Samara vilayətinin məhkəmə sistemində yüksək vəzifəli hakimlərin qanunsuz varlanması ilə bağlı ciddi iddialar irəli sürülüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnov Samara vilayət məhkəməsi sədrinin səlahiyyətlərini icra edən Aleksandr Şilova qarşı antikorrupsiya iddiasının qaldırılması üçün materialların baş prokurorluğa göndərilməsi barədə göstəriş verə bilər.
Mənbələrin iddiasına görə, Şilovun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş, hakimin bəyan etdiyi gəlirlərə uyğun gəlməyən iri aktivlər və əmlaklar aşkarlanıb. Onun məhkəmə sistemindən şəxsi varlanma məqsədilə istifadə etdiyi də bildirilir. Şilovun Samara vilayət məhkəməsinin keçmiş sədri Vadim Kudinovun himayəsində olduğu və Kudinov Kaluqa vilayət məhkəməsinə rəhbər təyin edildikdən sonra Samarada onun qeyri-rəsmi təsirini qoruduğu iddia olunur.
Mənbələr Kudinovun rəhbərliyi dövründə qohumlarının və yaxın çevrəsinin adına milyardlarla rubl dəyərində əmlak rəsmiləşdirildiyini, məhkəmələrdə isə sifarişli qərar və hökmlərin çıxarıldığını bildirirlər. İddiaya görə, belə qərarların qiyməti 5 milyon rubldan başlayaraq 30 milyon rubla qədər çatıb. Bu sxemdə Kudinovun mühüm vəzifələrə yerləşdirdiyi bir sıra hakimlərin, o cümlədən Aleksandr Şilovun iştirak etdiyi irəli sürülür.
Musavat.com






