İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyid qızları olan üç bacının hekayəti

2478 11.06.2019 12:24 Yazarlar A A

Mövhumatdan uzaq ALLAH sevgim var. Bilirəm ki, dünyanın hansı yanında olur-olsun, müdafiə edənim, çəkindirənim, yol açanım var. Bunu ən əvvəldə ona görə yazdım ki, müəllifin imansız, inancsız, kafir olduğunu deməsin qaraguruhçu mövhumatçılar.

***

...Sovet dönəmində kəndimizdə bir ailə vardı. Bu ailədə üç qız övladı, üç bacı böyümüşdü. Onlar böyük, yetkin adamlar olanda, mən uşaq idim. Düzü, indi həyatdadırlar, ya yox, bilmirəm. Sadəcə, bu gün seyidin qaloşuna (ayaqqabı, papaq versiyaları da var) iman gətirənləri görəndə xatırladım onları. Adlarını bəlkə çox adam bilmirdi. Ancaq KQB-nin, milisin, rayon partiya komitəsinin ciddi nəzarətində idilər. Qorxduqları üçün gündüz kimsə onları ziyarət eləməzdi. Səhv eləmirəmsə, birinin ailəsi olub, amma sonradan rəhmətə getmişdi. O gözəl xanımlarla ailə quran da yox idi qorxusundan. Gecədən-gecəyə, rayon, kənd əhli, hədsiz çox sayda adam, onlara necəsə faydalı olardılar. Hətta məhərrəm ayında evlərinə yaxın bir yerdə post da qurardı rayon milisi. Buna baxmayaraq, gecə milis gedən kimi, adamlar onların odununu yarar, hovuzlarında su olsun deyə maşınla su gətirər, həyətini, evini təmizləyər, ərzaq alıb gətirərdilər. Onarı gündüzlər kimsə kənd, rayon arasında görməzdi. Yəqin özlərinin də müəyyən qorxusu vardı rayon rəhbərliyindən. Bir də hərdən gecələr kimsə onları qorxudardı. Xatırlayıram, bir neçə dəfə davamlı olduğu üçün o illərdə rayon cavanları növbə ilə uzaqdan qarovullarını da çəkərdi, yazıqdırlar, insandırlar, kimsə dəyməsin onlara. Buna baxmayaraq, bir dəfə evlərini naməlum adamlar yandırmışdı. Sonradan adamlar öyrənmişdi ki, bunu rayon rəhbərlərindən biri etdirib. Çünki mərkəz hər dəfə bu qadınlara görə onu töhmətləndirirmiş. Yəni bu yolla həmin vəzifə adamı qadınların gözünü qorxudub rayondan qovdurmaq istəyirmiş. Sonra o vəzifə sahibi, Bakıdan rayona dönəndə yol qəzasında həlak olmuşdu. Bu olay bir az durumu yumşaltdı həmin qadınlara qarşı. Hamı qorxmağa başladı. Dedilər , filankəsi seyid qızlarının cəddi tutdu...

***

Sovet dönəmində özü qədər, adı da maraqlı Medal babam, rayonda namazını, orucunu aşkar tutan, qılan, evində nadir Qurani-kərim saxlayan az sayda rayon ağsaqqallarından idi. Bəlkə o illərdə biz, baba, nənə, nəvə üçlüyü, yeganə ailə idik, seyid qızlarının evinə gündüz də gedirdik. Babamla nənəmə xüsusi hörmətləri var idi rayon rəhbərlərinin də, üç bacının da. Hətta məhərrəm ayında, qətl sınanda rayon camaatının başında duran babama görə bir neçə saat qətl sınma mərasiminin keçirilməsinə göz də yumurdular. Əslində onlar da imansız deyildi, sadəcə dövr belə idi. Qatı islamdan, dindən, mövhumatdan uzaq olmalı idi adam. Bunu niyə xatırladım? O dönəm üçün rusların müsəlmanlara tətbiq etdiyi belə qayda ədalətsizlik idi, ifrata varırdılar. Bəlkə də mövhumatın başqa bir formada təcəssümü idi bu, bilmirəm.

İndi azadıq, müstəqilikdir, hər kəsə meydan verilib. İndi də məmləkət müsəlmanları bir seyidin qaloşuna, ya da papağına və ya tüpürcəyinə iman gətirir.

Üç seyid qızına su verilməsini qadağan edən sosializm...

Bir seyidin qaloşuna, papağına, tüpürcəyinə iman gətirməyə icazə verən kapitalizm...

İkisi də qorxuludur, ikisində də ancaq birinin, qeyri-islamın var olmasına xidmətdir. Təbii ki dolayısıyla. Və ikisi də ifratdır.
O üzdən millətlər millət, dövlətlər dövlət o zaman olur ki, ikisinin ortasındakı qızıl aralığı tapır. Bizdə hər iki rejimdə məhz bu olmayıb, edə bilməmişik, alınmayıb. Özü də təkcə iman məsələsində yox, bütün məsələlərdə beləyik.

Məsələn, oğurluq edir, gedir türmədə namaza oturur...

Arvadını döyür, imam Əli, Həsən, Hüseyn eşqinə zəncir vurur...

Zina edir, haqq-ədalətdən dəm vurur...

Ata-anasına zülü eləyir, fitrə çıxarır, zəkat verir...

Biz hələ islah olunub, tərbiyyələnə bilməmişik bu iman, inanc məsələlərində. İnancları bütləşdiririk, Allahı haram buyurduğuna dönürük. Seyidlərin qaloşundan, papağından mədət umuruq. Özümüzü islah eləmək ağlımızın ucundan belə keçmir. Çoxu artıq unudub, unudub ki, əslində...

Allah əməlindir, elədiyin yaxşılıq qədər...

Allah əxlaqındır, təmiz mənəviyyatın kimi...

Allah işığındır, daim yolunun üstündə yanar...

Allah vicdanındır, səni çəkindirər...

Allah rəhmindir, səni daşlaşmaqdan qoruyar...

Allah havandır, udub, nəfəs alarsan...

Allah qorxundur, əməlinin hesabatını istəyər səndən hər gecə, özünlə qalanda...

Allah sevgindir, üzünü gözəlləşdirər...

Allah ruhundur, səni özünə göstərər...

Allah nəfəsindir, var olduğunu yadına salar, özünü unudanda...

Allah sən özünsən İNSAN, hər şeyə qadir olduğun üçün!

...Allah da sən olduğun üçün vardır. Onu adlandıran, onun var olduğunu dilə gətirən sənsən çünki. Bütün bunlardan sonra, başına bir seyidin qaloşu, ya da papağı çırpılırsa, və deyilirrsə ki, bu səni bəladan azad edəcək, kamil biri olacaqsan, sən də inanırsan, eləmi?

Demək ki, problem sənsən. Özünü yer üzünün əşrəfliyindən məhrum edə-edə bu günə qalmısan. Bu birinin ayağının ayaqqabısını, qaloşunu, ya da papağını sənin təpənə çırpmaqla həll ediləcək iş deyil. Ay qardaş, can bacı, özün özünü silkələ. Bəlkə, mövhumatdan, qəflət yuxusundan, tənbəllik, ələbaxımlıq bəlasından, etdiyin zinalardan, törətdiyin fəlakətlərdən özünü xilas elədin, ey məmləkətü-ümmət!..

Jalə Mütəllimova

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR