İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövləti belə adladırlar: üzə durmaqla!...

4179 30.03.2019 14:22 Yazarlar A A

Deyir, məhkəmə orqanları məlumat yaymağa hazırlaşır. Guya aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun xanımı Nəcibə Axundova yalan danışıb. İttihamlar yağdırıb onu cəmiyyətin və dövlətin gözündən salmağa cəhd edirlər. Özləri bulaşdıqları çirkabdan çıxmaq üçün. Anlamaq istəmirlər ki, çabaladıqca batırlar. Çünki quyruqları qapı arasındadır. Yəni iş adamı İsfəndiyar Axundoun da, vəkilinin, onun köməkçisinin də, məhkəmə və hakimin də durumu yaxşı olmayacaq. Çünki onlar şəhid ailəsinin haqqına girib. Bunun yeganə hal olmadığı artıq dövlətin rəhbərlərinə də bəllidir. Ən acınacaqlısı bu ki, artıq rəsmi çevrələrin bildiyi məsələnin də əksini isbatlamaq istəyirlər. Dövlərin üzünə dururlar! Demək ki, dövləti belə aldadırlar: Üzə durmaqla!..

Ziyalı, abırlı bir ailəni aylardır var olduğuna peşiman ediblər. Məhkəməli, iş adamlı hamısına hesab sorulacağını gözəl bilirlər. Amma unudurlar ki, obyektin kimin adına olması, sonradan və niyə başqa birinin Nəcibə Axundovanın atasının adına keçirilməsi, bağlanan müqavilə, ödənilən məbləğə dair sənədlərin hamısı durur. İstənilən an dövlətə təqdim olunacaq, məhkəməyə yox. Bir də məhkəmədə şahidlər var, vəkil var, məhkəmə protokolları var. Qaldı o qadının şəxsiyyətinə, burda dayanın bəylər!..

O qadın, çoxu kimi aşınmayıb, safdır!

O qadın müəllimdir, sizə ANA, ATA sözünü yazdıran müəllim!

O qadın dövlətinin qulluğundadır, rəhbərlik etdiyi məktəbdə yaratdığı sistem, buna ciddi göstəricidir!

O qadın, anadır, hər birinizin anası qədər ANA!

O qadın, tənhadır, ruhu ağrılıdır, sevdiyi kişini, övladlarının atasını torpağa verib!

O qadın, bir şəhid kişidən dövlətinə, millətinə əmanətdir!

O qadın, bir millətin siması, arı, namusu, bir şəhidin ailəsidir!

O qadın, çox qadının dözüb tablamadığı şeylərə dözür!

Onun balası xəstədir, bəylər! Sizdən qorxub xəstələnib. Qorxudan, stresdən xəstədir. Siz onun anasını öldürə bilərsiniz, ləkələyərsiniz deyə on birinci sinif şagirdi, yeniyetmə şəhid balası, “ana, sən onlara daha söz demə! Ana, bizi öldürərlər! Ana, məhkəməyə getmə, onlar kriminal adamlardır! Ana, sənə nəsə edərlər! Ana, bizə nəsə edərlər!”deyib, hər gün. Belə ailələrin sizin kimilərə möhtaclığından çox utandım düzü, “bəylər”!..

Nə isə, qorxuram bir gün şəhid ruhlardan birini oyana, dura gələ, deyə ki, axı siz niyə yaşayırsınız? Bir şəhidin məktəbli balası bu qədər stress keçirirsə, niyə varsınız ki?!..

***

...Burdayıq! O yazını ilk ictimailəşdirən hər kəsi hara desəniz dəvət edib sorğulayın, hörmətli yetkililər. Sizə nə deyəcəklər, nə sənəd yollayacaqlar, bilmirik, bildiyimiz odur ki, haqlı onlar deyil. Bu məsələni ictimailəşdirən media adamları və o ailədir haqlı olan.

Sizə, ölkənin birinci vitse-prezidenti olaraq aryıca minnətdaram Mehriban Əliyeva. İnsan, qadın bu mövzunu ilk yazan üç müəllifdən biri kimi, sonsuz minnətdaram. Gözəl jestə, ədalətli addıma görə sağ olun. Bizim pullu isfəndiyarlardan qorxan yaşımız deyil. Hansısa vəkillərinin, ədalətsiz məhkəmə və hakimlərin əlində aciz olacaq adamlar da deyilik. Pulumuz olmasa da əqidəmiz, əxlaqımız, dövlətə sədaqətimiz, vicdanımız tamdır. Bizə qanunları işlək, dövlət rəsmiləri yerində və ədalətli AZƏRBAYCAN lazımdır. Haqq itən, ədalət tapılmayan, vicdan susan yerdən biz istəyən AZƏRBAYCAN olmaz!..

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR