənlər də oldu. Bunu etməməkdə israr göstərənlər də. Sən, imza, dost, qardaş olaraq heç vaz keçmədin məndən. Əksinə, daha da önəmsədin, daha çox yer verdin, daha qabarıq göründüm sevgili tribunamda, “Yeni Musavat”da. Elə bir xeyli də bunun sayəsindədir səninlə parlamentə seçkilər prosesində çiyin-çiyinə, namizədlərdən biri kimi dura bildim. Bu uğurda sənin xidmətin, payın var. Çünki  heç haqqıma girmədin. Ədaləti, vicdanı, cəsarəti və yaxşı ürəyi olan hər kəs haqq edir o mandatı. Çünki bu gün dövlətin də, millətin də ehtiyacı olan duyğulardır bunlar. Bu yolda sənə uğur diləyirəm, sevgili Rauf Arifoğlu!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR