İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə “ikinci çörək” kəskin azalır - səbəblər...

489 31.07.2024 10:18 İqtisadiyyat A A

Rəsmi statistika Azərbaycanın kartofla özünü tam təmin edə bilmədiyini göstərir

Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet sahələrindən olan kənd təsərrüfatında artım sürəti minimuma düşüb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 19,7 milyon manat təşkil edib. Bunun 3 milyard 138,7 milyon manatı heyvandarlıq, 2 milyard 881,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu cəmi 0,3 faiz artıb. Bu zaman heyvandarlıq məhsulları istehsalı 2,1 faiz artsa da, bitkiçilik məhsulları istehsalında 1,4 faiz azalma baş verib. Halbuki ötən ilin eyni dövründə kənd təsərrüfatında 3,4 faizlik böyümə qeydə alınmış, bitkiçilikdə bu göstərici 3 faiz olmuşdu. 

Bu ilin birinci yarısında btikiçilik sahəsində azalma qeydə alınan sahələrdən biri kartof əkini və istehsalıdır. Belə ki, rəsmi statistikaya əsasən? 2024-cü ilin yanvar-iyul aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə ölkədə 46 752,1 hektar ərazidə kartof əkilib. Keçən ilin eyni dövründə isə 49 475,5 hektar ərazidə kartof əkilmişdi. Əsas azalma Cəlilabad rayonunda qeydə alınıb. 2023-cü ilin yanvar-aprel aylarında bu rayonda 5500 hektar ərazidə kartof əkilmişdisə, 2024-cü ilin eyni dövründə əkin sahələri 47,3 faiz azalaraq 2900 hektara düşüb.

Cari il iyulun 1-dək Azərbaycanda yığılan kartofun həcmi 358,1 min tona (17,0 faiz az) bərabər olub. Altı ay ərzində ən çox məhsul Şəmkir rayonundan yığılıb - 122,8 min ton. İkinci yerdə 81,7 min tonla Cəlilabad rayonu qərarlaşıb. Sabirabad rayonunda isə təqribən 19,7 min ton kartof yığılıb.  Ən çox kartof yığılan rayonlardan biri də Masallı rayonu olub - 16,1 min ton. Ağstafa rayonunda isə əkin sahələrindən 11,4 min məhsul yığılıb. Ötən ilin eyni dövründə Cəlilabad (161500 ton), Şəmkir (143750 ton) və Tovuz (136055 ton) rayonlarından yığılmışdı. Bu il Tovuz rayonunda 9,1 min ton kartof yığımı qeydə alınıb. Göründüyü kimi, Tovuzda builki kartof istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, Cəlilabadda 2 dəfə, Şəmkirdə 14,6 faiz azalıb.

Azərbaycan xalqının mətbəxində kartofun mühüm payı var: yeməklərimizin çox böyük hissəsi kartofla bişirilir. Təsadüfi deyil ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Buna görə də ölkə üzrə istehlak olunan kartofun 90 faizə yaxını məhz əhalinin şəxsi istehlakıdır. Halbuki dünyada kartofun təzə halda istehlakı ümumi istehsalın heç yarısı qədər deyil. Kartof xüsusilə inkişaf etmiş ölkələrdə əsasən emal sənayesində, heyvandarlıq və quşçuluqda daha çox istehlak edilir.

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Bakupost.az-a deyib ki, son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 45 min hektara düşüb. Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır: “Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq fermerler istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər. Əldə edilən məhsulun bir hissəsini Qafqazda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur. Çünki anbarların sayı az və icarəsi çox yüksəkdir. Kartof daha çox itkiyə getdiyinə görə heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar. Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi işlər görülmür. Müvafiq qurumlar vaxtı-vaxtında fermerləri suvarma sistemi ilə təmin etmir”.

Vahid Məhərrəmovun sözlərinə görə, ixrac edilən kartofun həcmi də azalıb. Yəni Azərbaycan təxminən 60-70 min ton kartof ixrac edir, amma 200 min tondan çox idxal edir: “2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın”.

Rəsmi statistika Azərbaycanın kartofla özünü tam təmin edə bilmədiyini göstərir. 2008-2009-cu illərdə tələbatın 104 faizinə çatan bu göstərici 2022-ci ildə 89 faiz təşkil edib. Maraqlıdır ki, ölkədə istehsal olunan kartofun rəsmi statistikanın qeydə aldığı həcmi mövcud tələbatdan xeyli yüksək olsa da, nədənsə özünütəminat səviyyəsində bu, əksini tapmır. Belə ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 890-900 min ton civarında göstərilir. Daha 6,5-7 min ton qida məhsullarının istehsalına sərf edilir. Mal-qara və quş yemi üçün kartof istehlakı sürətlə artaraq 2022-ci ildə 67,2 min tona çatıb. İllik itkilər 67 min ton ətrafında dəyişir. Yəni faktiki istehlak itkilərlə birlikdə 1 milyon tondan cüzi yuxarıdır. Ölkədə kartof istehsalı isə son illərdə 1 milyon tondan aşağı olmayıb. Belə ki, son illərdə ölkədə kartof əkini sahələrində azalma olsa da, rəsmi statistikada ümumi istehsalın artması müşahidə edilir: 2019-cu ildə 56 921 hektar sahədən 1 milyon 4172 ton,  2021-ci ildə 56 104 hektar sahədən 1 milyon 61 958 ton, 2022-ci ildə 54,7 min hektar sahədən 1 milyon 74,3 min ton kartof yığılıb. 2023-cü ildə son illərdə ilk dəfə olaraq kartof istehsalında azalma qeydə alınıb: 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof istehsal olunub. 

Bu halda, maraqlı mənzərə yaranır: ölkədə daxili istehlakdan ən azı 50 min tona yaxın çox məhsul istehsal olunur, amma bu, daxili tələbatı tam təmin etməyə çatmır. Nəticədə, hər il xaricdən 100-150 min ton civarında kartof idxal edirik. 

Bir məqama diqqət yetirmək lazımdır ki, ölkədə istehsal olunan kartofun 400-500 min tona yaxınını istilikxanalarda səpilən faraş kartof təşkil edir. Əsasən Şəmkir, Cəlilabad, Tovuz rayonunda yetişdirilən belə kartof saxlanma üçün yararlı olmayıb, qısa müddətdə istehlak üçündür. Xaricə ixrac olunan da məhz istilikxanalarda yetişdirilən belə kartofdur. Azərbaycanda ildə 70-80 min ton arası faraş kartof ixracı qeydə alınır. 2022-ci ildə  kartof ixracı 78 301,42 ton(35 milyon 121,66 min dollar), idxalı isə 159 725,97 ton(41 milyon 788,31 min dollar) təşkil edib. 2023-cü ildə ixrac 30 milyon 930,25 min dollar dəyərlə 71 192,26 ton, idxal isə 44 milyon 213,88 min dollar dəyərlə 162 242,61 ton olub.

Kartofu əsasən Belarus(37198 ton), Rusiya(67842,55 ton), Gürcüstan(3983,85 ton), İran(38747,19 ton), Pakistan(9718,19 ton), Türkiyədən(4323,57 ton) idxal etmişik. Bu məhsulun ixracında Rusiya(62642,24 ton), Belarus(2173,83 ton) və Ukrayna(5450,26 ton) əsas yerləri tutub.

Faraş kartof istehsalını ümumi istehsal həcmindən çıxdıqda, yazlıq əkinlərdən kartof istehsalı ilboyu daxili tələbatı təmin etmək üçün yetərli olmur. Üstəlik, ölkəmizdə kartof saxlanması üçün soyuducu anbar ehtiyacları ümumilikdə 300 min tona yaxın qiymətləndirilir. Son illərdə soyuducu anbarların tikintisi dövlət tərəfindən subsidiyalaşdırılsa da, kartof anbarları tikməyə həvəsli sahibkarlar tapılmır. Bunun əsas səbəbi iri istehsalçıların istilikxana kartofuna üstünlük verməsidir. Belə ki, faraş kartof həm əsas ixrac bazarı olan Rusiyada, həm də Azərbaycanın özündə əlverişli məqamda - köhnə məhsulun tükənməyə başladığı aprel-iyun aylarında yetişir. Bu mərhələdə kartofu ixrac etmək, eləcə də daxili bazarda baha qiymətə satmaq mümkündür. Açıq sahələrdə səpilən kartof isə bütün Azərbaycanda təxminən eyni vaxtda - iyun-iyul aylarında yığılır, bazarda bolluq yaranır və qiymət ucuzlaşır. Açıq sahələrdə kartof istehsalında ağırlıq fərdi təsərrüfatlardadır - rayonlarda əhali həyətyanı sahələrində, kiçik ölçülü pay torpaqlarında yetişdirir. Onların əldə etdikləri 5-10 ton məhsulu baha qiymətə anbarlarda saxlamaq imkanı olmadığına görə maksimum noyabra qədər hamısını satmağa çalışırlar. Anbarlarda yalnız iri istehsalçıların məhsul saxlamaq imkanı olur. 

Yuxarıda da qeyd etdik ki, cari ildə də kartofun əkin sahələrində azalma var. Bu azalma 5,5 faizə yaxındır. Rəsmi statistikadan aydın görünür ki, azalma faraş kartofdadır. İstilikxanalarda yetişdirilən kartofun istehsalının azalması əsasən sahələrin azaldılması ilə bağlıdır. Bunun da əsas səbəbi kiçik istilikxanaların sürətlə sıradan çıxmasıdır. İri təsərrüfatlar həm istilikxana yaratmaq, həm məhsul üçün rahatlıqla subsidiya alsalar da, fərdi təsərrüfatların böyük əksəriyyəti bu imkandan məhrumdur: subsidiya mexanizmi faktiki olaraq kiçik və orta təsərrüfatlar üçün əlçatan deyil. Fərdi istilikxanalar daha çox Tovuz, Cəlilabad və Şəmkirdə azalıb. İri istehsalçılar istilikxanalarda daha uzunmüddətli satış imkanı olan məhsullara üstünlük verildiyinə görə kartof istehsalında azalma qeydə alınır. Bu yaz ölkə bazarlarında faraş kartofun çox az olması məhz bununla bağlıdır. 

Hələlik rəsmi statistika açıq sahələrdən kartof yığınına dair məlumatları tam əhatə etmir. Yığım prosesi dağ rayonlarında avqust ayında yekunlaşır. Bu baxımdan, açıq sahələrdən istehsalın dinamikasını müəyyənləşdirmək çətindir. Bir məsələ məlumdur ki, iyun-iyul aylarında kartof istehsalında mühüm payı olan Qərb bölgəsində qeydə alınan yağıntılı hava şəraiti kartofçuluq üçün heç də əlverişli hesab olunmur...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR