İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin məhkəmə islahatı, “şəhiddən məhkəməyə nə?!” ritorikası, Şərurlu İsfəndiyarla obyekt davası...

2632 28.03.2019 21:23 Yazarlar A A

Bu günlərdə Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində islahatlar aparılması barədə mesaj verdi. Bu istiqamətdə konkret addımlar atılacağını bildirdi.

Məhkəmələr ən ağrılı yerimizdir, ən bərbad, ən yararsız vəziyyətdə olan sahədir. Amma həm də ən vacib sahədir. Görünür, buna görə də  prezident islahata ehtiyac görür. Hansı yandan baxılsa obyektiv yanaşmadır. Çünki dövlətin vicdan, ədalət göstəricisidir məhkəmələr. Haqqı nahaqqa yedirtməyən, yalanı, yanlışı qadağan edə biləcək, hökümlü qurumdur. Ya da əslində belə olmalı idi, amma olmadı...

Bunu niyə yazdım? Niyə hesab edirəm ki, ən ədalətli qərarlardan, mesajlardan biridir məhkəmə-hüquq sahəsində islahatların aparılması?

Bu günlərdə təkcə müəllif və media adamı olaraq mənə yox, bəlkə ölkəyə, dövlətə utanc gətirən bir olaya, məhəmə çəkişməsinə şahid oldum. Daha dəqiqi bu ki, aprel şəhidi, polkovnik- leytenant Sənan Axundovun ailəsi bu gün dardadır.

 Xanımı Nəcibə Axundova deyir ki, “Kamran” MMC şirkətinin inşa etdiyi binada, əlli kvadrat metrlik qeyri-yaşayış sahəsi alıb. Yer atasının adına sənədləşdirilib, ödəniş etdiklərinə dair bütün çeklər, yerin onlara aid olduğunu təsdiqləyən müqavilə də var. Sonradan məlum olub ki, şirkət doxsana yaxın ailəni aldadıb. Məhəmə çəkişmələrindən sonra binanın yarımçıq qalan inşaat işlərini Şərurlu İsfəndiyar adı ilə məhşur olan iş adamı, İsfəndiyar Axundov  davam etdirib. “O hər kəsi topladı və bildirdi ki, binanın yeni sahibdir, indiyə qədər edilən ödənişlər ona çatmadığı üçün təkrar, eyni məbləğlər ödənməlidir”.

Nəcibə Axundova deyir ki, atasının adına olsa da o yeri öz vəsaitləri hesabına alıb. (Nəcibə xanım deməsə də bir ehtimalım var. Ailə bəlkə də şəhidlərə verilən qanpulları, kompensasiyaları bir yerə toplayaraq, şəhid polovnik-leytenant Sənan Axundovun övladlarının gələcəyini düşünərək bu addımı atıb. Balaca bir yer alınıb ki, uşaqlar atasızlıqda maddi ehtiyac hiss etməsinlər. Əslində şəhid olsa da əli övladlarının üstündə olmaq kimi bir şeydir bu).

İndi Nəcibə Axundovanın və balalarının o obyektə təkrar əlli səkkiz min vəsait ödəməsinə imkanları yoxdur. Əvəzində Şərurlu İsfəndiyarla məhəmə çəkişməsi var. Çünki iş adamı bütün sənədlərin təqdim olunmasına rəğmən, ailəni obyektə buraxmırlar, içəridə apardıqları xırda təmir işlərini hər dəfə dağıdır və deyirlər ki, bu bizim iş prinsipimizdir.  Ailənin “axı bu şəhid balasına aiddir, o uşaqların ruzisidir” reaksiyasına isə iş adamının vəkili Şahbaz Kərimovun Ramiq Axundov adlı vəkil köməçisi gülüb və “şəhiddən məhkəməyə, bizə nə?! Siz onun adını ümumiyyətlə çəkməyin, adından istifadə eləməyin”, cavabını verib. Özü də məhkəmə zalında, hakimin, medianın gözü qarşısında. Ailə aciz duruma düşüb. Haqlı olsa da dövlətini, millətini, şəhidini saymayan adamlarla təkbaşına mübarizədə qalib ola bilmir.

Ziyalı və alicənab bir xanım qarşısında duran adamların maddi gücü və sayğısız davranışı ilə üz-üzədir. Bu mənada ona dövlətdən kömək gəlməli. Çünki bütün şəhidlərin ailəsi dövlətinə əmanətdir. Pul və ya başqa obyekt istəmir bu ailə. Məhkəməyə dövlətin siması olmasını xatırlatmağı umur.  İstəyir daha “şəhiddən məhkəməyə nə, bizə nə?!” sözünü heç bir şəhid xanımına, hansısa pullu iş adamının vəkili gülərək deməsin.

Şəhiddən bizə nə?!...Dəhşətli sualdır...Təxminən “cəhənnəmə ölüb! Cəhənnəmə ki! Adam puldan ucuzdur! Şəhid ölüb, ağlı var olməyəydi!”, deməkdir bu...

Bu, bir də o deməkdir ki, bizim pullu işbazlar düzələsi deyil...Ya da mütləq tez-tez yuxarıdan bir sillə gəlməlidir ki, pulun yüksəltdiyi “ucalıqdan” enib yerlərini bilsinlər...

Yeri gəlmişkən, məsələ ilə bağlı artıq prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya da ailə adından rəsmi məktub göndərilib.

***

Yaxşı xatirimdədir, məlum aprel döyüşlərində millət -dövlət olaraq ayaqda idik. Millət - dövlət olaraq dünyanı fəth edəcək qədər idi gücümüz. Hamımız bir idik, Azərbaycan idik. O anları şəhidlərin ailələri ilə bir yaşadıq biz, sıravi adamlar, dövlət başçısı. Sonra yenə də o ikisi qaldı dövlət başçısı, sıravi insanlar. Daha aralarında uçurum yoxdur.

Həm də qəribə bir mənzərə yaranıb. Elə bil kimlərsə, dövlət-vətəndaş ittifaqından narazıdır. Adama elə gəlir bu narazılar arasında böyük kapitalı olan iş adamları da yer alır. Məsələn, “Diqlas” ticarət mərkəzi yananda iş adamının sizə ödəniş edilməyəcək deyib, heç nə olmamış kimi dönüb getməsi, Şərurlu İsfəndiyarın şəhid polkovnik-leytenantın ailəsini, ziyalı bir xanımı incitməsi, ya da incidilməsinə yol verməsinə mən ayrı don geyindirə bilmirəm, iki dünya bir olsa da bilmirəm! Siz necə, bilirsinizmi?!..

 

Jalə Mütəllimova
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR