İnsanlara hürriyət, millətlərə istiqlal!

Pasportumuzun 69-cu yeri - daha nələr etməli...

649 31.07.2024 10:42 Ölkə A A

Natiq Cəfərli: “Azərbaycan bir çox ölkələrlə könüllü şəkildə vizanı ləğv etsə...”

Azərbaycan pasportu 2024-cü ilin birinci yarısı üçün Henley& Partners pasport indeksində 69-cü yerə yüksəlməklə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Pasport sahiblərinə təqdim olunan vizasız istiqamətlərin hesablanması yolu ilə qlobal mobilliyi qiymətləndirən bu indeks beynəlxalq səyahətlər azadlığı sahəsində Azərbaycanın irəliləyişini önə çəkir.

Henley& Partners indeksi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təqdim etdiyi məlumatlardan istifadə edərək 199 ölkənin pasportlarını qiymətləndirir. Azərbaycan pasportunun irəliləməsi yanvarda 76-cı yerdən əhəmiyyətli bir sıçrayışdır və son altı ayda yeddi pillə yüksəldiyini əks etdirir.

Hazırda Azərbaycan pasportunun sahibləri 71 ölkəyə vizasız səfər edə bilərlər ki, bu da öz vətəndaşları üçün səyahət çevikliyini artırır. Bu inkişaf Cənubi Qafqazda daha geniş regional tendensiyalara uyğundur. Müqayisə üçün qeyd edək ki, Gürcüstan pasportu indeksdə 44-cü yerdədir və 122 istiqamətə vizasız giriş təklif edir.  Ermənistan isə 72-ci yerdədir, onun pasportu  68 ölkəyə vizasız giriş imkanı verir. İndeksə əvvəlki kimi Sinqapur liderlik edir. Onun pasportu 195 ölkəyə vizasız getmək hüququ verir. Əfqanıstan pasportu isə əksinə, reytinqin ən aşağı hissəsindədir, bu pasportun sahibləri yalnız 26 ölkəyə  vizasız gedə bilər.

Reytinqlərdə belə dəyişiklik qlobal mobillik sahəsində dəyişən vəziyyəti ortaya qoyur, müxtəlif ölkələr apardıqları diplomatik və siyasi düzəlişlərə görə öz beynəlxalq imkanlarında dəyişikliklərlə qarşılaşırlar.

Qeyd edək ki, son dövrlər Azərbaycan bir sıra Şərqi Avropa, Asiya və Afrika ölkələri ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Məsələn, mayın 4-də Mərakeş, Qambiya (Afrika), mayın 6-da isə Albaniya (Şərqi Avropa) ilə Azərbaycan arasında viza tələbi aradan qaldırılıb.

Amma Avropa İttifaqına (Aİ) daxil olan ölkələrə səyahət etmək imkanı yaradan Şengen vizası tələbi Azərbaycan üçün hələ də qalmaqdadır. Baxmayaraq ki, Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb. Saziş 2014-cü ildə qüvvəyə minib.

Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan vətəndaşlarına isə Şengen vizası güzəştli şərtlərlə verilir. Bu da həmin ölkələrin Avropa İttifaqı ilə assosiasiya və tərəfdaşlıq sazişi imzalanması ilə izah olunur. Azərbaycan da 2017-ci ildən Aİ ilə tərəfdaşlıq sazişi imzalamaq istiqamətində danışıqlara başlayıb, amma hələ ki nəticə yoxdur.

Bəs daha nələr etməliyik? Bəzi ölkələrlə, xüsusilə Aİ ölkələri ilə vizaların ləğvi niyə yubanır?

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Gürcüstanla müqayisədə Azərbaycanın geridə olmasının ən böyük fərqi ondan ibarətdir ki, qonşu ölkə artıq 2000-ci illərin ortalarından Avropa Birliyi ölkələrinə, eləcə də ABŞ, Kanada və Çinə vizaları ləğv edib: “Həmçinin həmin ölkələr də Gürcüstan vətəndaşlarına girişi sadələşdirib.

Azərbaycanda da son vaxtlar viza məsələsi ilə bağlı xeyli işlər görülüb. Belə ki, bir neçə ölkə ilə gediş-gəlişlə bağlı müqavilələr imzalanıb. Əlbəttə ki, bu, qarşılıqlı olmalıdır. Yəni Azərbaycan başqa ölkələrə viza tələbini ləğv etdikdə, həmin ölkələr də Azərbaycan vətəndaşlarına qarşı viza tələbini ləğv edirlər".

Ekspert qeyd edib ki, viza məsələsi ilə bağlı Azərbaycanda ən böyük problem Avropa ölkələri ilədir: “Çünki yaxın zamanlarda onlarla vizasız gediş-gəliş və ya viza sadələşdirilməsi ilə bağlı müqavilə imzalanması çətin görünür. Halbuki ən azı 2018-ci ildən bəri belə danışıqlar gedir və bu danışıqların intensiv şəkildə getdiyi hər kəsə məlumdur.

İlk olaraq Azərbaycan tərəfi Avropa Birliyi ölkələrinə vizanı ləğv etsə, bu, danışıqların daha da sürətlənməsinə səbəb ola bilər. Beləliklə, Azərbaycan vətəndaşlarına həm Avropa Birliyinə Şengen vizası alması sadələşər, həm də bir müddət sonra Gürcüstan, Moldova kimi vizasız 3 aylıq gediş haqqı tanına bilər. Yəni Azərbaycan bir çox ölkələrlə özü könüllü şəkildə vizanı ləğv etsə, daha yaxşı olar. Bu, həmin ölkələrin Azərbaycan vətəndaşlarına olan viza tələblərini ya ləğv olunmasına, ya da sadələşdirilməsinə yol aça bilər".

Xalidə GƏRAY
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR