Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə təsirli və dərin məzmunlu açıqlamalar verib. O, Rauf Arifoğlu ilə uzun illərə söykənən dostluq münasibətlərindən, mübarizə yollarından və onun Azərbaycan mətbuatındakı əvəzsiz rolundan bəhs edib.
Hüquq müdafiəçisi bildirib ki, Rauf bəyi otuz ildən artıqdır tanıyır və onların yolları hələ Xalq Cəbhəsi hərəkatının ilk dövrlərindən kəsişib. Onun sözlərinə görə, Rauf Arifoğlunun qəzet yaratdığı ilk illəri və o dövrdəki fəallığı hər zaman göz önündə olub: "İnsanı yol boyunca tanımaq olur. Rauf əsl dostdur. Yaxşı günündə dost çox olur, pis günündə dost az olur. Raufla biz həm yaxşı gündə, həm də pis gündə bir-birimizə dayaq olmuşuq."
Novella Cəfəroğlu həyatının ağır dövrlərində Rauf Arifoğlunun ona hər zaman dəstək olduğunu vurğulayaraq qeyd edib ki, o, heç vaxt mətbuat səhifələrində onların səsinin boğulmasına imkan verməyib və bu gün də onun dəstəyi ilə ictimai gündəmdə qalmağa davam edir. Jurnalistlərin hər zaman "Yeni Müsavat"ın obyektivliyinə və tənqidi mövqeyinə güvəndiyini vurğulayan hüquq müdafiəçisi Rauf Arifoğlunu "mətbuatın imperatoru" adlandırıb.
O, Rauf Arifoğlunun yalnız peşəkar media rəhbəri deyil, həm də güclü bir məktəb yaratdığını qeyd edib: "Azərbaycanda bir mətbuat işçisi deyin ki, bu qədər gözəl jurnalist yetişdirsin. Raufun 'Yeni Müsavat'ından gedən jurnalistlərin hamısı özlərinə sayt açıblar, iş tapıblar. Onların hamısı Raufun tələbələridir və bu gün də böyük hörmətlə ona 'böyük bəy' deyirlər."
Xatirələrini bölüşən Novella Cəfəroğlu həbs illərindən də danışıb: "Rauf bəyin 60 yaşı tamam olur. Mən ona uğurlar arzulayıram; oğlunu, qızını evləndirsin, qəşəng toylara gedək, nəvəsi, nəticəsi olsun. Qürur duyuram ondan, öpürəm onu, çox sevirəm."
Musavat.com






