İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənzilə Rüstəmxanlı: "Rauf bəy kimsəyə bənzəməyən, öz yolu olan böyük dəyərdir..."

251 25.07.2026 12:32 Ölkə A A

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı tanınmış media rəhbəri, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə video-təbrik ünvanlayıb. Deputat çıxışında yubilyarın keçdiyi şərəfli mübarizə yolundan, çətin sınaqlardan və illərin süzgəcindən keçən dostluq münasibətlərindən ətraflı bəhs edib.

Tənzilə Rüstəmxanlı çıxışına Rauf Arifoğlunun cəmiyyət və dövlət qarşısındakı xidmətlərini vurğulamaqla başlayıb: “Əslində, Rauf Arifoğlunun yolu Azərbaycanın müstəqilliyini qazandırma savaşından, rus imperiyasına qarşı mübarizə aparma savaşından, Azərbaycan milli mətbuatının yaradılması təməlini atma savaşından keçir. Bu yolda apardığı mübarizələr, bunların hamısı bizim gözümüzün qabağındadır.”

Deputat qloballaşan dünyada milli prinsiplərə sadiq qalmağın çətinliklərinə toxunaraq, Rauf Arifoğlunun hər zaman dövlətinin yanında olduğunu xüsusi vurğulayıb: “Bu qloballaşan dünyada həm milli dəyərləri qoruyub saxlamaq, həm də çağdaş media qaydalarına uyaraq onu inkişaf etdirmək, milli-mənəvi dəyərlərdən taviz verməmək, təklif olunan beynəlxalq fondları əlinin dalı ilə itələyib Azərbaycan dövlətinin yanında durmaq mübarizəsi o qədər də asan deyil. Bunların hamısı Rauf Arifoğlunun gözümüzün önündə yaşatdığı, apardığı mübarizədir – düz 31 il oldu.”

T. Rüstəmxanlı illərin dostluğundan danışaraq R. Arifoğlunun həyatda özünəməxsus yeri olduğunu qeyd edib:

“Rauf bəy ailəmizin dostudur, çox qədim dostumuzdur. Mən ona bir qardaş qədər hər zaman güvənmişəm. Rauf Arifoğlu keçdiyi yolla kimsəyə bənzəmir, onun öz yolu var. Bəzi insanlar var ki, keçdiyi yolda kimsəyə bənzəmir, o, öz yolunu gedir, öz taleyini yaşayır. Rauf Arifoğlu da mənim üçün çox böyük dəyərlərimizdən biridir.”

Deputat yubilyarın həbsdə olduğu çətin dövrləri və o zaman nümayiş etdirdiyi mövqeyi xatırladıb:

“O vaxtı Rauf Arifoğlu həbs olunmuşdu. Elbəyi Həsənli mənə telefon açdı ki, Tənzilə xanım, Rauf Arifoğlunun müdafiəsilə bağlı "Yeni Müsavat"da yazı hazırlayırıq, ziyarətlərə müraciət edirəm, hərə bir bəhanə ilə imtina edir. Çətin zamanları idi. Mən hiç tərəddüd etmədim, dedim gəl, mən o müsahibəni verəcəm. Orada ulu öndər Heydər Əliyevin də adını çəkərək qeyd etdim ki, o, böyük dövlət adamıdır və heç vaxt razı olmaz ki, bir jurnalist yazdığı fikirlərə görə qərəzli şəkildə həbs olunsun. Sonradan Rauf bəy azadlığa çıxdı və unutmadığım bir şey var: o, heç vaxt bu dəstəyi unutmadı.”

2008–2009-cu illərdə Türkiyədəki "Ergenekon" prosesləri zamanı baş verənlərə toxunan millət vəkili bildirib ki, bəziləri çəkinərək uzaqlaşdığı halda, Rauf Arifoğlu hər zaman ədalətin və dostluğunun arxasında durub:

“Bizə bəzi adamlar bizlə qarşılaşmasın deyə üzlərini çevirib gedən vaxtları idi. Xüsusilə bizim ailə ilə bağlı elə hallar olurdu. Lakin Rauf Arifoğlunun mərd-mərdanə mövqe nümayiş etdirdiyini görmüşəm. Biz hər zaman bir-birimizə çox sayğılı olmuşuq.”

Dostluğu üç kateqoriyaya – gərək dostu, lazım dostu və ürək dostuna bölən Tənzilə xanım Rauf Arifoğlunu məhz ürək dostu kimi dəyərləndirib:

“O, bizim ailəmizin ürək dostundandır. Çünki illərlə arayıb axtarmasaq da, bilirəm ki, nə zaman arasaq, telefonun o başında çox arxayın, güvənli bir səs eşidəcəm. O bilir sabir Rüstəmxanlı kimdir, o bilir Tənzilə Rüstəmxanlı kimdir. Bizim keçdiyimiz yolu bilib qiymətləndirən birisdir.”

Sonda Rauf Arifoğlunun 60 illik yubileyini təbrik edən Tənzilə Rüstəmxanlı ürəkdolusu xoş arzularını çatdırıb:

“Birincisi, o yaş ona heç yaraşmır – verməzsən ona 60 ya. O, gənc, dəliqanlıdır! İkincisi, mən yeni yaşını təbrik edirəm, ona birinci növbədə sağlıqlı ömür, övladlarının ən gözəl günlərinə şahid olması arzularımı yetirirəm. Azərbaycan mətbuatında və milli azadlıq hərəkatında onun yeri və rolu əvəzsizdir. İnşallah, ömrü verən Allahdır. Mən keçdiyi bu yolda çox mənalı bir ömür yaşadığının şahidi olmuşam. İndən sonra da fiziki olaraq deyil, mənəvi olaraq çox uzun ömürlü olmasını arzulayıram!”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR