İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkədəki sərhəd danışıqlarına Bakıdan REAKSİYALAR

662 31.07.2024 10:54 Siyasət A A

Türkiyə-Ermənistan komissiyaları bir araya gəldi və ilk anlaşma əldə olundu; danışıqlarda Azərbaycan da varmı?

İyulun 30-da Ermənistan və Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirib. Görüşün səhər saatlarında Ermənistan tərəfdə, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağı əvvəlcədən elan olunmuşdu.

Yayılan məlumata görə, Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər normallaşma prosesini heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər. Xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri də təsdiqləyib. Kılıç və Rubinyan, həmçinin Akyaka/Axurik dəmiryol sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə, tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

Qeyd edək ki, Rubinyanla Kılıç arasında görüş iyulun 3-də planlaşdırılsa da, sonradan Türkiyə tərəfi müəyyən səbəblərdən görüşü təxirə salmışdı. Münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqların birinci raundu 2022-ci ilin yanvarında Moskvada keçirilib və tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər. Danışıqlar çərçivəsində 2022-ci ilin fevralında iki ölkə arasında kommersiya uçuşları bərpa olunub. Ancaq əldə edilən digər razılaşmalar, o cümlədən quru sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması məsələsi həyata keçirilmədən qalmaqdadır. Türkiyə-Ermənistan sərhədi son 35 ildə ilk dəfə ötən ilin fevralında Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı Ermənistandan göndərilən humanitar yardımın çatdırılması məqsədilə açılıb. Sonuncu dəfə iki ölkənin xüsusi nümayəndələri 2024-cü ilin fevral ayının sonunda Antalyada keçirilən diplomatik forum çərçivəsində görüşüblər. Orada danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər. Türkiyə 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalına cavab olaraq Ermənistanla sərhədlərini bağlayıb. Bundan əvvəl 2009-cu ildə, Sürix protokollarının imzalanması ilə əlaqələrin normallaşması prosesini başlatmaq cəhdləri uğursuz olub, Ermənistan parlamenti protokolları ratifikasiya etməyib. Eyni zamanda Azərbaycanda və Türkiyədəki etirazlar da ozamankı Türkiyə hakimiyyətini mövqeyində korrektələrə vadar edib. Son zamanlar Ermənistanda belə iddialar səslənir ki, Ermənistan-Türkiyə münasibətləri ilə Azərbaycan-Ermənistan münasibətlərinə fərqli kontekstdə yanaşmaq lazımdır. Ancaq qardaş Türkiyənin rəsmiləri dəfələrlə bildiriblər ki, İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycana qarşı iddialardan əl çəkməli, həmçinin Zəngəzur dəhlizini açmalıdır. Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi də əlaqələrin koordinasiyasını tələb edir. Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Bunun üçün zəruri proseslər gedir. Lakin məsələ hələ də həllini tapmayıb. Həmçinin 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Proseslər nə vəd edir? Ermənilər bir ara iddia edirdilər ki, İrəvan-Ankara münasibətləri İrəvan-Bakı münasibətlərindən kənardadır. Prosesdə Bakı da varmı? Ekspertlərimiz bu kimi sualları cavablandırdılar.

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının, eləcə də Cənubi Qafqazda və daha geniş regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsinin tərkib hissəsidir: “Bu prosesə Azərbaycanla Ermənistanın yanaşması şübhəsiz ki, fərqlidir. Azərbaycan, sadəcə, öz mənafeyindən deyil, bölgənin maraqlarından çıxış edir, regional təhlükəsizlik konfiqurasiyasının qorunmasına və möhkəmlənməsinə, kənar müdaxilələrə qapalı olmasına çalışır, Ermənistan isə əksinə, xarici maraqların bölgəyə daşınması yolu ilə vassal rolunu mənimsəməyə və regionda "Qərbin ərköyün uşağı" missiyasını yerinə yetirməklə üstünlük qazanmağa cəhd göstərir. Bu xüsusda, bölgə dövlətlərinin, əsasən də Türkiyənin necə davranacağı önəmlidir". E.Mirzəbəyli vurğuladı ki, Türkiyə Azərbaycanla strateji müttəfiqlik və qardaşlıq münasibətlərində olmaqla yanaşı, həm də NATO-nun ən önəmli hərbi-siyasi mərkəzlərindən biridir: “Ermənistanın bu amildən istifadə cəhdləri son 1 il ərzində daha qabarıq nəzərə çarpmaqdadır. Zənnimcə, Ermənistanın Qərbin maraqlarının əsas daşıyıcısına çevrilmək niyyəti, bölgədə Şimali Atlantika blokunun yeganə təmsilçisi olan Türkiyənin də maraqlarına ziddir və Ankaranın, bilavasitə öz maraqlarını da əsas götürərək bu amili nəzərə aldığı qənaətindəyəm. Hazırda Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən kənarda olduğunu düşünmürəm və ümid edirəm ki, Ankaranın xarici siyasətində bu istiqamətdə hər hansı bir dəyişiklik baş verməyəcək. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatında və digər regional platformalarda aktiv iştirakı da sübuta yetirir ki, Ankara öz maraqlarından çıxış edir və çoxvektorlu manevr imkanlarını məhdudlaşdırmaq niyyətində deyil. Bu baxımdan, hesab edirəm ki, Türkiyə-Ermənistan təmaslarında, ən azı noyabr ayına qədər prosesin davam etdiriləcəyi ilə bağlı bəyanatlardan başqa ciddi irəliləyiş baş verməyəcək”.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə xatırlatdı ki, bu ilin fevralında Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün danışıqların davam etdirilməsi qərarı alınmışdı: “Türkiyə tərəfindən bu danışıqlar prosesində səlahiyyətli nümayəndə Sərdar Kılıç Ermənistan təmsilçisinə İrəvanda görüşməyi təklif etmişdi və o zamandan bəri təxirə salınan danışıqlar prosesini indi davam etdirilir. Ermənistanda belə hesab edirlər ki, Azərbaycanla sülh müqaviləsi olmadığı təqdirdə bu danışıqlar nəticə verə bilməz. Çünki bir çox məsələlər Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Türkiyənin mövqeyində elə də bir dəyişiklik gözləmək absurddur. Serdar Kılıç da Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə "Türkiyə Ermənistanla münasibətlərini tamamilə normallaşdırmaq istəyir. Nəzərə almalı olduğumuz bəzi addımlar var, amma əvvəlcə görüşlər keçirməliyik"- demişdi. Bu “bəzi addımlar” müzakirəsiz də bəllidir. Rubinyan bu dövr ərzində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə maneçilik törədən xüsusiyyətlərdən bir dəfə də olsun danışmayıb. Amma Ermənistan cəmiyyətində gedən müzakirələrdə danışıqların nəticəsizliyinin səbəblərindən bəhs edilir. Diplomatiyada elə şeylər var ki, açıq dilə gətirilməz, amma öz-özlüyündə problem kimi prosesin aparılmasına əngəl təşkil edə bilər". Q.Çaxmaqlının sözlərinə görə, Ermənistan elan edir ki, Türkiyə heç bir şərt irəli sürmədən danışıqlara, normallaşma tədbirlərinə getməlidir: “Amma 1991-ci ildə Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyənin Şərqi Anadolu ərazilərinə iddia var və bura "Qərbi Ermənistan" adlandırılır , qondarma “erməni soyqırımı”nın tanınması ifadələri yer alıb, Ermənistanın dövlət gerbində Ağrı dağı əks olunub və s. Bütün dərs kitablarında Türkiyə düşmən dövlət kimi qələmə verilir... Bütün bunlar Türkiyəyə qarşı Ermənistanın siyasi mövqeyidir və normallaşmanı mümkünsüz edəcək cəhətlərdir. Ermənistan həmin xətdən, ideologiyadan imtina edirmi? Müstəqillik Bəyannaməsindən imtina edibmi? Ölkə konstitusiyasını dəyişdirmək yolu tuturmu? Danışıqların davam etdiyi müddətdə Ermənistan normallaşma prinsiplərinə mane olacaq heç bir prinsipdən imtina etməyib. Görüşün növbəti raunduna Ermənistan hansı dəyişikliklərlə gəlib? Türkiyənin birbaşa dövlət marağında olduğu Zəngəzur koridorunun açılması, Azərbaycanın Qərb bölgələrinin Naxçıvanla, oradan da Türkiyəyə kommunikasiya əlaqələrinin olmasını öhdəsinə alan Ermənistan bunları etmirsə, hansı normallaşmadan danışmaq olar?" Ekspert qeyd etdi ki, Ermənistan bu məsələdə aydın mövqe nümayiş etdirmir, müəmmalı gedişlər edir: “Azərbaycanla sülh sazişinin bağlanması yönündə də hələ ciddi bir irəliləyiş yoxdur, publikaya yönəlik bəyanatlardan başqa heç nə yoxdur. Bütün bunlar Türkiyənin "qırmızı xətləri"dir və Rubinyanın bir müddət əvvəl dediyi “sərhədləri günü bu gün aça bilərik” ifadəsi illüziyadan başqa bir şey deyil". Q.Çaxmaqlı deyir ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən kənarda müzakirə oluna bilməz: “İrəvan-Ankara münasibətləri İrəvan-Bakı münasibətlərinin normallaşması ilə birbaşa əlaqəlidir, məsələ kompleks şəkildə həllini tapa bilər. Görüşmələr müsbət tendensiyaları ortaya gətirə bilər. Xüsusilə hakimiyyət təmsilçilərinin Ermənistanın Türkiyəyə münasibətində korrektələr edilməsi cəhdləri və ya indi Türkiyə ilə düşmənçiliyin aparılması şansının yüksək olmaması ilə bağlı müzakirələrin getməsi bu ehtimalı gücləndirir”.

Ermənistandakı şərhçilər də görüşdən ciddi nəticə gözləmirlər. İrəvandakı ekspertlərin sözlərinə görə, Ermənistan-Türkiyə sərhədində Ruben Rubinyan-Serdar Kılıç görüşü Ermənistana yaxşı heç nə gətirə bilməz. Politoloq Yervand Bozoyan əmindir ki, həmin görüşü ciddi qəbul etmək olmaz. “Türkiyə bəyan edir ki, Ermənistan-Azərbaycan münasibətləri tamamilə nizamlananda, Ermənistan-Azərbaycan münasibətləri isə "oyun anlaşması" ilə şərtlənəndə Ermənistanla münasibətləri bərpa edəcək". Bunu “Hraparak”a politoloq Yervand Bozoyan deyib. Onun iddiasına görə, Türkiyə-Azərbaycan tandemi Ermənistanın ciddi müttəfiqlərinin olmadığını, Nikol Paşinyanın könüllü olaraq potensial müttəfiqlərindən imtina etdiyini, Türkiyə və Azərbaycanın qarşısında tək qaldığını anlayır, tələblərini artırmağa davam edir: “Təbii ki, biz İrəvanı birdən istəyirik deyə bilməzlər, addım-addım istəyərlər. Ermənistanın müttəfiqi yoxdur, Paşinyan şəxsən müttəfiqlərindən əl çəkib, Rusiyanın sələfi ilə münasibətləri korlayıb və artıq geriyə yol tapa bilməyəcəyini, ABŞ-ın isə Rusiyanın əvvəllər oynadığı rolu yerinə yetirə bilməyəcəyini anlayaraq obyektiv şəkildə başa düşür ki, artıq Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında deyil və başqa çarəsi olmadığı üçün vaxt qazanmaqla məşğuldur”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR