İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yaxtasının ardınca rusiyalı məmur və milyarderlər də Türkiyəyə axışdı

949 17.07.2026 22:35 Dünya A A

Xəbər verildiyi kimi, Bodrum sahillərində Rusiya siyasi və biznes elitasına məxsus təyyarə və yaxtaların eyni vaxtda görünməsi diqqət çəkib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kreml rəhbərinə aid olduğu bildirilən “Victoria” superyaxtasının Bodrum yaxınlığına gəlməsindən sonra Rusiyanın yüksək vəzifəli məmurları və milyarderləri ilə əlaqəli təyyarələr də Türkiyənin cənub-qərbinə uçmağa başlayıb.

Gələn məlumatlara əsasən, Arkadi Rotenberqin biznes təyyarəsi hələ iyulun 6-da Bodruma enib. Elə həmin gün təyyarənin transponderi söndürülüb, bir neçə gün sonra isə hava gəmisi yenidən Rusiyada görünüb.

İyulun əvvəlində isə Bodrum ərazisində Rusiyanın keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçova məxsus təyyarə də qeydə alınıb. Daha əvvəl media həmin təyyarədən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun istirahət səfərləri zamanı istifadə etdiyini yazmışdı.

Bundan əlavə, iyulun 15-də Rusiya dövlət inkişaf korporasiyası VEB-in rəhbəri İqor Şuvalovun təyyarəsi Bodrumdan havaya qalxıb. İyulun birinci yarısında baş nazirin birinci müavini Denis Manturova məxsus “Sukhoi Superjet 100” təyyarəsi regiona iki dəfə uçub. Ayın ortalarında Tatarıstan rəhbəri Rüstəm Minnixanovun təyyarəsi də Bodrumda olub.

VTB Bankın rəhbəri Andrey Kostinin biznes təyyarəsi aprelin sonundan etibarən müntəzəm şəkildə Türkiyəyə uçur. İyulun əvvəlində onun təyyarəsi araşdırmaçıların Kostin və televiziya aparıcısı Nailə Əsgərzadənin istifadə etdiyini bildirdikləri “Serenity & Unity” yaxtası ilə eyni vaxtda Bodrumda olub.

Bundan əvvəl “Vyorstka” nəşri Putinə aid olduğu bildirilən “Victoria” yaxtasının, eləcə də bir sıra rusiyalı milyarder və yüksək vəzifəli məmurlarla əlaqəli gəmilərin eyni vaxtda Bodrum sahillərində olduğunu xəbər vermişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR