TV "Müsavat"ın baş redaktoru Sevinc Telmanqızı "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə təsirli və dərin məzmunlu fikirlər səsləndirib.
O, uzun illərdir bu media qurumunda çalışmasının səbəblərindən, Rauf Arifoğlunun rəhbərlik üslubundan və mühitin unikallığından bəhs edib.
Jurnalist həmkarlarının "25-26 il eyni media orqanında çalışmaq nə qədər maraqlıdır?" sualına cavab olaraq bildirib ki, bugünkü aktiv media transferləri və hər kəsin fərdi sayt, TV və ya platformalar açdığı bir dövrdə "Yeni Müsavat"dan yaxşısı yoxdur. O, Rauf Arifoğlunun daha yaxşısını yaradana qədər bu kollektivdə qalmağa davam edəcəyini vurğulayıb.
Sevinc Telmanqızı Rauf Arifoğlu ilə işləməyin əsas üstünlüklərindən biri kimi "təhlükəsiz mühit" amilini qeyd edib: "O, öz əməkdaşlarını özünü qoruyan kimi qoruyur. Hər hansı bir təhlükə görəndə dərhal xəbərdarlıq edir, həmkarımızı o təhlükənin içərisindən çıxarır." Baş redaktor həmçinin mərhum həmkarı Elmar Hüseynovun xatirəsini xatırladaraq, onun da baş redaktoru Rauf Arifoğlu olsaydı, indi sağ olacağını bildirən fikirləri diqqətə çatdırıb.
Rauf Arifoğlunun işçilərinə dəyər verdiyini, onların uğur və populyarlığını qürurla qarşıladığını deyən Sevinc Telmanqızı qeyd edib ki, bəzi redaktorlardan fərqli olaraq o, əməkdaşlarının nailiyyətlərinə səmimi-qəlbdən sevinir. O, Rauf Arifoğlunun daim yeniləndiyini, qəzet dönəmindən sayt, YouTube, Telegram və TikTok kimi müasir platformalara keçid dövrlərini hətta gənc həmkarlarından daha tez mənimsədiyini vurğulayıb.
Sonda Sevinc Telmanqızı Rauf Arifoğlunun 60 illik yubileyini təbrik edərək ona böyük uğurlar arzulayıb və 70 illik yubileyində də eyni coşqu ilə yeni film çəkəcəklərinə inamını ifadə edib.
Musavat.com






