İranın son hərbi əməliyyatları ABŞ ilə gərginliyi daha da artırıb.
Musavat.com xəbər verir ki, İran qüvvələri İraqın şimalında və İraq Kürdüstanında yerləşən kürd silahlı qruplaşmalarının qərargahlarına intensiv zərbələr endirib.
Yayılan məlumatlara görə, İran İraqla sərhəddə yerləşən keçid məntəqələrindən birini, Ərbil hava limanını, eləcə də bölgədəki kürd silahlı birləşmələrinin qərargahlarını vurub.
İran ordusunun mətbuat xidməti bildirib ki, "Samura" əməliyyatının 13-cü mərhələsi çərçivəsində Hərbi Dəniz Qüvvələri Hind okeanının şimal hissəsində ABŞ-yə məxsus hərbi yerüstü gəmiyə qanadlı raketlərlə zərbə endirib.
Tehranın məlumatına görə, raketlərin buraxılmasından sonra ABŞ hərbi gəmisi zərbə zonasından geri çəkilib.
İranın yüksək vəzifəli rəsmisi Möhsen Rezayi bildirib ki, ABŞ-nin İrana zərbələri daha iki-üç gün davam edərsə, Tehran müdafiə mərhələsindən hücum mərhələsinə keçəcək.
Onun sözlərinə görə, bu halda regionda və regiondan kənarda yerləşən ABŞ hərbi bazaları hədəfə çevriləcək, İran isə daha genişmiqyaslı əməliyyatlara başlayacaq.
İranın ali rəhbərinin müşaviri Yəhya Rəhim Səfəvi isə bildirib ki, əməliyyatların davamı çərçivəsində ABŞ şirkətlərinin kommunikasiya, data və internet mərkəzləri hədəfə alınacaq.
O qeyd edib ki, İranın neft və nüvə infrastrukturuna zərbələr endirilərsə, Tehran regionda Amerika kapitalı ilə fəaliyyət göstərən nüvə obyektlərinə, eləcə də ABŞ şirkətlərinin kosmik mərkəzlərinə zərbələr endirəcək.
Musavat.com






