İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayrağında “ay-ulduz” olan üç ölkənin hərbi yüksəlişi

426 31.07.2024 11:43 Siyasət A A

Dünyanın ən güclü orduları siyahısında Azərbaycan 59-cu sırada yer alıb, qardaş Türkiyə üç pillə qalxaraq 8-ci pillədə qərarlaşıb, dost Pakistan onun ardınca 9-cu yerdədir; hərbi analitiklər bu dəyərləndirməni şərh ediblər

Ölkələrin hərbi gücləri haqda məlumatları təhlil edən və ABŞ-da yerləşən “Global Firepower” internet saytı 2024-cü il üçün dünyanın ən güclü ordularının siyahısını açıqlayıb. Siyahıda Azərbaycan 59-cu sırada yer alıb. “Yeni Müsavat” qeyd edir ki, Türkiyə bu dəfə də 3 pillə yuxarı qalxaraq 8-cı sırada yer alıb. 145 ölkənin yer aldığı siyahıda Türkiyə 2023-cü ildə 11-ci, 2022-ci ildə isə 13-cü sırada yer almışdı. 

“Global Firepower” saytı yanvarda isə Yaxın Şərqin ən güclü ordularını müəyyənləşdirmişdi. Tədqiqat çərçivəsində ölkələrin texnologiyaları, hərbi hissələrin sayı, maliyyə vəziyyəti, logistika, hərəkətlilik və coğrafi yerləşmə kimi 60-dan çox amil qiymətləndirilir. Buna əsasən, Türkiyə Yaxın Şərqdə 1-ci yerə çıxıb. 2024-cü ildə Türkiyənin müdafiə və təhlükəsizlik sektoru üçün 1.1 trilyon TL (40.4 milyard ABŞ dolları) büdcə ayrılıb.

Hazırda Türkiyə dünyanın otuzdan artıq ölkəsinə silah ixrac edir. Azərbaycan Ordusu da öz arsenalını qardaş ölkədə istehsal olunan silahlarla, hərbi texnika və sursatlarla daha da zənginləşdirib. Ordumuzun silah arsenalında olan “Bayraktar TB2", "Kargu" PUA-ları, “Kobra” zirehli maşınları, “Qasırğa”, “Sakarya” raket sistemləri, həmçinin digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib. Azərbaycana dost olan və hərbi sahədə geniş əməkdaşlıq edən Pakistan da Türkiyənin ardınca 9-cu sırada yer alıb. Bundan əlavə, Pakistan dünyanın nüvə silahına sahib 9 ölkəsindən biridir. Pakistan ordusu rəsmi olaraq, Pakistan Silahlı Qüvvələri (1947) adlandırılır. Silahlı Qüvvələr Baş Qərargah Komandanlığı tərəfindən idarə olunur.

Pakistan Silahlı Qüvvələri rəsmi olaraq iştirak etdiyi 6 müharibədə qalib gəlib, 4-də məğlub olub, 1-də (Birinci Hindistan-Pakistan müharibəsi) atəşkəş əldə olunub, 1-i (İkinci Hindistan-Pakistan müharibəsi) nəticəsiz bitib. Yada salaq ki, iyulun əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev və Pakistanın baş naziri Şahbaz Şərif görüşüblər. Üç dost və qardaş ölkə arasında əməkdaşlıq imkanları təsdiqlənib, transmilli təhdidlərə qarşı, xüsusilə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın vacibliyi və bu məsələdə ortaq qətiyyət vurğulanıb. İndi isə bu ölkələrin ordularının dünya reytinqində mötəbər yerlərdə olması həm qürurlanmağa, həm də müttəfiqliyi daha da gücləndirməyə stimul verir...

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusunun silah-sursat alınması və şəxsi heyət baxımdan daha da güclənməsini müşahidə edirik. “Hazırda yeni kadrların hazırlanması, təlimlərdə iştirak, Qazaxıstanda keçirilən "Birləşdik" şüarı ilə təcrübə toplanması, döyüş hazırlığı göz qabağındadır. Müharibədən sonra bir günlük antiterror əməliyyatı zamanı bir dinc sakinə zərər vurmadan ərazilərin separatçılardan təmizlənməsi də məhz illərlə toplanan bu təcrübənin nəticəsi idi. Təbii ki, dünyanın hərbi mərkəzləri analiz edirlər və bizim dəyərimizi bu şəkildə verirlər". T.Qasımov vurğuladı ki, hazırda hərbi texnikanın alınması ilə yanaşı ondan istifadə edən insan resursu da mühümdür: “Sözsüz ki, müasir texnikadan istifadə qaydalarını bilməliyik. Ona görə bu sahədə xüsusi irəliləyiş var, hərbçilərimiz xarici ölkələrdə, qardaş Türkiyədə, Pakistanda, Çində təlimlər keçib təcrübə toplayırlar. Şübhəsiz ki, ildən-ilə bu müttəfiqlik artırılır, ordumuzun qüdrəti daha da çoxalır. Çünki Qarabağ münaqişəsi keçmişdə qalsa da, Ermənistanla konflikt başa çatmayıb. Üstəlik, düşmən ölkə silahlandırılır. Odur ki, biz hər zaman gücümüzü artırmalıyıq”.

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli

Siyasi ekspert Ramil Məmmədlinin sözlərinə görə, əvvəla, Azərbaycan bu gün dünyanın mühüm müdafiə sənayesi sektoruna malik və inkişaf etməkdə olan istehsal xəttinə sahib olub: “Ən əsası isə 1991-ci ildən başlayaraq, hələ də ölkəmizə məhdudiyyətlər tətbiq edən Qərb dövlətlərinin təsir dairəsinə özünü salmayıb. Həmçinin silahlanmada maraqlı olan ölkələrin orduları üçün cəzbedici müdafiə sənayesi formalaşdıra bilib. Bu doğru siyasət həm də qısa müddət sonra Azərbaycan əsgərinin öz milli silahı ilə təmin olunmasına gətirib çıxardıb. Bu gün Azərbaycan, Türkiyə və Pakistanın hərbi-siyasi əməkdaşlığı iki istiqamətdə həyata keçirilir. Birinci yaxınlaşma hər üç ölkənin regional hərbi təhdidlərə qarşı birgə fəaliyyət göstərməsidir. Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması prosesində siyasi-mənəvi birliyin nümayiş etdirilməsi. Yəni həm Pakistan, həm də Türkiyə Azərbaycana siyasi dəstək nümayiş etdirdilər. Bu da öz növbəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində mənəvi cəhətdən rol oynadı.

Daha bir məsələ isə Avrasiya məkanında hərbi-siyasi kontekstdə yaradıla biləcək yeni formatın üzvü şəklində fəaliyyət göstərməklə bağlıdır. Digər əməkdaşlıq isə hərbi-texniki kontekstdədir. Biz bilirik ki, Türkiyə, Azərbaycan və Pakistan mütəxəssisləri müxtəlif silah və texnikaların birgə modernləşməsi istiqamətində addımlar atırlar, həmçinin satınalmalar reallaşdırılır. Həm Azərbaycandan Türkiyəyə, həm Azərbaycandan Pakistana, həmçinin də qeyd olunan ölkələrdən Azərbaycana müxtəlif təyinatlı hərbi texniki vasitələr ixrac olunur. Məsələn, ən çox tanıdığımız hərbi texniki vasitələrdən biri Türkiyənin Azərbaycana satdığı “Bayrakdar TB2" və "Akıncı" silahlı pilotsuz uçuş aparatlarıdır. Uzun illərdir aparılan danışıqların ilkin nəticəsi olaraq Pakistan da Azərbaycana “JF-17" çoxtəyinatlı döyüş təyyarəsi satıb”.

Ekspertin bildirdiyinə görə, buna qədər Pakistan-Azərbaycan hərbi-texniki əməkdaşlığında müxtəlif çaplı mərmilərin satın alınması, modernləşmə layihələri icra olunub: “Həmçinin hərbi dəniz qüvvələri sahəsində yaxınlaşmalar da var. Pakistanlı mütəxəssislərin Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə də əməkdaşlığı mövcuddur. Ümumilikdə isə hesab edirəm ki, qarşıda Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə arasında hərbi-texniki sahədə daha ciddi layihələrin reallaşacağı gözləniləndir”.

Emil SALAMOĞLU,  
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR