İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin Moskvaya axıdılır, regionlarda isə böhran dərinləşir

449 17.07.2026 22:21 Dünya A A

Rusiyada yanacaq təchizatındakı kəskin bərabərsizlik paytaxtla regionlar arasındakı fərqi daha da artırıb.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, ölkə hakimiyyəti benzin tədarükünü əsasən Moskva və Moskva vilayətinə yönəldir, daha az imkanlı regionlarda isə yanacaq böhranı getdikcə dərinləşir. Bununla bağlı “QdeBENZ” tətbiqinin xüsusi analitik məlumat da yayıb.

İyulun əvvəlində özəl proqramçı tərəfindən istifadəyə verilən tətbiq iki həftə ərzində təxminən yarım milyon dəfə yüklənib. “QdeBENZ” Rusiyadakı 26 min yanacaqdoldurma məntəqəsinin yer aldığı “OpenStreetMap” xəritəsinə əsaslanır.

Tətbiq istifadəçilərin qeydlərini digər xidmətlərin məlumatları ilə müqayisə edərək region və yaşayış məntəqələrində gün ərzində uzun növbə gözləmədən benzin almağın mümkün olduğu məntəqələrin payını hesablayır.

İki həftə ərzində toplanmış məlumatlar benzin tədarükünün Moskva və Moskva vilayətində cəmləşdirildiyini göstərib. Paytaxt regionunda yanacaq təminatı kifayət qədər sürətlə bərpa olunur. Sankt-Peterburqda da vəziyyət yaxşılaşır. Bir çox başqa regionda isə benzinin əlçatanlığı davamlı şəkildə azalır.

Ən ağır vəziyyət Çelyabinskdə qeydə alınıb. Burada benzinin mövcudluğunu göstərən qeydlərin payı 39 faizdən 9 faizə düşüb. Ən kəskin azalma Başqırdıstanda müşahidə olunub: Ufada göstərici 68 faizdən 13 faizə enərək beş dəfədən çox azalıb. Kazanda göstərici 42 faizdən 16 faizə, Krasnodarda 41 faizdən 28 faizə, Novosibirskdə 37 faizdən 28 faizə, Samarada 27 faizdən 22 faizə, Kondratovo ərazisində isə 19 faizdən 15 faizə düşüb.

“Yanacaqdoldurma məntəqəsində cəmi üç dəqiqə oldum. Çəni tam doldurdum, hər yerdə benzin var”, – deyə Moskvada yaşayan Yelena bildirib.

Regionlarda isə insanlar hələ də səhər saat 5-də növbəyə dayanmalı və təxminən üç saat gözləməli olurlar.

“Rəfiqəm dörd saat gözlədikdən sonra növbədə yuxuya gedib. Mən hələlik taksidən istifadə edirəm”, – Rostovda yaşayan Varvara yazıb.

“Heç nə başa düşmürəm. Bu gün çəni 92 markalı benzinlə tam doldurdum. Əgər buna növbə demək olarsa, 10 dəqiqədən çox gözləmədim. Moskva həmişəki kimi ayrıca bir adadır. ‘Ədalət’ naminə paytaxta tam həcmdə, digərlərinə isə günaşırı dörddəbir kanistr? Bəs ‘özümüzünküləri darda qoymuruq’?”,-deyə Moskvada yaşayan sosioloq, Rusiyanı tərk etmiş “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın qardaşı İqor Çubays qeyd edib.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR