Rusiyada ən mühüm işlər üzrə tanınmış müstəntiqin kriminal avtoritetlərə və nüfuzlu şəxslərə uzanan qalmaqallı işi araşdırmağa başladıqdan sonra qəfil vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Roman Nesterov “qanuni oğru” Yaponçikin qohumunun, jurnalist Vladislav Listyevin qətlində şübhəli bilinən şəxsin və Umar Kremlyovun yaxın adamının adının keçdiyi işi araşdırarkən bir gün ərzində işdən çıxarılıb.
Rusiya mediasının “elit dəstənin müstəntiqi” adlandırdığı Nesterovun fotosu əvvəllər İstintaq Komitəsinin saytındakı “İstintaq Komitəsinin fəxr etdiyi şəxslər” rubrikasında dərc olunub. Müxtəlif dövrlərdə Qleb Fetisov və keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə bağlı cinayət işlərini də o aparıb. Dmitri Medvedyev Nesterovu “Şərəf” ordeni, Vladimir Putin isə II dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib.
Nesterovun araşdırdığı cinayət işinin fiqurantlarından biri Yaponçik ləqəbli məşhur “qanuni oğru” Vyaçeslav İvankovun bacısı oğlu Leonid Davıdov olub. Yaponçikin ailə kapitalının idarə olunması ilə məşğul olan Davıdovun əsas aktivlərindən biri Volqa sahilindəki “Dikanka” kottec qəsəbəsi olub. Lakin araşdırmanın gedişində bu əmlak əvəzsiz şəkildə üçüncü şəxslərin adına keçirilib.
Əməliyyatı Davıdovun təhlükəsizlik xidmətinin rəhbəri Andrey Ageykin həyata keçirib. Mənbənin iddiasına görə, Ageykin qardaşı Aleksandrla birlikdə jurnalist Vladislav Listyevin 1995-ci ildə qətlə yetirilməsində iştirak edib və Listyevə atəşi məhz Andrey açıb. Sifarişin hazırda Dövlət Dumasının deputatı olan Sergey Lisovskidən gəldiyi, lakin Boris Yeltsinin qızı Tatyana Dyaçenkonun müdaxiləsindən sonra Lisovskinin həbsinə və araşdırmanın davam etdirilməsinə qadağa qoyulduğu irəli sürülür.
Nesterovun dindirdiyi Davıdov “Dikanka”nın Aleksey Kolousovun göstərdiyi şəxslərə verildiyini etiraf edib. Onun sözlərinə görə, Kolousov açılmış cinayət işini “həll etməyi” və digər aktivlərini qorumağı vəd edərək əvəzində kottec qəsəbəsini tələb edib. Kolousov Rusiya Boks Federasiyasının keçmiş vitse-prezidenti və Umar Kremlyovun ən yaxın adamlarından biri kimi tanınır.
Nesterov bu əlaqələrin izinə düşərək Kolousovu dindirməyə çağırdıqdan dərhal sonra İstintaq Komitəsindəki vəzifəsindən uzaqlaşdırılıb. Bir vaxtlar komitənin “fəxr etdiyi müstəntiq” kimi təqdim olunan Nesterovun özünə qarşı istintaqaqədər yoxlama başlanacağı ilə hədələndiyi də bildirilir.
Musavat.com






