İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu səhvlər sizi zəhərləyə bilər- XƏBƏRDARLIQ  

258 25.07.2026 12:10 Ölkə A A

Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qida zəhərlənmələrinin sayını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər bildirir ki,  isti hava bakteriya və digər mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Bununla yanaşı, qidaların düzgün saxlanmaması, sanitar-gigiyenik qaydalara əməl olunmaması və çarpaz çirklənmə halları zəhərlənmə riskini daha da yüksəldir.

Musavat.com bildirir ki, mövzu ilə bağlı danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə qida zəhərlənmələrinin qarşısını almaq üçün qida təhlükəsizliyinə yalnız bir istiqamətdən deyil, bioloji, kimyəvi və fiziki riskləri əhatə edən kompleks yanaşma ilə baxmaq lazımdır:

"İaşə müəssisələrində qida təhlükəsizliyi çoxşaxəli anlayışdır və burada bioloji, kimyəvi və fiziki çirklənmələrin qarşısının alınması əsas prioritet hesab olunur.

Bioloji zəhərlənmə bakteriya, virus və parazitlərin qida vasitəsilə insan orqanizminə keçməsi nəticəsində baş verir. Bu risk xüsusilə çarpaz çirklənmə zamanı daha da artır. Məsələn, çiy ətin doğrandığı səthdə tərəvəz və ya hazır qidaların hazırlanması təhlükəli mikrobioloji çirklənməyə səbəb ola bilər.

Bu toyuqların satışı tam təhlükəsizdir” | KONKRET

Kimyəvi zəhərlənmə əsasən təmizləyici və dezinfeksiyaedici vasitələrin, pestisidlərin və ya qida əlavələrinin normadan artıq və ya düzgün istifadə edilməməsi nəticəsində yaranır. Belə hallarda qidalarda kimyəvi qalıqlar qalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər.

Fiziki çirklənmə isə qidaya şüşə qırıntısı, metal parçası, taxta qırıntısı və digər yad cisimlərin düşməsi ilə baş verir. Onun sözlərinə görə, bu cür çirklənmə təkcə fiziki təhlükə yaratmır, eyni zamanda mikrobioloji çirklənməyə də zəmin hazırlaya bilər. Belə ki, qidaya düşən yad cisimlər milçəklər və digər həşəratları cəlb edir, onlar da həmin səthlərə qonaraq mikrobları qidaya ötürür. Nəticədə həm fiziki, həm də bioloji təhlükə eyni vaxtda meydana çıxır".

Ağa Salamov vurğulayıb ki, gəmiricilər və həşəratlar da qida təhlükəsizliyinə ciddi təhdid yaradır:

"Gəmiricilər anbar və istehsal sahələrində qidaları çirkləndirməklə yanaşı, leptospiroz və salmonellyoz kimi təhlükəli xəstəliklərin daşıyıcısıdır. Milçəklər və tarakanlar isə müxtəlif mikroorqanizmləri qida və işçi səthlərə ötürərək bioloji riskləri artırırlar. Bu səbəbdən iaşə müəssisələrində mütəmadi dezinfeksiya və zərərvericilərə qarşı dərmanlama işləri aparılır. Lakin bu proses də peşəkar və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməlidir. Əks halda, istifadə olunan kimyəvi maddələrin qalıqları qidaya keçə və əlavə təhlükə yarada bilər.

Çarpaz çirklənmə bütün bu risklərin kəsişdiyi əsas nöqtədir. Çiy və bişmiş məhsulların eyni avadanlıqda hazırlanması, təmizləyici vasitələrin səthlərdən tam yuyulmaması, eləcə də gəmirici və həşəratların təmas etdiyi yerlərin lazımi qaydada dezinfeksiya edilməməsi nəticəsində qidalar eyni anda bioloji, kimyəvi və fiziki baxımdan çirklənə bilər.

Məhz buna görə iaşə müəssisələrində sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, çiy və hazır məhsullar üçün ayrı avadanlıqlardan istifadə edilməsi, mütəmadi dezinfeksiya və zərərvericilərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla həyata keçirilməsi qida təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyət daşıyır".

Ağa Salamov sonda vurğulayıb ki, yalnız bioloji, kimyəvi və fiziki risklərin eyni vaxtda idarə olunduğu kompleks yanaşma qida zəhərlənmələrinin qarşısının effektiv şəkildə alınmasına imkan verir.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR