İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın sülh masası arzusu: Bakı-İrəvan görüşü...

473 31.07.2024 11:07 Siyasət A A

Kreml hesab edir ki, Rusiya sülhün əldə olunması ilə bağlı öhdəlik götürüb; politoloqlara görə, ikitərəfli danışıqlar effektivdir və Azərbaycan da bu formatın tərəfdarıdır

Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlanma mərhələsindədir. “Yeni Müsavat” qeyd edir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan belə deyib. 

“Ermənistanın cavab təklifləri sülh müqaviləsini mümkün qədər tez bağlamaq üçün Ermənistanın səsləndirdiyi və təqdim etdiyi prinsipial təklifə uyğun olaraq hazırlanmaqdadır”, - o bildirib. Ermənistan tərəfi bunun Azərbaycanın təqdim etdiyi 10-cu təkliflər paketi olduğunu açıqlayıb. “Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ilə bağlı öhdəlik götürüb”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, belə bir dəstəyin həcmi və formaları həm Bakı, həm də İrəvan üçün məqbul olmalıdır: “Biz tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqların aparılması üçün platforma təqdim etməyə hazırıq.  Hər iki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülh arxitekturasının əsası hesab edirik. Bunu kənar qüvvələr yox, region ölkələri həyata keçirməlidir”.

“Bakı Moskvanın Ermənistanla danışıqlar barədə təkliflə razılaşıb. Azərbaycan Rusiyada və digər meydançalarda Ermənistanla danışıqlara həmişə hazır olub”. Bu barədə TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olduğunu şərh edərkən bildirib. Lakin Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olması barədə az qala hər gün danışan Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi gözlənilməz oldu. İmtina ilə bağlı ən çox yayılmış versiya odur ki, Paşinyan Əliyevlə danışıqlarda Avropa Şurasının prezidenti Şarl Mişel və mümkünsə Fransa prezidenti Emmanuel Makronun iştirakını istəyib. Bu şərtin yerinə yetirilməsinin qeyri-mümkün olduğunu anlayan Ermənistanın baş naziri görünür, əksər analitiklərin fikrincə, Azərbaycan prezidenti ilə görüşdən imtina edərək, regional sülh prosesini geriyə atıb. Bütün bunların fonunda Rusiya yenidən təşəbbüsü ələ keçirməyə və münaqişə tərəflərini Ermənistanın uzun müddət boykot etdiyi “Moskva meydanı”na qaytarmağa çalışır.

Rəsmi Bakı Rusiyanın iştirakı ilə danışıqların əleyhinə deyil, rəsmi İrəvan isə təklifə hələlik cavab verməyib və çox güman ki, cavab verməyəcək. Çünki Ermənistanın hazırkı hakimiyyəti “Rusiyanı regiondan sıxışdırıb çıxarmaq” siyasəti yürüdülür.  Yada salaq ki, bugünlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmirlər. Bu açıqlama Rusiyanın Ermənistana qarşı təhdid xarakterli xəbərdarlığı kimi dəyərləndirilir. Son illər Ermənistanla Azərbaycan arasında sülh danışıqları ayrı-ayrılıqda həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Amma hər üç formatda yekun nəticə hələlik əldə edilməyib. Yəni sülh danışıqlarının ağırlığını öz tərəfinə çəkməyə çalışanlar var, amma bu səylərin sülhə töhfə verə biləcəyi ağlabatan görünmür. Moskvada Əliyev-Paşinyan və ya xarici işlər nazirləri səviyyəsində görüş mümkündürmü?   

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

 Qabil Hüseynli

“Azərbaycan Rusiyanın vasitəçiliyinə etiraz etmir, amma bunun reallaşması üçün təşəbbüskar da deyil. Bakı istəyir ki, danışıqlar indiki modeldə davam etsin. Sadəcə, Rusiyadan eşidilən səslərə mənfi cavab verilmir və Azərbaycan diplomatiyası sübut edir ki, Moskvanın moderatorluğundan qaçan tərəf Ermənistandır. Amma bizə qalsa, hazırkı danışıqlar formatı effektivdir. Cənab İlham Əliyev də son çıxışlarının birində açıq şəkildə bəyan etdi ki, biz vasitəçilərsiz danışa bilirik və effekti də var. Yəni Moskva masasına qarşı olmasaq da, ölkə başçısı ikili formatı üstün tutur”.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a Kremlin vasitəçilik çağırışlarını belə şərh etdi. Onun fikrincə, Rusiya vasitəsi ilə yaxın gələcəkdə liderlərin və ya nazirlərin görüşü gözlənilmir. Politoloq hesab edir ki, Moskva 10 noyabr sənədinin təşəbbüskarı olduğu kimi, sülh sazişinin də onun vasitəçiliyi ilə imzalandığını Qərbə nümayiş etdirmək istəyir, amma nəticəsi olmayıb: “Buna qədər Moskva və Soçi görüşləri keçirilib, birində də fundamental dəyişikliklər olmayıb. Nə vaxt ki, ikitərəfli danışıqlar başladı, o zaman effektiv oldu. Təkcə Rusiya da deyil, Qərb platformasında da uğur olmayıb. Kənar təsirlər olmasa, tərəflər özləri anlaşa və sülhə yaxınlaşa bilirlər. Hazırkı məktublaşma modeli sülh mətnini razılaşdırmaq üçün ideal variantdır. Razıyam, vaxt aparır və proses uzanır, amma gəlin nəzərə alaq ki, ortada böyük bir münaqişə tarixi, həllini gözləyən çoxlu mübahisəli məsələlər var. Ən əsası isə Bakı İrəvandan qanunvericilik aktlarına dəyişiklik tələb edir. Əgər Rusiya vasitəçiliyi ilə görüşlər başlasa, Moskva İrəvana bu mövzuda təzyiq edəcəkmi? Zənnimcə, yox və mümkün də görünmür. Ona görə də Azərbaycan və Ermənistan aralarında mübahisəli mövzuları həll etməlidirlər, kənardan müdaxilə həmişə əlavə problemlərə yol açır”. 

Professor ilin sonuna kimi çərçivə sənədinin imzalanmasını istisna etmir, sülh müqaviləsi isə 2025-ci ilə keçə bilər: “Əvvəla, danışıqların belə dövründə Ermənistan referenduma gedərək qanunvericiliyə dəyişiklik planına hazır görünmür. İkincisi, Paşinyan Londonda proseslərin ruhuna zidd hərəkət edərək danışıqlara ürək bulandıran element qatdı. Odur ki, yeni bir görüşə ehtiyac var. Hər halda, Moskvasız danışıqlar davam edəcək”. 

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadəyə görə, Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsində maraqlı deyil: “Çalışılır ki, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş versin. Fransa məhz COP29 boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır. Rusiyanın vasitəçilik kimi təşəbbüslə çıxış etməsi iki ölkə arasında sülhə imkan verməmək, idarə olunan yeni böhran yaratmaqdır. Əgər Rusiya Ukraynada hərbi qələbə əldə edəcəksə, Azərbaycan daxil olmaqla, Cənubi Qafqazı tam nəzarət altına alacaq, Türkiyəni də Qafqazdan çıxaracaq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqların  toqquşduğu platsdarmdır. Məhz Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi bu geopolitik qarşıdurmadan irəli gəlir”.

Emil SALAMOĞLU,  
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR