İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üzü qara” Amerikanın utancı: Afrikanın anası “Ağ”larla necə savaşdı

397 31.07.2024 10:58 Dünya A A

Ötən məqalələrimizdən birində haqlı olaraq qeyd etmişdik ki, insanlığa qarşı ən amansız rəftarlar və qərarlar məhz Qərbdə-Avropada meydana gəlib. Onlardan ikisini: cahan müharibələrini və quldarlığı qeyd etmək kifayətdir. 

Məqsədimiz hamının bildiyi bu iki məsələ haqqında uzun-uzadı məlumat vermək deyil. Onsuz da dünya müharibələrinin ağrılı xatirələri yaşlı nəslin yaddaşında özünə əbədi məkan yaradıb.

Avropalıların Amerika torpaqlarına ayaq açması təkcə qitənin yerli əhalisinin “evini yıxmadı”, məzlum Afrika sakinləri də bu bəladan “nəsiblərini aldılar”. Olduqca məğrur və mübariz Amerika yerlilərini heç cür kölələşdirə bilməyən avropalılar onlara qarşı min bir hiylə və bəhanə ilə ağır soyqırımlar törətdi. Başqasının zəhməti ilə yaşamağa öyrəşmiş avropalılar məcbur olaraq Afrikadan su yolu ilə milyonlara yerli əhalini qul kimi daşıdı.

WhatsApp Image 2024-07-31 at 10.53.56.jpeg (24 KB)

Öz tarixi və dədə-baba torpaqlarından zorla qoparılan afrikalılar ağır və məşəqqətli “yeni həyat”larına ya tab gətirə bilməyib tələf olurdular, ya da dözülməz şəraitdə qul olaraq yaşamağa davam edirdilər. Məhz dərilərinin rənginə görə həm fiziki, həm də mənəvi-psixoloji zorakılığa məruz qalırdılar. Kölələr maneəsiz və qanuni formada alınıb-satılır, çox kiçik bəhanələrlə qamçılanır, alçaldılırdı. 1861-1865-ci illərdə baş verən vətəndaş müharibəsindən sonra ABŞ-da rəsmən quldarlıq ləğv olunsa da, qaradərili əhaliyə qarşı ögey münasibət davam edirdi. Onların “ağ”larla eyni nəqliyyata minməsi, eyni partada oturması və s. hələ də qadağan idi. Mövzumuz onların bu keşməkeşli həyatı deyil, azad ruhlu və əzmli bir kölənin mübarizəsi və qələbəsi haqqındadır.

WhatsApp Image 2024-07-31 at 10.53.27.jpeg (41 KB)

Harriet Tabmen 1822-ci ildə Marilandda əmək köləsi statusu ilə doğulub. Digər kölələr kimi o da öz “sahib”ləri tərəfindən dəfələrlə döyülüb və qamçılanıb. Məşəqqətlərə dözmək istəməyən Harriet 1949-cu ildə sərt qanunlardan və cəzalardan qorxmayaraq Filadelfiyaya qaçmağa müvəffəq olub. Lakin ailəsini xilas etmək üçün yenidən Marilanda qayıdıb. Bundan sonra “Yeraltı yollar” adlandırdığı gizli bir təşkilat yaradıb və yavaş-yavaş özü kimi kölələri azad etməyə başlayıb. Bu təşkilat vasitəsilə 13 əməliyyat həyata keçirib və 70 köləni azad edib. Olduqca təhlükəli əməliyyatı həyata keçirmək üçün boş və tərk edilmiş evlərdən, gizli yollardan istifadə edib.

WhatsApp Image 2024-07-31 at 10.53.02.jpeg (52 KB)

Onun bu hərəkətləri başqa kölələrə də cəsarət verib və onların da qəlbində azadlıq eşqini alovlandırıb. 1850-ci ildə hökümət “Qaçaq Qul” aktını imzalamağa məcbur olub. Qanuna görə qaçan kölə yaxalanarsa, dərhal sahibinə geri verilməlidir. Bu qanundan sonra Harriet xilas etdiyi kölələri Kanadaya aparmağa başlayıb. Hətta onların orda iş tapmalarına və azad insan olaraq həyatlarına davam etmələrinə kömək edib.

1858-ci ildə onun yolları Con Braun ilə kəsişib. Braunla Tabmen eyni ideyalar uğrunda savaşırdılar. Bir il sonra Braun Tabmenin köməyi və dəstəyi ilə Virciniya ştatında köləliyin ləğv edilməsi uğrunda üsyana qalxıb. Sonralar bu qorxusuz qadın 700 kölənin azad olunduğu Kombahe Ferri basqınına başçılıq edəcəkdi...

WhatsApp Image 2024-07-31 at 10.53.15.jpeg (105 KB)

Ölkədə baş verən vətəndaş müharibəsi zamanı Harriet Birlik Ordusunda xidmət edirdi. Əvvəlcə orduda aşpaz və tibb bacısı, daha sonra silahlı kəşfiyyatçı və cəsus kimi fəaliyyət göstərir. Həmçinin müharibədə silahlı ekspedisiyaya rəhbərlik edən ilk qadın olur.

Amerikanın cəsarət və azadlıq simvoluna çevrilən bu qadın amansız xəstəliyin pəncəsinə düşənə qədər mübarizələrini davam etdirib. Onun son mübarizə və qələbəsi qadınların seçki hüququ uğrunda idi.

Amansız sətəlcəm xəstəliyinə yoluxana qədər Tabmen fürsət tapıb afroamerikalılar üçün ev ayrılmasına da nail olmuşdu. Ömrünün son çağlarını məhz o evdə keçirməli olub. Çox adamın heç təxəyyülündə olmayan ideyaları yaradan və onların hamsına nail olan, mübarizədən və qələbədən doymayan Harriet Tabmen 1913-cü ildə gözlərini əbədi yumub.

ABŞ-n Maliyyə naziri 2013-cü ildə 20 dollarlıq əskinazların üzərinə prezident Andeu Ceksonun əvəzinə Harriet Tabmenin şəklinin çap olunacağını açıqlamışdı.

Müsahibələrin birində Tabmendən kölələri azad etmək yolunda ən böyük çətinliyin nə olduğu soruşulur. Dərindən ah çəkən qadın “Onları kölə olduqlarina inandırmaq” cavabını verir...

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR