İstanbul Polis İdarəsinin əməkdaşları iyulun 22-də Fatih rayonunda yerləşən valyutadəyişmə məntəqəsində baş vermiş oğurluq faktı ilə bağlı araşdırmalara başlayıblar.
Musavat.com xəbər verir ki, məlumata görə, işıq kəsildiyi vaxt müəssisədən 300 qızıl sikkə yoxa çıxıb.
Aparılan əməliyyat-axtarış və texniki izləmə tədbirləri nəticəsində müəyyən edilib ki, valyutadəyişmə məntəqəsində çalışan İ.K. işıqların sönməsindən istifadə edərək oğurluğu həyata keçirib. Şübhəli şəxs keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Əməliyyat zamanı 282 qızıl sikkə, eləcə də oğurlanmış qızılların satışından əldə edildiyi ehtimal olunan 90 min lirə aşkar edilərək götürülüb.
İstintaqın gedişində daha bir maraqlı fakt üzə çıxıb. Məlum olub ki, şübhəli bundan əvvəl də iş yerindən 100 qram qızıl oğurlayıb. Son oğurluq zamanı isə 18 qızıl sikkəni bir zərgərə sataraq 100 qram qızıla çevirib və həmin qızılı əvvəl oğurladığı qızılın yerinə qoyub. Beləliklə, o, oğurluğu gizlətməyə çalışıb.
Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə şübhəlinin oğurladığı qızılları zərgərdə satdırması və əvvəllər oğurladığı qızılın yerinə yenisini qoyması aydın şəkildə əks olunub.
Musavat.com






