İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qondarma dövlətin tanınması nəticəsiz prosesdir” - Politoloq

576 25.04.2023 17:35 Gündəm A A

“Ermənipərəst qüvvələrin, o cümlədən erməni lobbisi və təşkilatların ciddi şəkildə təsir göstərdikləri ABŞ Konqresində dəfələrlə Azərbaycana qarşı belə addımlar atılıb. II Qarabağ müharibəsindəki qələbəmiz, diplomatik müstəvidə Ermənistana vurduğumuz zərbələr, əldə etdiyimiz uğurlar konqresmenləri narahat edir”.

Bu sözləri Musavat.com-a açıqlamasında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, qatı ermənipərəst siyasətçi Adam Şiffin qondarma “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qətnamə layihəsini Konqresə təqdim etməsindən danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq bildirib ki, regionda sülhün bərqərar edilməsi istiqamətində ermənilərin və ermənipərəst qüvvələrin maneçilik törətmə istəyinə baxmayaraq, Azərbaycan uzun illər ərzində reallaşdırmaq istədiklərinə nail olur:

“Nəhayət ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına nail olduq. Bu, bəzi qüvvələri narahat edir və onları hərəkətə keçməyə vadar edir. Atdığımız addımlar beynəlxalq hüquqa, iki dövlət arasında imzalanmış bəyanatlara, razılaşmalara, xüsusilə, Praqada keçirilmiş dördtərəfli görüşün mahiyyətinə uyğundur. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirə bilmədiklərinə görə bəzi qüvvələr bu şəkildə təzyiq göstərməyə çalışırlar. Onlar anlayırlar ki, “qondarma dövlətin tanınması” nəticəsiz prosesdir. Eyni zamanda Azərbaycana Ermənistanla sülh prosesində kompromisə getmək üçün təsir göstərmək niyyəti ilə bu addımlar atılır”.

Ekspert xatırladıb ki, ABŞ prosesdə vasitəçilik rolunu üzərinə götürsə də, atılan addımlar bunun əksini sübut edir: “Bu kimi addımlar sülhə maneə törətməklə yanaşı, həmçinin, ABŞ-Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir göstərir. Bu bizi narahat etdiyi kimi, ABŞ-ı da narahat etməlidir. Biz bütün dövlətlərlə olduğu kimi, ABŞ-la da tərəfdaşlıq münasibətləri qururuq. Regionda təhlükəsizliyin təmin edilməsi, enerji resurslarının ixrac edilməsi və bir sıra digər məsələlərdə əməkdaşlıq edirik. ABŞ-ın Əfqanıstandakı sülhməramlı qüvvələri arasında azərbaycanlıların olması, reallaşdırılan proseslərdə Azərbaycanın yaxından dəstək nümayiş etdirməsi və s. məsələlərdə ciddi uzlaşma var. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi müddətdə İranla Qərbin, o cümlədən ABŞ-ın qarşıdurmasının olduğu məqamda Orta Dəhliz kimi təhlükəsiz və işlək dəhlizin təqdim edilməsinin fonunda ABŞ üçün Cənubi Qafqaz regionunun, o cümlədən dominant qüvvə Azərbaycanın rolundan danışmaq artıqdır. Bir sözlə, konqresmenlərin ermənipərəst mövqeyinə baxmayaraq, ABŞ rəsmiləri anlayırlar ki, bu cür absurd və əsassız məsələlərlə Azərbaycanla münasibətləri pozmağa dəyməz. Bu, hər iki dövlətin maraqlarına ziddir. Düşünürəm ki, qanun layihəsi müzakirələr səviyyəsində qalacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR